Abşeron
rayonunun mədəniyyət və turizm müəssisələri uğurla
fəaliyyət göstərir
Abşeron Rayon Mədəniyyət
və Turizm Şöbəsinin şəbəkəsində 1
mədəniyyət evi, 10 klub müəssisəsi, 1 mərkəzi
kitabxana və onun 16 filialı, 2 uşaq musiqi məktəbi, 3
uşaq incəsənət məktəbi, Heydər Əliyev
muzeyi, Tarix-diyarşünaslıq muzeyi, mədəniyyət və
istirahət parkı fəaliyyət göstərir. Rayon
üzrə həmin müəssisələrdə 386 nəfər
işçi çalışır. Onlardan 124 nəfəri
ali təhsilli, 232 nəfəri orta-ixtisas təhsilli, 30 nəfəri
orta təhsillidir.
2010-cu ilin ilk yarısında rayonun
mədəniyyət ocaqlarında müxtəlif tədbirlər
təşkil olunub. 20 Yanvar Milli hüzn günü, Xocalı
faciəsi və 31 Mart Azərbaycanlıların
soyqrımı günləri, tarix-diyarşünaslıq
muzeyində tarixi günlərlə əlaqədar
görüşlər, sərgilər, foto-stendlər,
kitabxanalarda kitab sərgiləri, oxucu konfransları, klub müəssisələrində,
uşaq musiqi və incəsənət məktəblərində
ədəbi-bədii gecələr, 8 Mart Beynəlxalq
qadınlar günü, Novruz bayramı, alman faşizmi üzərində
Qələbənin 65 illiyi münasibətilə, 28 May -
Respublika günü, 15 İyun - Milli Qurtuluş günü ilə
əlaqədar müxtəlif səpkili bayram tədbirləri,
görüşlər, rayon miqyaslı ədəbi-bədii
kompozisiyalar və konsertlər keçirilib.
Ölkəmizin hər yerində
olduğu kimi, Abşeron rayonunda da gənc istedadlar yetişir.
Bu xüsusda rayonun uşaq musiqi və incəsənət məktəblərinin
rolu xüsusi olaraq qeyd olunmalıdır. Respublika miqyaslı
baxış-müsabiqələrdə, festivallarda kollektivlərin,
yaradıcı gənclərin və fərdi
ifaçıların iştirakları müntəzəm
olaraq təmin olunur. Fevral ayında Mədəniyyət və
Turizm Nazirliyinin əmrinə əsasən, rayonun Mədəniyyət
evində respublikamızın 7 rayonunun bədii-özfəaliyyət
rəqs kollektivlərinin iştirakı ilə
“Çal-oyna-2010” baxış-müsabiqəsi keçirilib.
Müsabiqədə rayon Mədəniyyət evinin “Abşeron”
rəqs kollektivi müvəffəqiyyətlə
çıxış edib.
Abşeron Rayon Mədəniyyət
və Turizm Şöbəsi əhalinin asudə
vaxtının səmərəli təşkili, yeniyetmə və
uşaqların bədii-estetik zövqünün
formalaşması istiqamətində çeşidli tədbirlər
həyata keçirilir. İlin ilk yarısında rayonun musiqi
məktəbləri şagirdlərinin uğurları da az
olmayıb. Fortepiano ansamblı və müşayiət fənləri
üzrə keçirilmiş festivalda Xırdalan Şəhər
Uşaq Musiqi Məktəbinin şagirdləri uğurla
çıxış ediblər. Polşanın Azərbaycandakı
səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin
birgə təşkilatçılığı ilə
Bakı şəhərində keçirilən “Gənc
pianoçuların Şopen adına festival-müsabiqəsi»ndə
isə məktəbin şagirdləri Atabala Manafzadə II yeri
tutaraq laureat adına layiq görülüb, Nərgiz
Kazımova, Nəriman Əmiraslanov tərifnamə ilə
mükafatlandırılıblar.
May ayında simli alətlər
üzrə II Respublika müsabiqəsində məktəbin
şagirdləri Əli Məhəmməd oğlu və Qorxmaz
Şıxəliyev uğurla çıxış edərək
müsabiqənin fəxri fərmanı və pul
mükafatına layiq görülüblər. Apreldə Şamaxı
şəhərində keçirilmiş “Yeni adlar” ədəbi
gənclərin respublika müsabiqəsində Xırdalan
şəhər sakini Abdullalı Aytən müsabiqənin
3-cü mükafatına layiq görülərək 200 manat
pul və diplomla təltif olunub. May ayında Astara şəhərində
keçirilən uşaq muğam ifaçılarının V
respublika müsabiqəsində Xırdalan şəhər
musiqi məktəbinin 2, Saray qəsəbə uşaq incəsənət
məktəbinin 1 şagirdi müvəffəqiyyətlə
iştirak ediblər.
Bundan əlavə, rayonun uşaq
incəsənət məktəbləri də respublika və
beynəlxalq müsabiqələrdə, rəsm sərgilərində
müvəffəqiyyətlə iştirak ediblər. Belarus
Respublikasında keçirilən “ART qorod” VI Beynəlxalq
uşaq rəsmləri müsabiqəsində Ceyranbatan və
Saray uşaq incəsənət məktəblərinin
şagirdləri Gülbəniz Rüstəmova və Nuranə
Quluzadə müsabiqənin yarımfinalına vəsiqə
qazanaraq mükafata layiq görülüblər. Həmçinin
Çexiya Respublikasında 38-ci Beynəlxalq uşaq incəsənət
sərgisinə, “Liditse -- 2010” adlı Beynəlxalq uşaq bədii
sərgisinə, Moskva şəhərində “İ pomnit mir”
Beynəlxalq uşaq rəsmləri festivalında iştirak etmək
üçün təsviri-incəsənət sinfi şagirdlərinin
rəsm əsərləri göndərilib.
Rayonda xalq
yaradıcılığı və özfəaliyyət
işi sahəsində də müxtəlif tədbirlər həyata
keçirilir. Rayon Mədəniyyət evində «Xalq
teatrı», Ə.Vahid adına “Çıraq ” poeziya klubu, “Xəzri”
xalq çalğı alətləri ansamblı, uşaq rəqs
kollektivi, “Günəş” uşaq teatrı,
“İdman-sağlamlıq”, “Ailə-sağlamlıq”
klubları, mərkəzi kitabxanada “Od parçası” ədəbi
birliyi, həmçinin kənd və qəsəbələrin
klub müəssisələrində müxtəlif musiqi
kollektivləri, dərnəklər, maraq klubları fəaliyyət
göstərir.
Abşeron rayonu ərazisində
yerləşən tarixi abidələrin əsaslı təmir
və bərpa edilməsi, yeni mədəniyyət müəssisələrinin
tikilməsi daim diqqət mərkəzində saxlanılır.
Tarix-diyarşünaslıq muzeyində cari təmir işləri
görülmüş, ekspozisiya yenidən qurulmuş, muzeyin ətrafında
abadlıq işləri görülmüşdür.
Mehdiabad qəsəbə uşaq
musiqi məktəbində də cari və əsaslı təmir
işləri aparılıb.
Xırdalan şəhərindəki
XIX əsrə aid yerli əhəmiyyətli tarix-memarlıq
abidəsi olan “Məşədi İmambaxış hamamı”,
Görədil kəndindəki tarixi abidə - XIX əsrə
aid Əbdürrəhman məscidi əsaslı təmir
olunaraq təyinatı üzrə istifadəyə verilib.
Rayonun Fatmayı kəndində yeni kitabxana binasının,
Ceyranbatan və Qobu qəsəbələrində müasir
tipli mədəniyyət mərkəzlərinin tikintisi davam
etdirilir.
“Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” çərçivəsində
rayonun kənd və qəsəbələrində yeni mədəniyyət
müəssisələrinin tikilməsi nəzərdə
tutulub.
İlham
Manafov,
Abşeron Rayon Mədəniyyət
və
Turizm Şöbəsinin
müdiri
Mədəniyyət.-
2010.- 21 iyul.- S. 11.