Papaqçının papaqçı nəvəsi

 

    El sənətini yaşadanlar

  

    Deyirlər, dost başa, düşmən ayağa baxar. 45 ildən çoxdur ki, papaqçı Nazim kişinin tikdiyi papaqlara hamı baxır.

  

   Bakının mərkəzi küçələrinin birində - Azərbaycan (keçmiş Hüsü Hacıyev) küçəsindəki balaca dükanların birində 45 ilə yaxındır ki, Nazim kişi papaq tikir. Tikdiyi papaqları elə-belə yox, ürəklə tikir. Bu səbəbdən müştəriləri sarıdan korluq çəkmir. Danışmaqdan çox işləməyi sevən Nazim kişi papaq tikə-tikə köhnə radiosunu işə salıb, xalq mahnılarına qulaq asır, hərdən də keçənləri yada salır. Deyir, 1933-cü ildə İrəvanda anadan olmuşam. Atamın adı Hacı, familiyam Nəcəfovdur. Elə bilməyin ki, anadan elə papaqçı doğulmuşam. Gəncliyimdə güləşlə məşğul olurdum. Bu istəklə də Bədən Tərbiyəsi İnstitutunu bitirdim. Amma sonda babam Cəfərdən miras qalan papaqçılıq sənətini özümə sənət seçdim. Odur, budur papaq tikirəm. Necə tikirəm, bunu müştərilərdən soruşun.

   Nazim kişinin tikdiyi papaqlar zərif tikilişi, dəqiq ölçüsü, xoş görünüşü ilə seçilir. Çünki bu papaqlar usta əlindən çıxır. 45 il papaq tikmək isə sizə zarafat gəlməsin. Odur ki, şəhərimizin üç-beş adlı-sanlı papaqçısından biri ilə papaq barədə danışmağa çalışıram.

   - Nazim dayı, dünyagörmüş adamsınız, bəlkə siz bilərsiniz, bir ara papaq niyə dəbdən düşdü?

   - Kim deyir ki, dəbdən düşdü, papaq həmişə dəbdədir. Mən gözümü açandan papaqlı, papaqsız adamlar görmüşəm. Qədimdə deyirdilər ki, kişi papaqsız gəzməz. Sonra dövran dəyişdi, amma dövranın küləyinə uymayıb ömrü boyu başında papaq gəzdirən kişilər oldu. Belə bir söz var, deyir hər adam başında papaq saxlaya bilmir.

   Nazim kişi son sözünə düzəliş verir, deyir havalar mülayimləşib, yəni demək istəyir ki, bu səbəbdən adamlar başlarında papaq saxlaya bilmir. Bir tərəfə baxanda Nazim kişi düz deyir, indi dünyanın qlobal problemlərindən biri də istiləşmədi. Əgər havalar bir az da istiləşsə nə papaq olacaq, nə də papaqçı.

   - Sizcə hər başa papaq yaraşır?

   - Başqalarını deyə bilmərəm, azərbaycanlılara papaq yaraşır. Özü də yaxşı yaraşır. Son illər papaq alanların sayı artır. Bu da bizi sevindirir.

   - Qədimlərdə papağa görə adamın kimliyini təyin edərdilər. İndi vəziyyət necədir?

   - Qədimdə dövlətlilər bahalı Buxara dərisindən papaq qoyardılar. Ancaq papağın fasonuna gəldikdə kim hansı formada istəyərdi, başına da elə papaq qoyardı. İndi də elədi, kim necə istəyir, hansı rəngdə istəyir o cürpapaq sifariş verir.

   Bəs görəsən hansı ölçülü papaqlar ideal ölçü sayılır? Peşəkar papaqçının dediyinə görə 54-dən 58 qədər olan baş ölçülərini standart hesab etmək olar. Nadir hallarda isə 65 ölçülü başlara rast gəlir.

   - Papaqların dərisini haradan gətirirlər?

   - Qaragül dərisini ancaq Türkmənistandan, bir də Əfqanıstandan gətirirlər. Biz də papaqları adətən bu dəridən hazırlayırıq.

   Papaq tikmək üçün Nazim kişi qayçı, iynə, sap, metr, qəlib, bir də astarı tikmək üçün tikiş maşınından istifadə edir. Dərinin balacalığından, böyüklüyündən asılı olaraq hərdən 3-4 saata, hərdən də bir günə bir papağı tikib başa gətirir.

   Sonra papağın növlərindən söz düşür, deyir ki, çərkəzi papağı ən çox Gürcüstan azərbaycanlıları xoşlayır, birvar, hacı papağı, yarma papaq, onu da ruhanilər başlarına qoyurlar. Elə adam var ki, deyir hacı papağı rus papağıdır. Rus heç vaxt Buxara dərisindən papaq geyinmir. Rus papağını tülkü, dovşan dərisindən hazırlayırlar. Kənarları tüklü, ortası dərinin tərs üzündən hazırlanır. Bu yerdə uzun illərin papaqçısı əyani vəsait kimi İvan Qroznının başına qoyduğu papağı misal gətirib müqayisəsini davam elətdirir. Deyir ki, Qasım bəy Zakir, Mirzə Fətəli Axundov da hacı papağından qoyardılar, amma o papaqlar o zamanlar bir az hündür olub. Çünki hündür papaq geyənlər, gərək çuxa da geyinəydilər.

   İndi heç kim çuxa geyinmir deyə papağı hündür hazırlamağa da lüzum yoxdur. Axı zaman başqa zamandır.

   - Papaqdan danışanda yada həm də bığ düşür...

   Köhnə kişilərdən olan Nazim kişinin üzünə söhbətimiz əsnasında birinci dəfə təbəssüm qonur. Deyir ki, papağı, bığı olanın gərək qılıncı, atı da olsun...

   - XXI əsrdə papaqçı ailəsini necə dolandırır?

   - Papaqçılıq həmişə çətin olub, dünən də, elə bu gün də. Qış aylarında işimiz pis olmur, yay aylarında bazarımız “ölür”. Birtəhər başımızı dolandırırıq.

   - Heç kimin olmasa da, papaqçının başında həmişə papaq olur? Bu papağın reklamıdır, yoxsa...

   - Həm reklamıdır, həm də dərinin başa xeyri var. Papaq başa yaraşıq verir, həm də deyirlər papaq qoyan adamın qan təzyiqi olmur.

   Bu yerdə Nazim kişi papağı əməlli-başlı reklam etdi. Çox güman ki, bu gündən sonra qan təzyiqi olanlar, olmayanlar da papaq almaq fikrinə düşəcəklər. Təki belə olsun...

   Dükanda Atatürkün və Hacı Zeynalabdin Tağıyevin şəkilləri diqqətimi çəkir. Hər ikisinin başında papaq var. Nazim kişi deyir ki, Hacının başındakı papaq daqqa papaq, Atatürkün papağı isə general papağıdır. Atatürkün şəklinin buraya gəlib çıxmasının da öz tarixçəsi var, Türkiyənin TRT kanalından Nazim kişidən veriliş hazırlayanda bu şəkli ona bağışlayıblar.

   Hərdən yorulub bezsə də, papaqçılıq sənətini seçdiyinə görə peşman deyil Nazim kişi. Yaş artdıqca dükana seyrək-seyrək gedib-gəlir. İş yoldaşları, nəvəsi sənətini sevə-sevə davam etdirir. Yayın bürküsündə qədim bir sənəti layiqincə yaşadan Nazim kişini suallarımla çox yormaq istəməsəm də, sonda zarafatyana bir sual verirəm:

   - Nazim dayı, hamı papaq qoysaydı nə baş verərdi?

   - Hamı papaq tikərdi...

   İndi çox az adam papaq tikir, çünki çox az adam papaq qoyur. Amma nə yaxşı olardı ki, milli adət-ənənələrimizi, qədim papaqçılıq sənətini yaşatmaq üçün hər kəs ömründə bir dəfə özünə papaq tikdirib həm qarderobunu zənginləşdirəydi, həm də babalarımızın ruhunu şad edəydi. Papağınız boş qalmasın, papaqlı kişilər!

  

 

   Təranə Məmmədova

 

   Mədəniyyət.- 2010.- 23 iyul.- S. 6.