Fikrət Qoca poeziyasının işığı
Xalq şairinin 75 illik
yubileyi təntənəli şəkildə qeyd olundu
İyulun 17-də Azərbaycan
Dövlət Filarmoniyasında Xalq şairi Fikrət Qocanın
75 illik yubileyi Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı
ilə təntənəli şəkildə qeyd olundu.
Fikrət Qocanın
yaradıcılığındakı dayanacaqların sayı bəlli
olmasa da, ömür qatarı 75-ci dayanacağa gəlib
çatdı. Bu əlamətdar hadisə Dövlət
Filarmoniyasında qeyd olundu. Çünki Fikrət Qocanın
poeziyası musiqili poeziyadır. Yarım əsrdən
çoxdur ki, Fikrət Qocanın şehi qurumamış
şeirləri misra-misra yaddaşımıza hopub ruhumuzu
oxşayır, yarım əsrdən artıqdır ki, bəstəkarlar
onun şeirlərinə gözəl mahnılar bəstələyirlər.
Şairlər arasında qocalıqdan
qorxmayan yeganə şair də elə Fikrət Qocadır. Odur
ki, 75 illik yubileyini yaxınlarının, dostlarının,
oxucularının arasında həmişəcavan Fikrət
Qoca kimi qarşıladı.
Gecəni bəstəkar, Əməkdar
incəsənət xadimi Ruhəngiz Qasımova açaraq Fikrət
Qoca poeziyasının işığına
yığışanları salamladı.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar 60-cı illər nəslinin öz dəst-xətti, üslubu ilə seçilən və sevilən şairlərindən biri Fikrət Qocanın özünəməxsus yaradıcılığından söz açdı. Qələm dostuna yeni yaradıcılıq uğurları və cansağlığı arzulayan yazıçı şairin çox sevdiyi “Babalarım” şeirindən misralar da söylədi:
Babalarım,
qaçaq olub-
mərd olub,
bəy olub -
mərd olub,
qoçaq olub -
mərd olub...
Bəs bu namərdlər
hardandı?
Bax, bu mənə
dərd olub...
Az qala uşaqdan böyüyə hər kəsin bildiyi bu misralar narahat
şair, əsl vətəndaş, böyük
insan Fikrət Qocanın səssiz harayıdır.
Gecədə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli Mədəniyyət
və turizm naziri cənab Əbülfəs Qarayevin Fikrət Qocanın 75 illik yubileyinə ünvanlanan təbrik məktubunu oxudu.
Şairin şairə ən
qiymətli hədiyyəsi
isə şeir olduğundan, şair Vaqif Bəhmənli Fikrət Qocaya həsr etdiyi şeiri yubilyara çatdırdı.
Gecə boyu bədii qiraət ustaları - Xalq artisti Laləzar Mustafayeva, Əməkdar
artist Ağalar Bayramov,
Fidan Axundova, Elnar Qarayev Fikrət
Qoca yaradıcılığından
gözəl nümunələri
tamaşaçılara təqdim
etdilər.
Ağalar Bayramovun ifasında
şairin “Cənnətdən
qovulanlar” poemasından
parçalar zalı ayağa qaldırdı.
Bu, şair Fikrət
Qoca poeziyasının
təntənəsi idi.
Gecədə şair Əjdər Ol Fikrət Qocanın şair, dost, insan kimi özünəməxsusluğundan
söz açdı.
Bəstəkar Ruhəngiz Qasımova
Fikrət Qocanın sözlərinə bəstələdiyi
yeni mahnısını
ilk dəfə səsləndirdi.
“Dan ulduzu” instrumental ansamblının
müşayiəti ilə
Fikrət Qocanın sözlərinə yazılmış
mahnıları ifa edən xalq artistləri İlhamə Quliyeva, Nazpəri Dostəliyeva, Azər Zeynalov, Əməkdar
artist Gülüstan Əliyevanın
çıxışları gecəyə xüsusi rəng qatdı.
Sonda son söz yubilyara
verildi. “Mən şeirimizin səssiz səsiyəm” - deyən Fikrət Qoca gecənin təşkilatçılarına - Mədəniyyət və
Turizm Nazirliyinə və Yazıçılar
Birliyinə təşəkkürünü
bildirdi.
Bir
yay gecəsində ömür dayanacağında
bir görüş də beləcə xatirəyə çevrildi.
Növbəti dayanacaqlarda
görüşmək istəyi
ilə...
Təranə
Məmmədova
Mədəniyyət.- 2010.-
21 iyul.- S. 4.