Mətbuat tariximizə həsr olunmuş “135 illik yol” adlı kitab nəşr edilib

 

   Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və “Kaspi” qəzeti milli mətbuatımızın 135 illiyi ilə bağlı Azərbaycan və ingilis dillərində “135 illik yol” (“Road of 135 years”) adlı kitab nəşr edib.

   Kitabın elmi məsləhətçisi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov ön sözdə bildirir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın əsasını qoyub. Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Azərbaycan Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilib, mətbuatda senzura tamamilə aradan qalxıb.

   Senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə uyğun gəlirdi. Fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi müstəqil KİV-lərin inkişafının, vətəndaşların beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığının təmin edilməsində mühüm rol oynayıb. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilib.

   Hazırda öz inkişafının mühüm mərhələsini yaşayan müstəqil Azərbaycanda güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, ümummilli problemlərin milli maraqlara uyğun həlli istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir. Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyev cəmiyyət həyatında kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirərək demokratik, müstəqil KİV-lərin inkişafına əlverişli şərait yaradılmasını öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.

   Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin və “Kaspi” qəzetinin birgə ərsəyə gətirdiyi kitabda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatı haqqında çıxışları, fikirləri, imzaladıqları Fərman və sərəncamlar iki dildə oxuculara çatdırılır.

   Kitab müstəqillik illərində Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında obyektiv təsəvvür formalaşdırılması üçün lazımlı əyani vəsait, milli mətbuatımızın 135 illiyinə layiqli hədiyyədir.

 

 

   Mədəniyyət - 2010. - 23 iyul.- S. 11.