«Burada
qədim mədəniyyətə malik xalq və ölkə kəşf etdim»
Yunanıstanın
ölkəmizdəki səfiri İoannis Metaksas: «Azərbaycanda
musiqi ənənəsinin yüksək səviyyədə
olmasından çox təsirləndim»
Azərbaycanla Yunanıstan
arasında istər tarixi, istərsə də, mədəni
sahədə əlaqələrin kökü qədim dövrlərə
gedib çıxır. Bunu ölkəmizdə aparılan
arxeoloji qazıntılar zamanı tapılan qədim yunan
qabları, sikkələri, qədim yunan yazıları da
sübut edir. Bu tarixi izlərin bir qismi eramızdan əvvəl
IV əsrdə makedoniyalı İsgəndərin Cənubi
Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına
yürüşü zamanından qalıb.
Bu əlaqələr tarixin
sonrakı mərhələlərində də davam edib.
Hazırda Azərbaycanda (əsasən Bakıda) yunan əsilli
500-dək insan yaşayır. Onların əksəriyyətinin
ata-babaları XIX əsrin sonu - XX əsrin əvvəllərində
Bakıda neft sənayesinin yüksəlişi ilə
bağlı gəliblər, burada çalışıblar,
biznes qurublar.
Azərbaycan müstəqillik əldə edəndən sonra dünyanın bir çox ölkələri ilə yanaşı, Yunanıstanla əlaqələr də yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında münasibətlər müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və turizm sahəsində inkişaf edir. Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İoannis Metaksasla söhbətimizdə ölkələrimiz arasında əlaqələrin dünəninə və bugününə nəzər saldıq.
- Cənab səfir, Azərbaycanla Yunanıstan arasındakı əlaqələrin qədim tarixi var. Ölkəmizdə olduğunuz müddətdə bu tarixi nə dərəcədə hiss edə bilmisiniz?
- Doğru deyirsiniz, bizim əlaqələrimizin qədim tarixi var. Yunan əsatirində Prometey insanlara od düzəltməyin sirrini öyrətdiyinə görə Zevs tərəfindən cəzalandırılaraq Qafqaz dağının zirvəsində zəncirlənir. Bəzi fərziyyələrə görə, həmin yer Azərbaycanın, Naxçıvanın ərazisində olub. Bu yaxınlarda Naxçıvana səfər edəndə Prometey haqqında əsatiri bir daha eşitdim. Hətta Naxçıvan Dövlət Universitetinin rektoru mənə Prometeyin zəncirləndiyi yeri göstərəndə bundan çox təsirləndim. Bundan əlavə, yadınıza salmaq istərdim ki, hər iki xalq qonşu coğrafiyalarda, qonşu ərazilərdə yaşayıb. Üstəlik böyük sərkərdə İsgəndər e.ə. IV əsrdə indiki Azərbaycanın yerləşdiyi ərazilər də daxil olmaqla geniş bir coğrafiyanı işğal etmişdi. Həmin vaxt Atropat Midiya vilayətinin (Cənubi Azərbaycanda qədim dövlət - red.) canişini və İsgəndərin müttəfiqi idi.
Bu yerdə onu qeyd edim ki, Azərbaycan Milli Tarix Muzeyində bu əlaqələri təsvir edən rəsmlər var. Bildiyiniz kimi, Atropatın vəfatından sonra Midiyanın adı dəyişdirilərək Atropatena adlandırılmağa başlandı və bütün bu hadisələr Azərbaycanın tarixinin bir hissəsidir. Beləliklə, yunanlar və azərbaycanlıların əcdadları olan midiyalılar İsgəndərin ölümündən sonra Atropatenada üç əsr bir yerdə yaşayıblar. Bu qədim əlaqələr bizim bugünkü dostluğumuzun möhkəm təməli rolunu oynayıb.
- Bu baxımdan ölkələrimiz arasında mədəni əlaqələrin, mədəni əməkdaşlığın indiki səviyyəsini necə qiymətləndirirsiniz? Mövcud əlaqələri inkişaf etdirmək üçün daha nələr etmək lazımdır?
- Azərbaycanla Yunanıstan arasında əlaqələr ilbəil inkişaf edir. 1997-ci ildə hər iki ölkənin mədəniyyət, təhsil, gənclər və idman sahəsində birgə əməkdaşlığa dair müqavilə imzalanıb. 2002-ci ildən bəri bu sahələrə aid olan əməkdaşlıq proqramı həyata keçirilir. Hazırda biz ikinci proqramla bağlı fikir mübadiləsi aparırıq. Digər tərəfdən, 2004-cü ildən bəri Bakı Slavyan Universitetində «Yunan Dili və Mədəniyyəti Mərkəzi» fəaliyyət göstərir. Bundan başqa, mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq inkişaf edir və mən bu məsələdə çox nikbinəm. Bundan başqa, Yunanıstanda mədəniyyət sahəsində əhəmiyyətli texnologiyalar var. Əgər Azərbaycan bu texnologiyalardan faydalanmağı arzu etsə, biz bunu sizinlə bölüşməyə hazırıq.
- Cənab Metaksas, dediklərinizdən bəlli oldu ki, Azərbaycanla Yunanıstan arasında mövcud tarixi əlaqələrlə bağlı xeyli məlumatınız var. Maraqlıdır, buraya gələnədək ölkəmiz haqqında daha nələri bilirdiniz və Azərbaycan sizdə hansı təəssüratı yaratdı?
- Buraya səfir kimi gəlməzdən öncə Azərbaycana heç vaxt səfər etməmişdim. Lakin buna baxmayaraq Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Yunanıstandan nümayəndə kimi təmsil olunduğum iki il müddətində çoxlu bilgilər, maraqlı məlumatlar əldə edə bilmişdim.
Ölkələrimiz bu təşkilatda 1992-ci ildən təmsil olunur. Bu qurumda regional əməkdaşlıq baxımından faydalı layihələr həyata keçirilir. Bundan başqa, 2007-ci ilin iyulunda Afinada iqtisadi əməkdaşlıq üzrə Yunanıstan-Azərbaycan hökumətlərarası birgə komissiyanın ikinci iclasının hazırlanmasında iştirak etmişdim. Eyni zamanda, mən Yunanıstan Xarici İşlər Nazirliyinin qarşılıqlı iqtisadi və ticarət əlaqələri üzrə də məsul işçisi olmuşam. Beləliklə, deyə bilərəm ki, ölkəniz haqqında kifayət qədər təsəvvürə malik idim.
Buraya gələndən sonra Azərbaycanda əzəmətli inkişafın şahidi oldum. Mən burada bizim mədəniyyətimizə, Aralıq dənizi mədəniyyətinə yaxın olan bir xalqı və ölkəni kəşf etdim. Məsələn, elə götürək Azərbaycanda bitən zeytun ağaclarını. Bu ağac bizdə də ta qədimdən sülh, sağlamlıq və çiçəklənmə rəmzidir.
- Yunanıstan dünyada həm də turizm ölkəsi kimi tanınır. Azərbaycanda isə bu sahə hələ yeni təşəkkül tapır. Ölkələrimiz arasında bu sahədə əməkdaşlıq barədə nə deyə bilərsiniz?
- Yunanıstanla Azərbaycan arasında 2005-ci ildə turizm sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Həmin müqavilə yerinə yetirilir. Bundan başqa, ölkələrimizin təşkilatçılığı ilə artıq turizm üzrə birgə komissiyanın iki iclası da baş tutub. Təsadüfi deyil ki, hazırda hər iki tərəfdən davamlı turist axını mövcuddur.
Turizm sahəsində təhsil əlaqələri də genişləndirilir. Azərbaycan tələbələri turizm sahəsində öz bacarıqlarını Yunanıstanda inkişaf etdirirlər. Yunanıstanın turizm üzrə geniş təcrübəsi var və bu sahədə əməkdaşlığın inkişafı üçün də perspektivlər mövcuddur.
- Cənab Metaksas, siz Azərbaycanda böyük bir ölkəni səfir kimi təmsil edirsiniz. Boş vaxtınızı necə keçirirsiniz? Teatra, operaya və konsertlərə getməyə vaxt tapırsınızmı?
- Ölkəm haqqında xoş sözlərinizə görə, sizə təşəkkür edirəm. Mən Azərbaycanda musiqi ənənəsinin yüksək səviyyədə olmasından çox təsirləndim. Sizin ölkənizdə beynəlxalq standartlara uyğun orkestr var və bununla fəxr etməlisiniz. Şübhəsiz ki, bu, Azərbaycan mədəniyyətinin ən böyük uğurlarından biridir. Hər halda hamıya məlumdur ki, belə bir orkestri birdən-birə qurmaq olmaz. Musiqi təhsilinin inkişafına, önə çəkilməsinə sərf edilən uzun zamanlı səylər də vacibdir. Bundan başqa inanıram ki, Azərbaycanın mədəniyyət sahəsində beynəlxalq imicini daha da yüksəltmək imkanları var.
- Düşünürəm ki, Azərbaycanda yaşadığınız dövr sizə imkan verir ki, xalqlarımız arasında oxşar xüsusiyyətləri görəsiniz. Özünüzü Azərbaycanda necə hiss edirsiniz və Azərbaycan xalqı sizdə hansı təəssüratı yaradıb?
- Artıq yuxarıda qeyd etdiyim kimi, antik dövrdə hər iki xalq üç əsr bir yerdə yaşayıb. Azərbaycanda Aralıq dənizi mədəniyyətinin izləri var. Başqa tərəfdən, yunanlara da Şərq mədəniyyətinin böyük təsiri olub. Xalqlarımız eyni qonaqpərvərlik dəyərlərini paylaşırlar. Beləliklə, mən çox asanlıqla deyə bilərəm ki, bizim ümumi olan çoxlu məqamlarımız var: biz bir-birimizi yaxşı başa düşürük və qarşılıqlı faydalı əməkdaşlıq edirik.
- Cənab səfir, Azərbaycanda olduğunuz müddətdə ölkəmizin bölgələrinə necə, səyahət edə bilmisiniz?
- Bəli, Gəncə, Sumqayıt, Şamaxı, Lənkəran, Qəbələ, Quba və Şəkiyə səyahət etmişəm. Naxçıvanda da olmuşam. Azərbaycanın bölgələrinin hamısı maraqlı yerlərdir. Bəzən, dağlıq və ya səhralıq yerlər ucsuz-bucaqsız, bənzərsiz mənzərələri ilə çox gözəldir. Mən ancaq Neft Daşlarına getmədiyimə görə təəssüf edirəm.
- Azərbaycan milli mətbəxini bəyənirsiniz?
- Sizin çox zəngin mətbəx mədəniyyətiniz var. Sizin yeməklərdən bəzisi bizim yeməklərə bənzəyir. Elə buna görə mən onları dadarkən öz ölkəmdə olduğumu hiss edirəm. Xüsusilə yerli məhsullardan hazırlanan yeməklər çox dadlıdır. Bundan başqa, mən sizin yerli meyvəli şirniyyatları çox bəyənirəm. Onlar bizim şirniyyatlara çox bənzəyir. Çox böyük məmnuniyyətlə Azərbaycan lavaşlarını yeyirəm. Həmişə istər öz ofisimdə, istərsə də digər başqa yerlərdə Azərbaycan çayını içirəm.
Mehparə
Sultanova
Mədəniyyət.- 2010.-
23 iyul.- S. 5.