Milli
mətbuatımızın yubileyi Tbilisidə
qeyd olunub
Azərbaycanın
Gürcüstandakı səfirliyi Heydər Əliyev Fondunun dəstəyi
ilə İ.Cavaxişvili adına Tbilisi Dövlət
Universitetində (TDU) yaradılmış “Azərbaycanın
dostları klubu”nun auditoriyasında milli mətbuatımızın
135 illiyinə həsr olunmuş tədbir keçirib.
Tədbiri səfir Namiq Əliyev
açaraq Azərbaycan milli mətbuatının yaranma tarixi
barədə iştirakçılara ətraflı məlumat
verib. Diplomat ictimai rəyin formalaşdırılmasında mətbuatın
rolundan, ümummilli liderimiz Heydər Əliyevin milli mətbuata,
jurnalistikaya qayğısından, Prezident İlham Əliyevin
demokratik dəyərlərə söykənərək
ölkədə söz azadlığının
qorunmasında, KİV-lərə dövlət dəstəyinin
gücləndirilməsində ulu öndərin ideyalarına
sadiqlik nümayiş etdirdiyini vurğulayıb. Səfir
Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının
135 illik yubileyi münasibətilə xüsusi Sərəncam
imzalamasını bu sadiqliyin əyani təzahürü kimi
qiymətləndirib.
Namiq Əliyev Azərbaycan və
Gürcüstan jurnalistlərini ölkələrimiz
arasında münasibətləri obyektiv
işıqlandırmağa, jurnalistin hüququ kimi, vəzifəsini
də unutmamağa çağırıb.
İ.Cavaxişvili adına TDU-nun
rektoru Georgi Xubua jurnalistləri təbrik edib, onlara Azərbaycanın
haqq işinin dünya ictimaiyyətinə
çatdırılmasında uğurlar arzulayıb. Rektor
TDU-da azərbaycanlı tələbələrin sayının
getdikcə artdığını diqqətə
çatdırıb, bu il 200 azərbaycanlı abituriyentin
TDU-ya qəbul imtahanı verdiyini bildirib və
Gürcüstan-Azərbaycan münasibətlərinin yeni mərhələsində
jurnalistlərin də xüsusi xidməti olduğunu
vurğulayıb.
Gürcüstan parlamentinin
deputatı Ramin Bayramov jurnalistlərə peşə fəaliyyətində
uğurlar diləyib.
Tədbirin sonunda səfir Namiq Əliyev
və TDU-nun rektoru Georgi Xubua Azərbaycanın kütləvi
informasiya vasitələrinin Gürcüstandakı nümayəndələrinə
hədiyyələr təqdim ediblər.
Mədəniyyət.- 2010.-
23 iyul.- S. 8.