«Sənət mənim həyatımdır»

 

   Ömər Eldarov: «Abstrakt mövzulu əsərlərə münasibətim normaldır, amma bu mənim üslubum deyil»

  

   Görkəmli heykəltəraş, incəsənət xadimi, pedaqoq Ömər Eldarovun adını dünyanın ən tanınımış sənətkarları ilə bir sırada çəkmək olar. Heykəltəraşın yaratdığı sənət əsərləri Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrin şəhərlərini bəzəyir, dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Ömər müəllimin böyük dövlət xadimi Heydər Əliyevin xatirəsinə ucaltdığı möhtəşəm abidə, Füzuli, Natəvan, Hüseyn Cavid, Üzeyir Hacıbəyov, Səttar Bəhlulzadə, Vaqif Mustafazadə, Niyazi kimi ədəbiyyat və incəsənətimizin görkəmli simalarının xatirəsinə yaratdığı heykəl böyük sənət nümunələridir. Ömrünün ahıl çağında, 83 yaşında da sənətkar məhsuldar yaradıcılıqla məşğuldur. Elə onunla söhbətimiz də heykəltəraşın emalatxanasında baş tutdu.

  

    - Altı yaşımdan bu sənətlə məşğulam. Yadımdadır ki, o zaman Bakıda bir uşaq studiyası var idi və mən orada sənətin ilk sirlərinə yiyələnirdim. Məni bu sənətə həvəsləndirən, stimul verən atam olub. İxtisasca aqronom olsa da, o, incəsənəti, memarlığı çox sevirdi və istəyirdi ki, mən məhz bu sahə ilə məşğul olum. Rəsm çəkəndə məni tərifləyər, daha da həvəsləndirərdi.

   - Deməli, ömrünüzün nə az, nə çox - 77 ili heykəltəraşlıqla bağlıdır. Bu sənət, bu emalatxana sizin üçün nə deməkdir?

   - Hər gün mütləq bu emalatxanaya gəlirəm. Sənət mənim həyatım deməkdir. Mən onunla nəfəs alıram. Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra peşə biliyimi artırmaq məqsədilə 1945-ci ildə Leninqrada (Sankt-Peterburq - red.) getdim. İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsilimi davam etdirdim. 1951-ci ilə qədər bu şəhərdə yaşayıb-yaratmışam. Sonra Bakıya qayıtmışam və yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşam.

   - İlk əsərinizi necə, xatırlayırsınızmı?

   - «Balaca uşaq göyərçinlə» adlı bir heykəl düzəltmişdim. Amma saxlamadım onu. Bəlkə də şəkili qalıb, tapmaq olar.

   - Olubmu ki, sizi hansısa xarici ölkəyə dəvət etsinlər?

   - Xaricə dəfələrlə dəvət etsələr də, getməmişəm. Amma dünyanın bir çox ölkələrində heykəllərim var. 1946-cı ildən etibarən mütəmadi olaraq respublika, regional və beynəlxalq səviyyəli müxtəlif bədii sərgi və müsabiqələrdə iştirak etmişəm. Bir sıra xarici ölkələrin şəhərlərində - Ankara, İstanbul, Düşənbə, Sevastopol, Vyana və s. yerlərdə heykəllərim var.

   - Sizcə, bu gün gənclərimizdə heykəltəraşlığa maraq necədir?

   - Azərbaycan xalqı incəsənəti sevir, özü də dərindən. Ölkəmizdə gözəl rəssamlar, heykəltəraşlar var. Sovet dövründə heykəllərin düzəldilməsi planlı şəkildə baş verirdi. İndi monumental heykəllər planda olmur. Məsələn, əvvəlcədən planlaşdırılırdı ki, Natəvanın, Füzulinin heykəli düzəldilməlidir. Sovet dövrundə SSRİ Elmlər Akademiyasının Bakıda aspiranturası var idi. Mən 40 il həmin aspiranturada gənc sənətkarlara master-klass (ustad dərsləri - red.) keçmişəm. İndi Rəssamlıq Akademiyasında dərs deyirəm. Bu gün Azərbaycanda ən tanınmış rəssamlar mənim tələbələrimdir. Onlar vaxtilə bu aspiranturda təhsil alıblar.

   - Ömər müəllim, bildiyimiz kimi, SSRİ dağılandan sonra, müstəqillik əldə etmiş bütün müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da sovet dövrünə, sovet ideologiyasına aid bir çox heykəllər götürüldü. Necə düşünürsünüz, digər ölkələrin şəhərləri ilə müqayisədə Bakıda heykəllərin sayını yetərli hesab etmək mümkündürmü?

   - Əgər Paris Roma ilə müqayisə etsək, Bakıda heykəllərin sayı azdır. Amma Peterburq istisna olmaqla, Rusiya şəhərləri ilə müqayisədə çoxdur. Məsələn, Kirov, Caparidze, Əzizbəyovun heykəlləri artıq yoxdur. Amma düşünürəm ki, onları tarix kimi saxlamaq olardı. Məsələn, Romada heç bir dövrün heykəllərinə toxunulmayıb. Elə heykəltəraş var ki, onun sovet dövründən bir əsəri qalıb. Mənim sovet dövrünə məxsus N.Nərimanov heykəlim qalır.

   - Siz həm kiçikhəcmli əsərlərin müəllifi kimi tanınırsınız. Bu qəbildən olan əsərləriniz arasında R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilən «İlin dörd fəsli» rəsminiz çox maraqlıdır. Burada fəsillər qadın obrazları ilə ifadə olunur. Niyə məhz qadınlar?

   - Əvvəlcə deyim ki, haqqında danışdığınız kiçikhəcmli əsərlərimin sırasına «Qızım Lalənin portreti», «Oğlum Müslümün portreti», «Analıq», «Bacılar» əsərləri, şair Xosrovun yazıçı Robindranat Taqorun heykəl-portretləri daxildir. Bu əsərlərim müxtəlif vaxtlarda nüfuzlu respublika beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilib. «İlin dörd fəsli»nə gəlincə, bu həm ömürdə dörd rəngi ifadə edir. Qadın fiqurlarının estetik, plastik olması dörd fəsli: bahar, yay, payız qışı ifadə etməyə daha çox imkan verir. Qadınların dörd yaş mərhələsi, həm dörd fəsildir. Bu fəsilləri kişilərlə ifadə etmək olardı. Amma qadınlarla daha zəngin olur. Məsələn, orada qadının biri adi, o biri çadrada s. geyimlərdədir. Amma düşündüklərimi kişilərlə belə zəngin dolğun ifadə edə bilməzdim.

   - Ömər müəllim, bəs müasir dövrdə istər rəssamlıq, istərsə heykəltəraşlıq sahəsində geniş yayılmış abstrakt mövzulu əsərlərə münasibətiniz necədir?

   - Abstrakt mövzulu əsərlərə münasibətim normaldır. Amma mənim üslubum deyil. Doğrudur, əsərlərimdə bir az avanqardlıq olub. Amma tam mücərrəd işləmirəm. Etiraf edim ki, bu üslubda sənət əsərlərinə baxa bilirəm, amma yaratmıram. Qoy olsun. Vaxtilə mənim tələbələrim olmuş heykəltəraşlar da klassik üslubda işləyirlər.

   - Azərbaycanda gözəl sənət əsərlərinin müəllifi kimi tanınırsınız. Məşhur şəxsiyyətlərin heykəllərini yaratmısınız yəqin ki, bu, sizin üçün böyük bir məsuliyyətdir. Bu heykəlləri yaradarkən hansı hissləri keçirmisiniz?

   - Ümumiyyətlə, bütün əsərlərim üzərində işləyərkən onların məsuliyyətini hiss etmişəm. Görkəmli akademik Zərifə Əliyevanın heykəlini hazırlayarkən məsuliyyət, həm bir kədər hissi keçirirdim. Çünki mən Heydər Əliyevi yaxından tanıyırdım. Zərifə xanımı isə az görmüşdüm. Heydər Əliyev məni yanına dəvət etdi bildirdi ki, xanımının heykəlini hazırlayım. Onda ümummilli liderimiz çox qəmgin fikirli idi. Sevimli rəhbərimizin bu halı məni çox kövrəltdi, qarşıdakı işimə daha böyük həvəs inamla yanaşmağa sövq etdi...

   - Yaradıcılıqla yanaşı, həm respublikanın ictimai-mədəni həyatında fəal iştirak etmisiniz. Bu, sizin yaradıcılığınıza mane olmayıb ki?

   - Xeyr, mane olmayıb. Mən 1958-1968-ci illərdə Respublika Rəssamlar İttifaqının katibliyində təmsil olunmuşam. 1968-1971-ci illərdə isə həmin qurumun idarə heyətinin sədr müavini işlmişəm. SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı Yaradıcılıq Emalatxanasına rəhbərlik etmişəm, neçə-necə peşəkar rəssam yetişdirmişəm. Onlar bu gün Bakının ən tanınmış rəssamlarıdır. Bundan əlavə, 1969-1973-cü illərdə Bakı Sovetinin deputatı seçildikdən sonra orada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri olmuşam. Respublikamız müstəqillik əldə etdikdən sonra, 1995-ci ildə Milli Məclisin deputatı seçildim. Bu günə qədər mədəniyyət üzrə bir çox hökumət nümayəndə heyətlərinin dövlət komissiyalarının iştirakçısı üzvü olmuşam. Müstəqil Azərbaycanın yüksək dövlət mükafatı olan «İstiqlal» ordeni ilə təltif olunmuşam. Sevinirəm ki, mənim istər yaradıcılığım, istərsə ictimai fəaliyyətim ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

  

 

     Mehparə Sultanova

 

     Mədəniyyət.- 2010.- 21 iyul.- S. 5.