Səmimi, həssas duyumlu aktrisa

 

  Biz bir məhəllədə böyümüşük, Bakıdakı məşhur «Təzə bazar»ın yaxınlığında. O zamanlar istər məhəllədə, istərsə də məktəbdə onunla üz-üzə gələndə ayaq saxlayıb bu gənc qızın Allah vergisi olan gözəlliyinə heyranlıqla tamaşa edərdik. Çənəsindəki qara xal da ona yaraşıq verirdi.

  

   Bu gözəl qız Səfurə İbrahimovadır. O Səfurə İbrahimova ki, 60-70-ci, hətta sonrakı illərdə də istər teatr səhnəsində, istərsə də milli kinomuzda şöhrət çələnginə sahib olmuşdu.

   Səfurə xanım 1938-ci ildə Bakıda doğulub. 1960-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1964-cü ildə professor Rza Təhmasibin kursunu bitirib. Hələ birinci kursda oxuyarkən sənət müəllimlərinin diqqətini cəlb edib. Onun həm istedadlı olması, həm də qəşəng sifət cizgiləri, ifadəli gözləri, mənalı baxışları rejissorların da nəzərindən qaçmayıb. Səfurə elə birinci kursdan Akademik Milli Dram Teatrına dəvət edilib, İslam Səfərlinin «Ana ürəyi» tamaşasında Xatirə rolunda oynayıb. İlk rol, ilk uğur... Görkəmli sənətkarlarla bir səhnədə çıxış etmək gənc qızın sənətə olan məhəbbətini daha da artırıb. Səfurə İbrahimova institutu qurtarandan sonra teatrda ştata götürülüb. Xalq artisti E.Zeynalov Səfurənin ilk uğurlarını belə xatırlayırdı: “Deyirlər ki, qartal balasını havaya qaldırır, onu yüksək səmada buraxır və ürək döyüntüsü ilə necə uçacağını seyr edir. Bala qartalın qanadları kövrəkdir, o, titrəyir, çaşır, lakin yenə də uçur! Ana isə balasını hər fəlakətdən qoruyaraq ona daha sərbəst uçmağın yollarını öyrədir.

   Qartal haqqındakı bu rəvayəti mən, teatrımızın səhnəsində “Mariya Tüdor” tamaşasına baxarkən xatırladım. Səhnəmizin gözəl sənətkarlarından biri - Hökümə Qurbanova və institut skamyasından səhnəyə təzəcə qədəm qoymuş gənc artist Səfurə İbrahimova - Mariya və Cen. Bu səhnə doğrudan da ana və bala qartalın uçuşuna bənzəyirdi. Mahir aktrisa sənət aləminin dərinliklərinə getdikcə, gənc artist də özünü itirmədən onunla birgə “addımlayırdı”. Bu, Səfurə İbrahimovanın teatrın səhnəsində ilk böyük müvəffəqiyyəti idi”.

   Rejissor Tofiq Kazımov Cen rolunun ifaçısını məhz institut auditoriyasında axtarıb tapmışdı. Tamaşanın uğuru göstərdi ki, Azərbaycan səhnəsinə yeni bir istedad gəlir.

   O vaxtdan məhəlləmizin yaşlısı da, cavanı da Akademik Dram Teatrına, Səfurə İbrahimovaya baxmağa gedərdi. Səfurə xanım da teatrda tamaşadan-tamaşaya təcrübə toplayır, bir-birindən maraqlı obrazlar yaradırdı.

   Xaraktercə lirik-dramatik aktrisa olan S.İbrahimova yeri gəldikcə komik rolları da məharətlə ifa edirdi. Səfurə xanım «Alov»da Əsmər, «Əliqulu evlənir»də Qumral, «Mənim günahım»da Natəvan, «Əcəb işə düşdük»də Məlahət, «Həyatın dibində»də Vasilisa Karpovna, «Qızıldan qiymətli»də Nuneva və s. rollar oynayıb. Lakin o, bir sənətkar kimi «Toy» tamaşasında Kamilə, «Knyaz»da Jasmen, «İblis»də Rəna, «Canlı meyit»də Saşa, «Sevgililərin cəhənnəmdə vüsalı»nda Mədinə xanım, «Sənsiz»də Maral, «Pəri cadu»da Hafizə xanım, «Vaqif»də Gülnar, «Zıkovlar»da Pavla, «Əks-səda»da Çinarə, «Darıxma, ana»da Daduna, «Hamlet»də Ofeliya, «Sevil»də Sevil rollarında daha böyük sənət uğurları qazanıb. O, bir çox televiziya tamaşalarında da iştirak edib, təbii və səmimi oyunu ilə televiziya tamaşaçılarının qəlbinə yol tapa bilib.

   S.İbrahimova 1974-cü ildə milli teatrımızın 100 illiyi münasibətilə Əməkdar artist, 2002-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. «İblis» tamaşasındakı Rəna roluna görə, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

   S.İbrahimova teatrla yanaşı, kinoda da, televiziyada da, radioda da fəal çalışırdı. Hələ orta məktəbdə oxuyarkən bir qısametrajlı bədii filmə çəkilmişdi. Səfurə xanım özü bu barədə belə deyir: “Məni orta məktəbdə oxuyarkən kinoya dəvət ediblər. Yadımdadır, o vaxt sinfimizə gəlib kinoya çəkmək üçün qız uşağı axtardıqlarını dedilər. Gələnlərdən bir nəfər qadın sinfimizə göz gəzdirəndən sonra müəllimdən mənim üçün icazə istədi... Beləliklə, ilk dəfə rejissor Zeynəb Kazımovanın “Həyat öyrədir” filmində Leyla rolunda çəkildim.”

   Film 1961-ci ildə ekranlara buraxıldı. Sonradan o, 20-dən artıq filmə çəkildi, kino tamaşaçılarında özünə qarşı maraq oyatdı, parlaq təəssürat yaratdı.

   1965-ci ildə «Arşın mal alan» rəngli musiqili kinokomediyası ekranlara buraxılanda Səfurə İbrahimova məşhur kinoaktrisa kimi tanındı. Dahi bəstəkar Ü.Hacıbəylinin operettası əsasında ekranlaşdırılmış filmdə aktrisa Tellini özünəməxsus cizgilərlə canlandırıb. Rejissor T.Tağızadə Səfurə xanımı bu rola dəvət etməkdə səhv etməmişdi.

   Bir il sonra «Arşın mal alan» filminin yaradıcı qrupunun üzvlərindən rejissor T.Tağızadə, aktrisalardan S.İbrahimova L.Şıxlinskaya sovet kinematoqrafçıları nümayəndə heyətinin tərkibində Yaxın Şərq ölkələrində olmuş, İordaniya, İraq Suriyada keçirilmiş sovet filmləri həftəsində iştirak etmişdilər. Rejissor danışırdı ki, kino həftəsi günlərində bizim filmimiz böyük müvəffəqiyyət qazandı hər yerdə - Əmmanda, Bağdadda, Dəməşqdə kinoteatrların sahibləri proqramın uzadılması üçün bizi dilə tuturdular. «Arşın mal alan»ın xaricdə belə uğur qazanmasında bütün yaradıcı qrupun, o cümlədən aktrisa S.İbrahimovanın da əməyi az olmayıb.

   Bundan sonra o, «İstintaq davam edir» (qonşu), «O qızı tapın» (Xalidə), «Tütək səsi» (İsmət), «Şir evdən getdji» (epizod), «Əlavə iz» (Leyla), «İmtahan» (Dilarə), «Təxribat» (epizod), «Qətl günü» (Sədi Əfəndinin arvadı), «Hökm» (Suğra) filmlərində irili-xırdalı rollar ifa edib.

   Aktrisanın «Bizim Cəbiş müəllim» (Nəcəfovun arvadı), «Sevil» (Dilbər, film-opera), «Qatır Məmməd» (Həbibə), «Alma almaya bənzər» (Mədinə), «Dərviş Parisi partladır» (Sənəm), «Qayınana» (Sədaqət), «Sahilsiz gecə» (yaşlı Dürdanə) filmlərində yaratdığı obrazlar Azərbaycan kinoaktyor sənəti tarixində əhəmiyyətli yer tutur.

   Aktrisanın «Sevil» filmindəki qəhrəmanı Dilbər kazino müğənnisidir. Yüngül həyat sürən bu qadın bank müdiri Balaşın var-yoxunu ələ keçirmək üçün hər cür fırıldağa əl atır. Nəticədə nəinki onu müflis edir, həm ailəsini dağıdır. Aktrisa Dilbər obrazını dərin psixoloji hisslə ifa edib. Rejissor V.QorikkerSevil” film-operasında Dilbər rolunu Səfurə xanıma tapşıranda kinostudiyada böyük mübahisə qalxmışdı. İşçilər deyirdilər: “Səfurə hara, Dilbər hara? O, mülayim rollar ustasıdır. Öz ampluasına yad bir obraz olan Dilbərin - kazino müğənnisinin mənəvi çürüklüyünü, sərt təbiətini, açıq-saçıqlığını necə yarada biləcək?“

   Amma rejissor Səfurə xanımın teatrda oynadığı bir neçə rola baxandan sonra qəti şəkildə demişdi: “Ya Səfurə, ya da...yalnız Səfurə”. O mübahisələrdən sonra aktrisa özünə söz verdi ki, onun üçün amplua məhdudluğunun olmadığını, insanın zəhmətlə hər bir şeyə nail ola bilmək qüdrətini sübut edəcək. Elədi .

   Rejissor H.Seyidbəylinin Böyük Vətən müharibəsinə həsr etdiyi «Bizim Cəbiş müəllim» filmində maraqlı aktyor ansamblı çəkilib. Burada rolları N.Zeynalova, Ə.Ağayev, S.Ələsgərov, F.Salayev, Ş.Məmmədova, E.Zeynalov, S.İbrahimova kimi sənətkarlar ifa edirlər. Müharibədə Azərbaycan neftinin rolu ilk dəfə bu filmdə neftçi Nəcəfov vasitəsilə verilib. Filmdə Nəcəfovun arvadı rolunda S.İbrahimova çəkilib.

   Yer üzündə qədər insan varsa, bir o qədər xasiyyət var. Əgər aktyor obrazın xarakterini aça bilirsə, deməli, o, əsl sənətkardır. S.İbrahimova filmdə dramatik obraz, müharibə dövrü qadınlarının, namuslu, qeyrətli ana bacılarımızın ümumiləşdirilmiş surətini yaradıb.

   Aktrisa 70-80-ci illərdə üç filmdə - «Alma almaya bənzər», «Qayınana» «Sahilsiz gecə» filmlərində müasirlərimizin obrazlarını yaradıb. Birinci filmdə aktrisa şən gülərüz Mədinə rolunda çıxış edir. Şofer Qurban Mədinəni sevir, Mədinə isə ona «» deyir, «yox». Sehirli tumsuz almanı yeməklə gənc kolxozçu qız him-cimlə şoferə «» cavabını verir. «Arşın mal alan», «Dərviş Parisi partladır», «Qayınana» filmlərində olduğu kimi, bu kinokomediyada da aktrisa güclü yumor hissinə malik olduğunu bir daha göstərir.

   «Qayınana» filmində Səfurənin oynadığı Sədaqət Cənnətin qonşusudur. Cənnət o qədər hökmlüdür ki, gəlini kimi Sədaqətin gözünün odunu alıb. Sədaqət sadəlövh, mülayim həssas qızdır. Qonşu olmasına baxmayaraq o, Cənnətin sözündən çıxa bilmir, hətta qayınananın gəlini evdən qovması ilə bağlı ona fikrini qorxa-qorxa bildirir. Aktrisanın ifasında Sədaqət yaxşı qonşu, gözəl insan təəssüratı yaradır.

   Müasir mövzuda çəkilmiş üçüncü filmdə - «Sahilsiz gecə» sosial dramında S.İbrahimova yaşlı Dürdanə rolunda çıxış edir. Dürdanə gəncliyində ən çətin şəraitdə dözümsüzlük göstərib pis yola düşür. Lakin sonradan bu bataqlıqdan çıxmaq üçün özündə qüvvə tapır, düz yola qayıdır, ailə sahibi olur. Filmdə yaşlı Dürdanənin rolu kiçikdir. Buna baxmayaraq aktrisa bu personajı inandırıcı şəkildə oynayır, bizdə Dürdanəyə qarşı rəğbət hissi oyadır. Səfurə xanım Dürdanə obrazını yaratmaqla demək istəyir ki, insan hansı şəraitə düşürsə-düşsün özünü itirməməli, ömrünü ləyaqətlə yaşamalıdır.

   Son illər sevimli aktrisamız milli teatrın səhnəsində görünmür. Onun iştirakı ilə çəkilmiş filmlər isə televiziya ekranlarında ara-sıra göstərilir. Biz tamaşaçılar istər səhnədə, istərsə ekranda səni yeni-yeni tamaşalarda filmlərdə görmək istəyirik, Səfurə xanım!

  

 

   Aydın Kazımzadə,

   Əməkdar incəsənət xadimi

 

   Mədəniyyət.- 2010.- 23 iyul.- S. 10.