Böyük
pedaqoq, xalq müəllimi
Üzeyir
Hacıbəyli - 125
Dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan musiqi sənətinin inkişafındakı misilsiz xidmətləri ilə yanaşı, eyni zamanda, görkəmli maarifçi ziyalı, vətəndaş amalını hər şeydən uca tutaraq həyatını vətən və xalq üçün yaşamış şəxsiyyətdir. Onun ömür kitabının səhifələri o qədər maraqlı və zəngindir ki, oxumaqla bitmir. Üzeyir bəy xalqımızın mədəniyyətinin hər bir sahəsinə öz töhfəsini verib. Onun sayəsində Azərbaycanda bəstəkarlıq məktəbi formalaşıb, görkəmli musiqiçilər yetişib. Onlardan Səid Rüstəmov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Cövdət Hacıyev, Qara Qarayev, Əminə Eldarova, Məmmədsaleh İsmayılov, Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, bu gün sənət fəaliyyətini davam etdirən Xalq artisti Şəfiqə Axundova və daha bir neçə unudulmaz bəstəkar və musiqiçilər məhz Üzeyir bəyin sinfində oxuyub, ondan dərs alıblar.
O adi müəllim deyildi, ensiklopedik biliyə malik olan bir şəxsiyyət idi. Bilik və bacarığını ürəyinin, ruhunun vasitəsilə tələbələrinə çatdırırdı. Bu peşəyə Qori Müəllimlər Seminariyasında yiyələnmişdi.
Seminariyanı bitirdikdən sonra, 1904-cü ildən Qarabağ mahalının Hadrut kəndində rus dili müəllimi işləmiş, 1906-1912-ci illərdə isə Bakıda, Bibiheybət məktəbində, sonralar isə şəhərin "Səadət" məktəbində ana dili və riyaziyyat fənnləri üzrə dərs demişdi.
Üzeyir bəyin pedaqoji təcrübəsinin ən yüksək mərhələsi musiqi sənətinin tədrisi ilə bağlıdır. Qeyd etdiyimiz kimi, neçə-neçə sənətkar ondan dərs almışdı. Bu yerdə Üzeyir bəyin tələbələrindən biri, unudulmaz sənətkar Səid Rüstəmovun 1945-ci ildə yazdığı "Üzeyir Hacıbəyov bir xalq müəllimi kimi" məqaləsindən bəzi məqamları diqqətə çatdırmaq istəyirik. Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində Səid Rüstəmovun şəxsi fondunda rast gəldiyimiz bu məqalə 1945-ci ildə Üzeyir bəyin anadan olmasının 60 illik yubileyi münasibətilə yazılıb.
* * *
"Böyük sənətkarımız
Üzeyir Hacıbəyli
xalq müəllimliyi ilə yanaşı olaraq mətbuatda "Ordan burdan" sərlövhəli "Filankəs"
imzası ilə kəskin satirik məqalələr dərc
etdirərək, zəmanəsinin
bədət və nöqsanlarını qamçılayırdı.
Bu dövrlərdə Azərbaycanın musiqi mədəniyyəti olduqca məhdud şəkildə idi. Gözəl xalq mahnıları, aşıq dastanları, el havaları kimsə tərəfindən yazılıb toplanmır, öyrənilmir və inkişaf etdirilmirdi. Azərbaycan musiqi mədəniyyəti bu vaxta qədər nə yazılı musiqi tanıyır, nə də bu işi görəcək musiqiçi və ya bəstəkarlar kadrına malik idi. Azərbaycan xalqının nə orkestri, nə xoru, nə də bunları yaradacaq musiqi təhsilli yaradıcı qüvvəsi var idi. Bütün bunları yalnız el aşıqları, xanəndələr və sazəndələr əvəz edirdi. Böyük sənətkar Üzeyir bəy müəllimlikdə və mətbuatda çalışmaqla yanaşı olaraq, Azərbaycan musiqisinin taleyi haqqında düşünür və onun gələcək perspektivlərini xəyalında canlandırırdı.
1922-ci ildə Bakıda Musiqi Texnikumu təşkil olunur. Azərbaycan xalqının bir sıra musiqiçi və bəstəkarlarının ilk təhsilini almağa başladıqları və yetişdiyi bu tarixi məktəbin təşkili və idarə olunması hörmətli sənətkar - müəllim Üzeyir Hacıbəyliyə tapşırılımışdı. Bu vaxra qədər musiqi məktəbi və musiqi təhsili nə demək olduğunu bilməyən əməkçi azərbaycanlı balaları, bu məktəbə axın-axın gəlməyə başlayır.
Burada Avropa musiqi alətləri: fortepiano, skripka, alt, violençel, kontrabas, fleyta, qaboy, klarnet, truba, valtorna və başqaları ilə yanaşı olaraq Azərbaycan xalqı çalğı alətləri - tar, kamança və dəf sinifləri təşkil olunmuşdu. Məktəbə qəbul olunmuş şagirdlərin istər valideynləri və istərsə bilavasitə özləri ilk öncə möhtərəm Üzeyir müəllimlə görüşərdilər; Üzeyir müəllim özünəməxsus təvazökarlıq və mehribanlıqla onları qarşılayır, musiqi qabiliyyətlərini yoxladıqdan sonra musiqi sənətindən, musiqi təhsilinin Azərbaycan xalqı üçün mədəni əhəmiyyətindən danışar, onlara ürək, ruh verib işə inamla yanaşmalarını tövsiyə edərdi. Üzeyir müəllim Musiqi Texnikumu şagirdlərinin hamısını çox yaxşı tanıyır, hər gün onların müvəffəqiyyətləri haqqında müəllimlərdən məlumat alar, hər bir şagirdin gələcək perspektivini təyin edərdi. Azərbaycanlı balalarının bu məktəbə olan şövq və həvəsi hədsiz idi. Maraqlı burasıdır ki, hələ o vaxt mövhumatın güclü olmasına baxmayaraq Musiqi Texnikumunda azərbaycanlı qızlar və oğlanlar bir yerdə dərs alırdılar və buna heç kimsə etiraz etməmişdi. Əksinə olaraq, məktəbə qəbul olunmaq istəyənlərin sayı gündən-günə artırdı. Məktəbin bütün müəllimləri də başda Üzeyir bəy olmaq üzrə, azərbaycanlı balalarından ixtisaslı musiqiçilər yetişdirməyə səy edirdilər. Üzeyir bəyin rəhbərliyi ilə Azərbaycanda ilk simfonik orkestr təşkil olunmuşdu.
1925- ci ilin may ayında Dövlət Opera Teatrının binasında Musiqi Texnikumu ilk hesabatını verirdi. Həmin gün şagirdlərin qüvvəsi ilə "Arşın mal alan" operettası tamaşaya qoyuldu. Dirijor böyük müəllimimiz Üzeyir bəy idi. Orkestrin içərisində mərhum cavan bəstəkarımız Asəf Zeynallı, Fuad Əfəndiyev, dirijor Əşrəf Həsənov, bəstəkar Əfrasiyab Bədəlbəyli, Niyazi, Səid Rüstəmov və başqaları iştirak edirdilər. Tamaşa olduqca müvəffəqiyyətlə keçdi. Azərbaycan xalqının mədəniyyətə doğru olan bu böyük tarixi addımını, yüksək insan duyğusuna malik olanların hamısı ürəkdən alqışlayırdı.
Üzeyir müəllimi bu böyük tarixi qələbə ilə hamı təbrik edirdi, müqəddəs sevinc hissi ilə dolan ürəklər, ixtiyarsız olaraq şadlıqdan yaşaran gözlər, hamısı sevimli müəllimimiz Üzeyir bəyə olan razılıq hissi idi. Üzeyir bəy mehribançılıq və məhəbbətlə Azərbaycanın musiqi kadrlarını yetişdirmişdir. O, Musiqi Texnikumunda və sonralar Konservatoriyada musiqi nəzəriyyəsi və harmoniya dərsləri ilə yanaşı olaraq, Azərbaycan xalq musiqi alətləri - tar və kamançanın not üzrə çalınması dərslərini də aparırdı. Azərbaycan xalq musiqi alətlərinin not üzrə çalınmasının da ilk təşəbbüsçüsü Üzeyir Hacıbəyov olmuşdur. Bu təşəbbüsün də həyata keçməsi asanlıqla meydana gəlməmişdi. "Azərbaycan musiqisi not ilə çalına bilməz, muğamat korlanar" və bu kimi cəfəng fikirlər yürüdənlərə qarşı mübarizə yolu ilə Üzeyir müəllim xalq musiqi alətləri çalanlarının da mədəni inkişaf yollarını təmin etdi. Həmin bu sinifdə təhsil alan tələbələrin qüvvəsi ilə 1931-ci ildə Radio Komitəsində Üzeyir bəyin rəhbərliyi ilə "Notlu Azərbaycan xalq çalğı alətləri orkestri" təşkil olundu. Indi bu orkestr möhkəmlənmiş, zəngin repertuara malik olmuş və xalqımızın hüsn rəğbətini qazanaraq öz fəaliyətinə davam etməkdədir.
Xalq çalğı alətləri üçün tədris materialları üzərində də Üzeyir bəy çox əmək sərf etmişdir. Məlumdur ki, tar, kamança bu vaxta qədər not ilə çalınmadığına görə buna müvafiq not materialı, ədəbiyyat yox idi. Üzeyir müəllim dərs prosesində bu ehtiyacı da dəf etmiş və bir neçə xalq çalğı alətləri üçün tədris ədəbiyyatını hazır etmişdir. Ən nəhayət, bu uzun təcrübələrin məhsulu olan "Tar məktəbi" və sonralar "Kamança məktəbi" və "Tar üçün etüdlər" adlı dərs kitabları Üzeyir bəyin tələbəsi (bu tələbə elə Səid Rüstəmovun özüdür - S.T.) tərəfindən onun yaxından köməyi və metodik göstərişləri əsasında yazılıb çap edilmişdir.
Üzeyir bəyin sinfində "Harmoniya" və "Azərbaycan musiqisinin əsaslarını" öyrənən bir qrup tələbələri: Asəf Zeynallı, Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyev müştərək olaraq "İbtidai not savadı" adlı kitabı 1928-1929-cu tədris illərində məhz onun məsləhəti və metodik göstərişləri əsasında yazaraq 1931-ci ildə çap etdirmişlər. Bu, Azərbaycan dilində musiqi nəzəriyyəsindən tədris materialı olmaq üzrə ilk addım idi. Üzeyir bəy daima dərs prosesindən irəli gəlmiş tələbələri ilə, Azərbaycan musiqisinin gələcək perspektivi və onun inkişaf yolları haqqında söhbət edər və qarşıda nə qədər böyük vəzifələr olduğunu söylərdi.
Bu vaxta qədər Azərbaycanda çoxsəsli xor yox idi. Üzeyir müəllim Konservatoriyanın azərbaycanlı tələbələrini toplayaraq təxminən 1927-1928-ci illərdə ilk dəfə olaraq 80 nəfərdən ibarər dörd səsli "Azərbaycan xoru"nun əsasını qoyur. Bu xor mədəniyyət saraylarında və bəzən rəsmi yığıncaqlarda çıxış edərək xalqımızın hüsn-rəğbətini qazanır və onları çoxsəsli xor dinləyişinə alışdırmaq kimi öz mədəni vəzifəsini yerinə yetirirdi.
Üzeyir bəyin müəllimlik fəaliyyətinin ən böyük və dünya musiqi mədəniyyəti üçün əhəmiyyətli olan məhsullarından biri də "Azərbaycan xalq musiqisinin əsasları" və "Azərbaycan məqamları nəzəriyyəsi"nin əmələ gəlməsidir. Üzeyir müəllim böyük yaradıcılıq işləri, gündəlik musiqi müəllimliyi fəaliyyəti ilə yanaşı olaraq yorulmaq bilmədən Azərbaycan musiqisinin elmi tədqiqi üzərində də çalışmışdır. O, Azərbaycan xalq musiqisinin tükənməz zənginliklərini, Azərbaycan muğamlarının əsaslarını dərindən öyrənmiş və onun elmi əsaslarını kəşf edərək dünya musiqisi üçün əhəmiyyətli olan "Azərbaycan muğamlarının elmi əsasları" adlı yeni musiqi fənnini yaratmışdır.
Üzeyir bəyin bu böyük əməyi uzun illərin inadlı zəhməti nəticəsində əmələ gəlmiş və Azərbaycan musiqi mədəniyyətinə ən qiymətli bir hədiyyədir. Onun müəllimlik fəaliyyəti və Azərbaycanda musiqi tədrisi işlərinə rəhbərliyi nəticəsində əvvəllər savadlı musiqiçi, mütəxəssis kadrosu olmayan Azərbaycan xalqının indi bir sıra bəstəkarları, dirijorları, pianoçuları, vokalistləri, simfonik orkestr musiqiçiləri, xoru, xalq çalğı alətləri orkestri, simli kvarteti və i.a vardır. Üzeyir bəy böyük insan, böyük sənətkar, böyük müəllim, Azərbaycan musiqisinin böyük alimi, Azərbaycan xalqının fəxri və başının ucalığıdır".
* * *
Biz də məqaləmizi ölməz bəstəkarımız Səid Rüstəmovun fikirləri ilə tamamlayırıq. Üzeyir bəyin ruhu daim Azərbaycan musiqisi üzərində pərvaz edərək sanki özündən sonrakı ardıcıllarının da yolunu müəyyənləşdirir. Bu əsil xalq müəlliminin əbədi məktəbidir. Bu məktəbin davamçıları hələ çox olacaq. Bizim də Üzeyir bəylə bağlı silsilə yazılarımız davam edəcək.
Səadət
Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.- 2010.-
23 iyul.- S. 7.