Qara Qarayev adına müsabiqə UNESCO-nun tədbirlər siyahısına salınıb

 

Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayev adına beynəlxalq müsabiqə və konfrans UNESCO-nun tədbirlər siyahısına salınıb. Bu barədə UNESCO-nun rəsmi saytında (http://www.unesco.org/en/rapprochement-of-cultures/) məlumat verilir.

BMT Baş Assambleyasının 2010-cu il üçün Mədəniyyətlərin yaxınlaşması beynəlxalq ili çərçivəsində UNESCO tərəfindən çoxmüxtəlifliyin təşviq edilməsi məqsədilə bir sıra beynəlxalq, regional milli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il dekabr ayında Bakı Musiqi Akademiyasının 90 illiyinə həsr olunmuş Qara Qarayev adına I Beynəlxalq Pianoçuların Elmi-İfaçılıq müsabiqəsi konfrans keçiriləcək. Azərbaycan Milli Komitəsinin Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin məsələ ilə əlaqədar fəaliyyəti nəticəsində sözügedən müsabiqə konfrans UNESCO-nun tədbirlər siyahısına daxil edilib. Bununla bağlı hər iki tədbirə UNESCO-nun Mədəniyyətlərin yaxınlaşması beynəlxalq ilinin rəsmi loqosundan istifadə etmək hüququ verilib.

 

 

Mədəniyyət.- 2010.- 23 iyul.- S. 3.