Belçikalı fleytaçı Bakıda konsert verib

 

    İyulun 21-də Beynəlxalq Muğam Mərkəzində belçikalı fleytaçı Kristian Pluve muğamlarımızın sədaları altında musiqilər ifa edib. Konsert Belçikanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə gerçəkləşib. Xatırladaq ki, 21 iyul Belçikanın Müstəqillik günü idi. Sənətçi iyulun 22-də xeyriyyə konserti verib.

  

   Konsertdən əldə olunan pullar isə uşaqların hüquqlarının müdafiəsi üçün Azərbaycanda ötən ildən fəaliyyət göstərən qaynar xəttə (“916”) köçürüləcək. Qeyd edək ki, Kristian Pluve fleyta sənəti ilə yanaşı, gitara, fortepiano və başqa alətlərdə də gözəl ifa edir.

   İfaçı jurnalistlərə açıqlamasında Azərbaycan musiqisinə, özəlliklə muğamlarımıza heyranlığını bildirib:

   - Azərbaycana ilk gəlişim xeyriyyə məqsədli konsertlə bağlıdır. Hesab edirəm ki, biz musiqiçi və incəsənət adamlarının bəxti gətirib, çünki musiqi vasitəsilə cəmiyyətə dəstək verə, kimsəsizlərə, ehtiyacı olanlara kömək edə bilirik. Mən bir neçə il Afrikada yaşamışam. İnsanların əzablarını, xəstəliklərini, özlərinə dərman ala bilməmələrini gördükdə özünü günahkar sayırsan. Ona görə də mən məmnuniyyətlə xeyriyyə konsertləri verirəm.

   Hər yeni ölkəyə getdikdə həmişə yerli musiqiçilərlə tanış olmağa, milli musiqiyə qulaq asmağa çalışıram. Buraya gəlməzdən əvvəl bir neçə muğam kompozisiyasına qulaq asdım, internetdən bu barədə məlumatlar götürdüm. Sizin çox yaxşı muğam ifaçılarınız var. Muğam xüsusi bir musiqi növüdür və çox gözəldir.

   Sənəntçi özünün yaradıcılığı barədə də danışıb:

   - Musiqi ilə ilk tanışlığım skaut düşərgəsində tonqalın ətrafında oturub gitara çalarkən olub. Əvvəlcə mən məhz gitara çalmağı öyrəndim. Sonra atam mənə musiqi məktəbinə getməyi məsləhət gördü. Gitara sinfi çox populyar idi və hər kəs bu alətdə çalmağı öyrənmək istəyirdi. Məktəbdə boş yer təkcə fleyta sinfində idi. Mən də bu sinfə getməli oldum. Fleytanın səsini ilk dəfə eşidərkən bu alətə vuruldum. 16 yaşımda yay kurslarına getdim və məşhur fleyta ifaçısı Jan Pyer Rompal ilə tanış oldum, onun təcrübəsindən yararlana bildim. Sonra Belçika Milli Opera Orkestrində çalışmağa başladım. Fleyta çalmağa 12 yaşımda başladım və 40 ildir bu sənəti davam etdirirəm.

   Belçikalı musiqiçi iyulun 23-də azərbaycanlı gənc musiqiçilərə ustad dərsləri verəcəyini də deyib.

 

 

   Mədəniyyət.- 2010.- 23 iyul.- S. 6.