“Azərbaycan mətbuatı tarixi” kitabının II hissəsi çapdan çıxıb

 

   “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının “Azərbaycan mətbuatı tarixi” kitabının II hissəsi işıq üzü görüb. Jurnalistika tariximizin 1920-1990-cı illərini əhatə edən kitabın təqdimatı iyulun 20-də Atatürk Mərkəzində keçirilib.

  

   Mərasimdə milli mətbuatımızın yaranmasının 135 illiyi ərəfəsində çapdan çıxan kitab haqqında geniş məlumat verilib. Qeyd edilib ki, müəllif kitabda Azərbaycan mətbuatının 1920-1990-cı illərini əhatə edən mənzərəsini dolğun şəkildə qələmə alıb.

   Kitabda 1980-ci illərin sonlarında çağdaş jurnalistikaya keçid mərhələsi, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə milli mətbuat irsimiz tədqiq edilib. Həmçinin «Kommunist», «Gənc işçi», «Kəndli qəzetəsi», «Sovet kəndi», «Azərbaycan müəllimi», «İdman», «Azərbaycan gəncliyi» qəzetləri ilə yanaşı, «Azərbaycan», «Ulduz», «Qobustan» jurnallarının nəşr tarixi sistemli şəkildə əksini tapıb. «Repressiya illərinin jurnalistikası», «Böyük Vətən müharibəsi dövründə mətbuat», Stalinin ölümündən sonra şəxsiyyətə pərəstişin aradan qaldırılması və qadağan olunan mövzuların mətbuatda işlənilməsi, 70-ci illərdən başlayaraq milli şüurun oyanması prosesləri də ardıcıl şəkildə müəllifin elmi-təhlil süzgəcindən keçirilib. 1988-ci ildən başlayaraq gizli nəşr olunan qeyri-leqal nəşrlər ,1990-cı illərdən sonra formalaşan mətbuat nümunələri də kitabda geniş əksini tapıb.

   Tədbirdə o da bildirilib ki, indiyədək ölkə mətbuatının 1920-1990-cı illər tarixi belə kompleks şəkildə araşdırılmayıb. Bu baxımdan Akif Aşırlının təşəbbüsü yüksək qiymətləndirildi. Kitabın ali məktəblərin jurnalistika fakültəsinin tələbələri, tarixi mətbu irsimizlə maraqlananlar və elmi ictimaiyyət üçün olduqca dəyərli vəsait olduğu qeyd edildi. Xatırladaq ki, sözügedən kitabın 1875-1920-ci illəri əhatə edən birinci hissəsi ötən il işıq üzü görüb.

 

 

   Mədəniyyət.- 2010.- 21 iyul.- S. 4.