Həyat etüdləri
Hüseyn Əhmədov:
“Bir gün teatra gəlməyəndə elə bilirəm qiymətli
nə isə itirmişəm”
Sənət etüdü
Bu hadisə 63 il bundan əvvəl, 1947-ci ilin yayında baş verib...
...Qarmağını hazırlayıb çaya atdı. Çox gözləyəsi olmadı. Qarmağına balıq düşdü.
Sonra nə etmək lazımdır? Hə, balığı
səbirlə təmizləməyə
başladı, qarnını
yaranda qızıl üzüyü görüb
gözlərinə inanmadı.
Balığın qarnından
tapdığı üzüyü
böyük sevinclə
barmağına taxdı,
qarmağını yığışdırıb
getdi...
Bir
anda imtahan otağını alqış
səsləri bürüdü.
Onu alqışlayanlar
qabiliyyət imtahanının
komissiya üzvləri
professor Aleksandr Tuqanov,
Adil İsgəndərov,
Rza Təhmasib kimi böyük sənətkarlar idi...
Üstündən 18 il ötdü. 1965-ci ilin mayında
bir vaxtlar qarmaqla balıq tutan o gənc oğlanın təşəbbüsü,
əməyi, zəhməti
ilə Azərbaycan Dövlət Kukla Teatrının təntənəli
açılışı oldu.
İndi 2010-cu ilin yayıdır...
Ömrünün 60 ildən çoxunu Azərbaycan mədəniyyətinə, incəsənətinə həsr edən, biliyi, bacarığı, ən əsası, insani keyfiyyətləri ilə böyük hörmət, nüfuz qazanan, müxtəlif illərdə müxtəlif vəzifələrdə çalışan, hazırda A.Şaiq adına Dövlət Kukla Teatrında ədəbi hissə müdiri işləyən 82 yaşlı Hüseyn Əhmədov ömrünün ən maraqlı anlarını bu gün könül xoşluğu ilə xatırlayır...
İncəsənət naminə
- 1947-ci ildə İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti - red.) rejissorluq fakültəsinə daxil oldum, təhsilimi uğurla başa vurdum. 1952-ci ildə məni Bakı şəhər İncəsənət Komitəsinə inspektor göndərdilər. 1953-cü ildə respublikada ərazi-inzibati bölgüdə dəyişikliklər oldu, Bakı Vilayəti yaradıldı. Vilayət İcraiyyə Komitəsində şöbələr təşkil olunurdu, mənim də İncəsənət şöbəsinə müdir təyin edilməyim barədə təqdimat verildi. Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırovun qəbuluna getdik. Bütün şöbə müdirləri təsdiq olunsa da, Mircəfər Bağırov mənim sənədlərimi təsdiq etmədi.
- Niyə?
- Anketimə baxdı, o zaman mənim atam (akademik Həsən Əhmədov - red.) vəzifəli şəxs idi və onlar bir-birlərini tanıyırdılar. Anketi çevirdi, gördü, orda yazılıb ki, subayam. Kadrlar üzrə ikinci katib Qəzənfər Məmmədova tərs-tərs baxıb dedi ki, siz bu cavan oğlanı incəsənət şöbəsinə müdir qoymaq istəyirsiniz?
Onda Hüseyn Əhmədovun 25 yaşı vardı...
- Mərkəzi Komitədən kor-peşman qayıdıb gəldim. İş yerində Ağamirzə Əhmədov vardı, atama dedi ki, ay Həsən, oğlunu Mircəfər Bağırov təsdiq eləmədi. Nədir-nədir, bəs subaydır. Hələ bir ay vaxtımız var... Deyiklim vardı, tezliklə “zaks”a sənəd verdim, nişanlandım, kağızı aparıb kadrlar şöbəsinə verdim.
Ancaq, necə deyərlər, hər anın bir hökmü var. 2-3 həftədən sonra respublikanın ərazi-inzibati bölgüsündə yenə dəyişikliklər oldu, vilayət komitələri ləğv edildi. Respublika Mədəniyyət Nazirliyi yaradıldı.
- Cəfər Cəfərovu nazir təyin etdilər. Məni tanıyırdı, çağırdı nazirliyə, İncəsənət şöbəsinə inspektor təyin etdi. İki ay keçməmiş Moskvadan sifariş gəldi ki, bəs Leninqradda Mədəniyyət Nazirliyinin xətti ilə məsul incəsənət işçiləri hazırlayan kurs açılır, öz nümayəndənizi göndərin. Namizədlər çox olsa da, axırda mənim üzərimdə dayandılar.
6 ay Leninqradda kurs keçdim. Orada bütün teatrlarda təcrübə keçirdik. Mən Kukla Teatrını seçdim. Çünki o zamanlar bizdə Kukla Teatrı briqada kimi fəaliyyət göstərirdi. Leninqraddan qayıdanda özümlə oradakı Kukla Teatrının materiallarını gətirmişdim. Nazirin qəbulunda oldum, Kukla Teatrının yaradılması barədə ideyam xoşuna gəldi. Qısa müddətdə kollegiya iclası çağırıb Mərkəzi Komitəyə, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə yazılı müraciət etdilər ki, Bakıda Azərbaycan Dövlət Kukla Teatrı təşkil olunsun. Bu ərəfədə də məni nazirlikdə incəsənət şöbəsinin rəis müavini vəzifəsinə təyin etdilər. Çox çalışırdım ki, teatr tez açılsın. Teatr isə nə az, nə çox, düz 10 ildən sonra açıldı.
1964-cü ilin aprel ayında teatrın təşkili ilə bağlı Nazirlər Sovetinin qərarı çıxır. Hüseyn Əhmədov teatrın direktoru təyin olunur. Ancaq teatra hansı binanın verilməsi mübahisələrə səbəb olur.
- O zaman indiki Kukla Teatrının binasında Dövlət Kənd Təsərrüfatı Muzeyi yerləşirdi. Az sonra Gəncədə Elmi-Tədqiqat Kənd Təsərrüfatı İnstitutu (indiki Kənd Təsərrüfatı Akademiyası - red.) açıldı, bu muzey də Gəncəyə köçürüldü, binanı isə teatra verdilər.
Söhbətimizin bu məqamında Hüseyn müəllimin köməyi ilə kiçik addımlarla böyük tarix yaradan Dövlət Kukla Teatrının keçdiyi yola nəzər salırıq.
Kukla Teatrının tarixinə
qısa bir nəzər
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının zəngin tarixi var. Bu teatrın ilk yaradıcı isə aktyor Mollaağa Bəbirli olub. Bir müddət truppa halında fəaliyyət göstərən
kollektivə Cəfər
Cabbarlının və
başqa ziyalıların
yaxından köməyi
ilə 1931-ci il 16 iyun tarixdə respublika Maarif Komissarlığının
əmri ilə Türk (Azərbaycan) Kukla Teatrı adı verilib. Teatr ilk dəfə 1932-ci ildə öz səhnəsində
Y.Caplıqinin “Sirk” məzhəkə tamaşasını
nümayiş etdirib.
Teatrın öz binası
olmadığından Mollağa
Bəbirlinin evində,
sonralar məktəbin,
Dövlət Filarmoniyasının,
Gənc Tamaşaçılar
Teatrının binasında
fəaliyyət göstərir.
1948-ci ildə Moskvanın qərarı ilə ölkədəki teatrlar dövlət büdcəsindən çıxarılıb
bağlanır. Kukla teatrı
da bu taleyi
yaşayır. Belə çətin
məqamda teatrın aktyoru və rejissoru Nadir Zamanovun fədakarlığı sayəsində
teatr 1965-ci ilə kimi fəaliyyət göstərir.
Dövlət Kukla Teatrının ilk tamaşası
- “Göyçək Fatma”
- Azərbaycan Dövlət
Kukla Teatrının
1965-ci il may ayında hazırda yerləşdiyi binada təntənəli açılışı
oldu. İlk dəfə teatrın
səhnəsində “Göyçək
Fatma” tamaşasını
göstərdik. Tamaşanın rejissoru Musiqili Komediya Teatrının rejissoru Niyaz Şərifov, bəstəkarı
Oqtay Zülfüqarov,
rəssamı Faiq Əhmədov idi. Baş rollarda Münəvvər Zamanova, Nadir Zamanov, Şəfiqə Axundova oynayırdılar.
Rus bölməsinin
tamaşası olmadığından
Moskvaya gedib Sergey Obraztsovun teatrında Y.Trovskayanın əsəri
əsasında oynanılan
“Durna balığının
əmri ilə” tamaşasını gətirib
rus bölməsinin iştirakı ilə nümayiş etdirdik.
İlyarım sonra ilk dəfə
Naxçıvana qastrol
səfərinə gedən
teatr “Göyçək
Fatma” və “Çırtdan” tamaşalarını
nümayiş etdirir.
Kukla teatrının tamaşaları
naxçıvanlıların xoşuna gəlir. Hüseyn Əhmədovun yaxından
köməyi ilə Naxçıvan Dövlət
Kukla Teatrı açılır.
5 il müddətində teatrı
yüksək səviyyədə
təşkil edən Hüseyn Əhmədov bu müddətdə istedadlı gəncləri
teatra cəlb etmək üçün böyük müsabiqə
təşkil edir. Həm Azərbaycan, həm rus bölməsinə
aktyorlar seçmək
üçün komissiya
yaradılır. Şəmsi Bədəlbəyli,
Adil İsgəndərov
kimi sənətkarlar istedadların seçilməsində
yaxından iştirak edirlər.
Pillələr
1970-ci ildə Rauf
Hacıyev nazir təyin olunandan sonra Hüseyn Əhmədovu yenidən nazirliyə çağırırlar...
- Biz Rauf Hacıyevlə
dost idik. Dedi ki, sənsiz işləyə bilmərəm.
Mən yenidən İncəsənət
şöbəsinin rəis
müavini vəzifəsinə
təyin olundum və 1990-cı ilə kimi orda işlədim.
1990-cı ildə təqaüd vaxtım çatdı. Dedilər, hara
istəyirsən səni
ora göndərək.
Dedim, madam ki, elədir, məni Kukla Teatrına göndərin.
Yollar onu yenidən
çox sevdiyi və ürəkdən bağlandığı Kukla
Teatrına gətirir.
Hazırda doğma teatrında
Hüseyn müəllim
kollektivin sevimlisi və ağsaqqalıdır.
Bəs, görəsən, Kukla Teatrının hansı tamaşasına yenidən baxmaq istəyərdi?
- Kukla Teatrının
səhnəsində “Cırtdan”ın
üç quruluşuna
baxmışam: Mirhüseyn
Seyidzadə, Nadir Zamanov
və Mirzəağa Atəşin “Cırtdan”ına. Mövzu eyni olsa da, müxtəlif səpkilərdə bu tamaşaya baxmaqdan xoşum gəlirdi. O
vaxtlar “Üç qardaş başqa-başqa
ailədə” adlı
bir yazı da yazmışdım.
Hüseyn müəllim rejissor
olsa da, ömrü boyu inzibati işlərdə işlədiyindən cəmi
iki tamaşa hazırlayıb.
- Akademik Dram Teatrında
diplom işi kimi “Zərif tellər” tamaşasını
hazırlamışdım. Səttar Axundovun əsəri idi. Diplom işimin rəhbəri
qocaman rejissor Səfər Turabov idi. Quba teatrında isə
ikipərdəli “Qız
Qalası” tamaşasını
hazırlamışdım.
Bir anlıq fikrə gedir, sonra sözlərinə davam edir:
- Xidmətlərim çox
olub. Həyatda nə əldə
etmişəmsə, zəhmətim,
əməyim sayəsində
əldə etmişəm.
Baxmayaraq
ki, atam Həsən Əhmədov
akademik idi. Elmi-Tədqiqat Geofizika İnstitutunun
banisi sayılır, amma o çox sadə, öz əməyi ilə yaşayan bir insan idi. Yadımdadır, hər ayın başında anam deyərdi: Həsən, pul qurtarır. Biz belə
yaşamışıq.
Hüseyn Əhmədov ömrünü
mənalı sayır,
çünki bu ömrün naxışlarını
özü vurub.
Ailə sarıdan da xoşbəxt insandır.
Qayğıkeş ömür-gün yoldaşı, öyünə
biləcəyi övladları
və hər bir babanın fəxr edə biləcəyi nəvələri
var.
Buna baxmayaraq: “Bir
gün teatra gəlməyəndə elə
bilirəm qiymətli nə isə itirmişəm. İstirahət günü özümə
yer tapa bilmirəm” - deyir.
Uzun illər əməyi,
zəhməti nəticəsiz
qalmayıb. Əməkdar
mədəniyyət işçisi
adına layiq görülüb, Prezident təqaüdçüsüdür.
Dövlətin qayğısından olduqca razıdır.
Həyat etüdü
Hüseyn Əhmədov ömrünün
82-ci çağında da
həyatsevər, mehriban,
səmimi, qayğıkeşdir.
İlk sənət etüdündən
alqış qazandığı
kimi, onun həyat etüdləri də alqışlara layiqdir.
Bir
sualı isə müsahibimə verməyi
unutdum. Görəsən, balığın qarnından tapdığı
üzük hələ
də barmağındadır?
Təranə Məmmədova
Mədəniyyət.-
2010.- 21 iyul.- S. 7.