Estoniyada Azərbaycan mədəniyyəti təbliğ olunur

 

   Azərbaycan dilinin, adət-ənənələrinin, tarixinin xaricdə yaşayan soydaşlarımıza təbliği məqsədilə bir sıra xarici ölkələrdə diaspor təşkilatlarımız tərəfindən yaradılmış «Bazar günü» məktəbləri fəaliyyət göstərir. Estoniyada da belə bir məktəb var.

  

   Estoniyadakı «Bazar günü» məktəbinin rəhbəri olan Sənəm Əliyeva ilə bu günlərdə Bakıda həmsöhbət olduq. Soydaşımız Estoniyanın Milli Azlıqlarla İş üzrə İnteqrasiya İdarəsində çalışır. O bildirdi ki, «Bazar günü» məktəbinə soydaşlarımızın böyük marağı var: «Bizim əsas məqsədimiz tariximizi, mədəniyyətimizi gələcək nəsillərə öyrətməkdir. Əyani vəsaitlərimiz çoxdur. Bakıdan lazım olan əyani vəsaitləri aparmışıq, zəngin kitabxanamız fəaliyyət göstərir. Azərbaycan dövlət qurumları - Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrimiz var və onlar bizə lazımi dəstək verirlər. Mən özüm hazırda orada bağça yaşlı uşaqlara dərs keçirəm. Yalnız uşaqlarla deyil, valideynlərlə də işləyirik və həftədə iki dəfə valideynlərin qəbul günləridir. Uşaqlara əsasən eston dili, ətraf mühit, təbiətə, insanlara münasibət öyrədilir».

   Estoniyanın «Radio-4» kanalında «Azərbaycan radiosu» açmağı planlaşdırdıqlarını deyən S.Əliyeva qeyd etdi ki, bu layihə ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsindən dəstək alıblar: «Bu radio payızda fəaliyyətə başlayacaq və həftədə 1 dəfə yayımlanacaq. Radioda 6 bölmə üzrə verilişlər təqdim edəcəyik. Estoniya radio və televiziya şirkətinin rəhbərliyi bu il layihəni və proqramın rubrikalarını təsdiqləyib».

   Estoniyada yaşayan soydaşlarımızla çox sıx əlaqələrinin olduğunu deyən S.Əliyeva bildirdi ki, əlamətdar günləri birlikdə qeyd edirlər: «Azərbaycan mədəniyyəti günləri təşkil etməklə yanaşı, milli mətbəximizi də təqdim edirik, musiqi günləri keçiririk. Bacardığımız qədər Azərbaycanı təbliğ edirik ki, buna da orada tam imkan yaradılır. Azərbaycan mədəniyyət günləri keçirildikdə digər xalqlar da gəlib iştirak edirlər. Gürcüstan, Ukrayna, Dağıstan və Belarus xalqları ilə yaxşı münasibətlərimiz var. Ermənilər isə bizim tədbirlərə açıq şəkildə qarşı çıxa bilmirlər».

   Sonda S.Əliyeva bildirdi ki, bu gün estonların azərbaycanlılara çox böyük hörməti var: «Azərbaycan adı gəldikdə çox müsbət fikirlər söyləyirlər. Hətta mən çalışdığım kollektivdən bir neçə nəfər eston Azərbaycana gəlib. Gəlmək istəyənlərin sayı daha da artır. Bakının çox gözəl şəhər olduğunu hər zaman bildirirlər».

  

 

   Fəxriyyə

 

    Mədəniyyət.- 2010.- 21 iyul.- S. 11.