Türkiyənin turizm gəliri: 26 milyard dollar
Bu məbləğdə
qardaş ölkəyə səfər edən
çoxsaylı azərbaycanlı turistlərin də payı
var
Dünyada turizm sahəsindən
yüksək gəlir götürən 10 ölkədən
biri Türkiyədir. Bu ölkənin illik büdcəsinin 4
faizi turizm sahəsindən əldə etdiyi gəlir
hesabına formalaşır, 2009-cu ildə turizmdən əldə
olunan gəlir 26 milyard dollar təşkil edib. Türkiyədə
dövlət və özəl sektor bu sahədə
müştərək işləyir. Ölkənin Mədəniyyət
və Turizm Nazirliyi turizm sektorunun 2023-cü ilədək olan dövr
üçün inkişaf konsepsiyasını qəbul edib.
Konsepsiyanın əsas məqsədi ölkənin turizm
kurortlarının rentabelliyini artırmaq, onları dünyada
daha geniş miqyasda tanıtmaq və turizm biznesinin daha yüksək
inkişafına nail olmaqdır. Bu məqsədlə hədəf
olaraq 2023-cü ilin seçilməsi isə təsadüfi
deyil - həmin il Türkiyə Cümhuriyyətinin 100 illiyi
qeyd olunacaq.
Türkiyədə
bütün növlər üzrə kurortlar var
Türkiyə turizm biznesi Avropa,
Amerika və digər ölkələrdən olan varlı
müştərilərinə lüks şəraitli,
bahalı istirahəti tam təmin edir. Eyni zamanda, son illərdə
burada Rusiya, Ukrayna və digər MDB ölkələrindən
olan orta təbəqə müştərilərinə
hesablanmış nisbətən ucuz və güzəştli
turizm obyektləri geniş yayılıb.
Ümumiyyətlə, Türkiyədə
bütün növlər üzrə kurortlar, istirahət mərkəzləri
var. Dəniz sahilinə yaxın ərazilərdə sənaye
müəssisələrinə rast gəlinmir. Ölkənin ən
populyar kurortları Aralıq dənizi sahillərindədir.
Antalya burada əsas yeri tutur. Burada 2, 3, 4 və 5 ulduzlu olmaqla
120-dək hotel fəaliyyət göstərir. Antalya daha
çox yaxta gəzintiləri, Sidə, Likiya və digər qədim
şəhərlərə, Düdən, Kurşunlu şəlalələrinə
təşkil edilən ekskursiyaları ilə məşhurdur.
Təkcə bu ilin 6 ayında Antalyaya 3,8 milyon turist gəlib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə
17% çoxdur. İlin sonunadək Antalyaya gələn turistlərin
10 milyon nəfərə çatacağı
proqnozlaşdırılır.
Bölgədəki digər məşhur
turizm mərkəzi olan Kəmər dağlarla dəniz
arasında yerləşir. Dağlar küləkdən qoruyur,
dəniz isə iqlimi yumşaldır. Kəmərdə 350-dək
hotel fəaliyyət göstərir.
Bələk isə evkalipt,
küknar və şam meşələri, zəngin flora və
faunası ilə turistləri özünə cəlb edir. Bura
ölkənin qolf mərkəzi və Aralıq dənizi sahillərində
ən bahalı kurortudur. Burada 100-dən yuxarı hotel var.
Bodrum Türkiyənin
gecə həyatının simvoludur
Türkiyənin Egey dənizi
sahilində ən çox turist cəlb edən kurortu isə
Bodrumdur. Serfinq, dayvinq və digər su idman növləri ilə
məşğul olanlar üçün Bodrum ən əlverişli
istirahət yeridir. Burada 200-dən çox hotel tərəfindən
salınan çimərliklər süni beton platformaların
üzərinə tökülmüş qumluqlardan ibarətdir.
Əsasən təmiz və yaşıl təbiəti ilə
tanınan Quşadasında isə süni qumluqların
yaradılmasına ehtiyac yoxdur - ərazi narın qumluqları
ilə diqqəti cəlb edir. Burada 80-dək hotel müştərilərə
xidmət göstərir.
Pamukkala isə müalicəvi əhəmiyyətli
kurortlardandır.
Türkiyəni turizm
baxımından əlverişli edən ilk növbədə
onun iqlimidir. Subtropik Aralıq dənizi iqlimi yayda 23-33 dərəcə,
qışda isə 13-15 dərəcə istini təmin edir. Bu
baxımdan Türkiyədə yaz və payızda (aprel-oktyabr
ayları) turizm baxımından daha əlverişli dövr
sayılır. Ölkə dörd dənizlə əhatə
olunub - Qara, Mərmərə, Aralıq və Egey dənizləri.
Elə ölkənin ən tanınmış istirahət mərkəzləri
də məhz bu dənizlərin sahillərində yerləşir.
Yaz-payız dövrünə
hesablanmış çimərlik kurortlarıyla yanaşı,
Türkiyə son vaxtlar dağ turizmini də geniş
inkişaf etdirir. Uludağ və Palandökən bu baxımdan
daha çox tanınıb. Dağ-xizək turizm
mövsümü dekabr-mart aylarında 120-150 günü əhatə
edir. Uludağda uşaqların da sürüşməsinə
imkan verən Uludağ istirahət mərkəzləri ailəvi
istirahət etmək istəyənlər üçün əlverişli
imkan yaradırlar.
Azərbaycanlı
turistlər Türkiyəyə üstünlük verirlər
2010-cu ildə 2009-cu ilin müvafiq
dövrü ilə müqayisədə Azərbaycandan
Türkiyənin müxtəlif istirahət guşələrində
dincəlməyə gedənlərin sayı artıb. Bu barədə
Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin
mədəniyyət müşavirliyindən qəzetimizə
daxil olan məlumatda bildirilir.
Bu ilin yanvar-aprel ayları ərzində
turist kimi bu ölkəyə səfər edən həmvətənlərimizin
sayı 120 min nəfərdən çox olub ki, bu da ötən
ilin həmin dövrünə nisbətən 2,8 faiz artım
deməkdir. May ayından başlayaraq Türkiyəyə gedən
Azərbaycan vətəndaşlarının sayında daha da
artım müşahidə olunub. Belə ki, mayda aprelə nisbətən
5,2 faiz artım olub.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2010.-
21 iyul.- S. 9.