Oqtay
Rəcəbov - bəstəkar, alim və pedaqoq
Bəstəkar, alim və pedaqoq
Oqtay Rəcəbov. Bu görkəmli sənətkarın
yaradıcılığı ilə tanış olanda
qürur hissi keçirməmək olmur. O, həqiqətən
Azərbaycanın mədəniyyətini, musiqisini dünyaya
tanıdan sənətkarlardandır. Parlaq istedad sahibi olmaqla bərabər,
həm də zəhmətkeş sənətkardır. Bəstəkar
kimi daim axtarışda olub, bir-birindən gözəl
mahnılar bəstələyib.
“Anam Azərbaycan” (sözləri
Adil Babayevin), “Nəğmələr” (sözləri Bəxtiyar
Vahabzadənin), “Necə unudum səni?” (sözləri Zivər
Ağayevanın), “Zəfəran” (sözləri Nüsrət
Kəsəmənlinin), “Daha nə istəyirsən” (sözləri
Famil Mehdinin) və sair mahnılar dillər əzbəridir.
Bu mahnılar Şövkət Ələkbərovanın,
Mirzə Babayevin, Flora Kərimovanın, Yalçın Rzazadənin
ifasında populyarlaşaraq dinləyicilərin və
tamaşaçıların könlünü oxşayıb.
Eyni zamanda yaradıcılığının ilk
vaxtlarından irihəcmli vokal və instrumental əsərlər
də qələmə alıb. Uşaqlar və yeniyetmələr
üçün xeyli musiqi əsəri yazıb, bir çox
musiqi dərsliklərinin müəllifidir.
O.Rəcəbovun
yaradıcılıq uğurları görkəmli sənətkarların
diqqətini cəlb edib. Bu baxımdan onun görkəmli rus bəstəkarı,
akademik D.Kabalevski ilə yaradıcılıq əməkdaşlığını
xüsusi qeyd etmək lazımdır. 80-ci illərdə
görkəmli bəstəkar Tofiq Quliyev məqalələrinin
birində Oqtay Rəcəbovu «Qafqazın Kabalevskisi»
adlandırmışdı. O.Rəcəbov D.Kabalevski məktəbinin
ənənələrini ləyaqətlə davam etdirir və
yayır.
Bəstəkar-pedaqoq O.Rəcəbov
İncəsənət Gimnaziyasının
yaradıcısıdır. Gimnaziyanın yetirmələri beynəlxalq
miqyasda çoxsaylı uğurlar qazanıblar.
O, İncəsənət
Gimnaziyasında işlədiyi dövrdə (1992-2001) ölkəmizdə
ilk dəfə olaraq uşaqlar üçün opera
studiyası və kinostudiya yaradılıb. Orada uşaqlar, məktəblilər
opera və operetta janrında olan əsərlərdə aktyor,
rejissor və operator kimi çıxış edərək
qısametrajlı filmlər çəkilir.
O. Rəcəbov həm bəstəkarlıq,
həm də pedaqoji fəaliyyətində özünəməxsus
dəst-xətti ilə seçilir və tanınır. Onun
400-dən çox mahnısı müğənnilər və
uşaq xor kollektivləri tərəfindən çox maraqla
ifa olunur.
20-dək filmə musiqi bəstələyib.
Beş simfoniya, üç opera, iki operetta, kantata, instrumental
konsertlər, digər janrda əsərlər yazıb. Onun
musiqi yaradıcılığına diqqət yetirdikdə
görürük ki, balet janrı istisna olmaqla, musiqinin ən
müxtəlif janrlarında əsərlər yazıb və
böyük uğur qazanıb.
Elmi-tədqiqat işləri onun
yaradıcılığında xüsusi bir sahəni təşkil
edir. 1984-cü ildə namizədlik, 1992-ci ildə isə
doktorluq dissertasiyalarını müdafiə edib, professor
adına layiq görülüb.
O.Rəcəbov ötən il Rusiya
Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi
üzvü seçilib. Bu, doğrudan da, böyük nailiyyətdir.
Xalqımız belə sənətkarları ilə fəxr edə
bilər.
Savalan Fərəcov
Mədəniyyət.- 2010.-
23 iyul.- S. 12.