Mədəniyyətimizin
cəfakeş xanımı
O, Azərbaycanda (bəlkə elə
Türkiyədə də) Anadolu adını daşıyan
yeganə xanım idi. 1921-ci ildə Azərbaycanın
Türkiyədə səfiri olmuş İbrahim Məhərrəm
bəy Əbilovun qızı idi. Vəfatından bir neçə
gün öncə atası haqqında «Mədəniyyət» qəzetində
(4 iyun 2010) yazı dərc olunmuş, yazıda Anadolu
xanımın da fikirləri yer almışdı. O, Türkiyədə
anadan olmuş, ona Anadolu adını da atasının dostu
Mustafa Kamal Atatürk vermişdi.
Anadolu ana ömrünün sonunadək
adının, soyadının təəssübünü
çəkmiş, məsuliyyətini
daşımışdı. 1941-ci ildə könüllü
olaraq Böyük Vətən müharibəsinə getmiş,
Berlinədək cəbhə yolu keçmişdi. Sonrakı
illərdə bir çox məsul vəzifələrdə
işləyəndə də adının, soyadının məsuliyyətini
yüksək tutmağa, doğrultmağa
çalışırdı. Axırıncı iş yeri - Mədəniyyət
İşçilərinin Həmkarlar İttifaqı olub. Həmin
təşkilata 20 il rəhbərlik edib, mədəniyyətimizin
inkişafı, işçilərin güzəranının
yaxşılaşması üçün respublikanın
bütün rayonlarını qarış-qarış gəzib.
Azərbaycan müstəqilliyini bərpa
edəndən sonra Türkiyənin Bakıdakı səfirliyi
ilə sıx əlaqələri vardı. Səfirliyin
keçirdiyi bütün tədbirlərdə iştirak edib
ürək sözlərini deyərdi. 2006-cı ildə səfirliyin
yeni binasının açılışında iştirak edən
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ona
oğul kimi yanaşıb qayğıları ilə
maraqlanmışdı. Anadolu xanım minnətdarlığını
bildirərək, xoş təbəssümlə “mən
prezident təqaüdü alıram” demişdi.
Anadolu xanım mənalı
ömür yaşadı, 88 yaşında dünyasını
dəyişdi. O, Atatürkün verdiyi adı şərəflə
daşıdı, onun adını və ruhunu övladları
layiqincə yaşadacaqlar.
İradə
Mədəniyyət.- 2010.-
21 iyul.- S. 13.