Şahmarın
şeirlərini oxuyanda Şuşalaşır,
Ağdamlaşır könlümüz
On il öncə elə yayda
dünyasını dəyişmiş Şahmar Əkbərzadə
Azərbaycan milli mətbuatının inkişafında əməyi
olan publisistlərdən biri idi. Ötən əsrin 70-ci illərində
ədəbiyyata, mətbuata gələn Şahmar Əkbərzadə
xeyli müddət «Azərbaycan gəncləri», «Kommunist»
(indiki «Xalq qəzeti») qəzetlərinin redaksiyasında
çalışıb. O, həm də «Mədəniyyət»
qəzetinin ilk baş redaktoru olub. Azərbaycan milli mətbuatının
135 illiyinin qeyd edildiyi bir vaxtda son iş yeri «Mədəniyyət»
qəzeti olan Şahmar müəllimi bu səbəbdən
ehtiramla xatırlayıram. Şahmar Əkbərzadə həm
də çox istedadlı şair idi. Bu məziyyət də
publisistikasına bir şirinlik bəxş etmişdi.
Bu nə sirdir, - hələ də
anlaya bilmirəm, Şahmar Əkbərzadənin adı çəkiləndə
qüssələnən könlümüzə bir təsəlli
də üz tutur. Sanki ondan yadigar qalmış misralar nikbinliyə
çıraq tutan aynaya dönür. Hər kəlməsində,
sözündə, misrasında vətən məhəbbətinin
ülviliyi duyulur. Ürəyinin alovlarından libas geyinmiş
poeziyasında külli Qarabağın özünü
görürük. Sanki xiffətimizə od vurulur, dərdimiz
damla-damla süzülərək eləcə külə
dönür. Dünənimiz dirilir, yeddi arxa dönənimizlə
üz-üzə gəlirik. Zəngəzura, Göyçəyə,
Kəlbəcərə, Cəbrayıla qayıdırıq.
Duyğularımız necə də ülviləşir,
könlümüz bir az da Şuşalaşır,
Ağdamlaşır.
Allah sənə rəhmət eləsin,
Şahmar Əkbərzadə! Sənin şeirlərində
perik düşmüş ruhumuz dinclik tapır. Laqeyd bir
münasibətdən inciyəndə, küsəndə,
haqsızlıqla üzləşəndə, qəlbimiz
ehtizaza gələndə poeziyana üz tuturuq. Bütün
umu-küsüləri, narazılıqları, şikayətləri
misralarınla dilə gətiririk.
Utanım yerinə, ay bulud, sənin,
Allahın altında ağ eləyirsən.
Alışır ciyəri
çölün, çəmənin,
Yağışı dənizə
səpələyirsən.
Azərbaycan ədəbiyyatında,
publisistikasında, poeziyasında öz yeri, öz sözü,
fərqli yaradıcılıq üslubu olan Şahmar Əkbərzadəni
qəfil itirdiyimiz gündən illər keçir. Bu itkinin
ağırlığı dünənin xatirəsindən,
bugünün pəjmürdəliyindən, sabahın
onsuzluğundan doğan sarsıntı kimi hisslərimizi bir kədərin
pəncəsinə sıxdı. Üstümüzə sanki
bir əlacsızlıq ələndi. Elə bil dünən
idi onun şeirlərini sevə-sevə oxuduğumuz və dinlədiyimiz
günlər. Şirin Qarabağ ləhcəsilə həmkarlarına
"nənə", "dədə" deyə müraciət
edərdi. Sözün doğmalığı ürəyimizə
bal kimi yayılardı.
Şahmarın "Mərkəzi
poçtxana", "48 ölçülü qadın
paltarı" kimi şeirlərinin ahəngindəki ruh hələ
də qəlbimizi tərk etməyib. Yadımdadır ki,
Şahmar Əkbərzadə həmin şeirləri
özünəməxsus avazla, məhəbbətlə necə
təsirli söyləyərdi. Yüz söz ustası, aktyor
yığışsaydı, Şahmarın şeirlərini
özü kimi səmimi, təbii deyə bilməzdi. O poetik əsərlərin
məzmunu yadımda qalsa da, Şahmarsız keçən
günlərin ağır kədəri məni başqa bir
şeirinə çəkdi:
Ölüm bilmir o dünyaya
köçən eşq,
Vulkan olub qaya çapır, dağ
yarır.
Candan-cana, qandan-qana keçən eşq,
Kişiliyi ölməzliyə aparır.
Şahmarı yaxından tanıyanlar
çox gözəl bilirlər ki, o, necə etibarlı və
mehriban insan idi. Dünyanın var-dövləti,
şan-şöhrəti eyninə gəlməzdi. Başdan-ayağa vətən üçün
çırpınan Şahmar adlı bir eşq idi. Elə bir eşq ki, özünün təbiri ilə
desək, "əcəl taxta çıxıb, kama
çatsa da", yenə də Şahmara əli yetmədi.
Çünki o, "Vətən
torpağını geyib əyninə", əslində
varlığından artıq sevdiyi torpağımıza
qovuşdu. Hamımızın gedəcəyi
bu yolda bizi əzən özgə dərddi. Öncə
Şahmar Qarabağdan nigaran getdi, Ağdamın ağ
günlərini görmədi, amma ürəyə bax ki,
Şahmar nə yazıb:
Ölüm də yalandır, itki də yalan,
Dünyada müqəddəs çevrilmələr
var.
Bəlkə də elə bu inama söykəndiyindən
Şahmar Əkbərzadə ölümlə bağlı
yazdığı şeirlərində həmişə nikbin
və həyatsevər idi:
Qorxum yoxdur
Ömrün son nöqtəsindən!
Nöqtələşib torpaq içrə
İtəcəyəm.
Yer altından
Göy ot kimi baş qaldırıb
Vergül-vergül bitəcəyəm.
Torpağımızın halallığından
barlanan, dağlarımızın vüqarından qürurlanan
və bunları öz şeirlərinin mayasına toxum kimi səpərək
göyərdən şair elə bil dünyamızdan nakam gedəcəyini
bilirmiş. Ondan sonra qalanlar özünə bu həsrəti
ağır dərd eləməsinlər deyə, sanki əvvəlcədən
təsəlli kimi yazırdı:
Qızıl zəmilərin həzin səsini,
Şirin laylasını öpüb gedirəm.
Yerlərin, göylərin rayihəsini,
Gözümə, könlümə təpib
gedirəm.
Bir ağrılı cəhət var ki, məzmunlu
və bitkin poeziyası, eləcə də publisistikası ilə
seçilən Şahmar Əkbərzadənin
yaradıcılığı nə sağlığında, nə
də ölümündən sonra ətraflı təhlil
edilib. Halbuki bu şairin elə şeirləri
var ki, tək bir beytinin qarşısında heyrətlənib
saatlarla düşünmək olur. O bu dünyada öz
ömrünü, öz qismətini yaşadı. Cəmi 59 baharın içində yazdı,
yaratdı, sevdi, ucaldı, duydu, kövrəldi. Beş
addımlıq ömür yolunda - həyatın bütün
tufanlarında, qasırğa və keçilməzliklərində
öz mərdanəliyi, kişi
bütövlüyü, şair ürəyi, vətəndaş
qeyrəti ilə çəkildiyi sınaqlardan qalib
çıxdı. Həyatda azömürlü, uca qamətli,
poeziyamızda isə azkitablı, şahmisralı oldu
Şahmar! Təsadüfi deyildir ki, Xalq şairi
Bəxtiyar Vahabzadə Şahmar Əkbərzadənin bir
sıra şeirlərini "Poeziyamızın nailiyyəti"
adlandırmışdır. Çox uzaq illərdə
bizi Cənub həsrəti üzəndə Şahmar hələ
gənclik illərində bu hicranı "Dağdağan"
adlı bir şeirində belə ifadə edirdi:
Sərhəd kənarında cavan yaşımda,
Həsədim utanıb yerə girirdi.
İki quş dimdiyi ağac başında,
Vətəni Vətənə birləşdirirdi.
Bu, Şahmar yanğısı idi. Və bu yanğı səngimədi. Şairin
bu mövzuda "Tüstümüz", "Eşmə",
"Bu sənsən?", "Tikan, gəl öpüşək",
"Salam de", "Dayanın", "Əlvida" və
başqa şeirlərində qəlb titrədən,
düşündürən poetik sualları, nidaları var. Elə
bu həyəcan və üzüntülər də Şahmar
ömrünü dəryaz kimi biçib-tükəndirdi. Dərd dərdi yetişdirdi, alov alova
qarışdı. Namərd
qonşularımızın qədim torpaqlarımızda
qopardığı tufan Şahmarın həssas və zərif
ürəyində çalağan kimi lövbər salaraq
bütün varlığını didməyə
başladı. Vətən məhəbbətindən
doğan şeirləri o qədər güclü, təsirli,
yaddaqalan, bir ordunu səfərbərlik edən qüdrətə
malikdir ki, bir məsələyə təəccüblənməyə
bilmirsən. Niyə ekranda, efirdə bu
şeirlər səslənmir? Niyə bədii
qiraət ustaları (bəziləri istisna olmaqla)
Şahmarın şeirlərini müxtəlif
görüşlərdə, tədbirlərdə söyləmirlər?
Bəstəkarlar niyə zəif, məzmunsuz mətnlərə
musiqi yazırlar? Halbuki Şahmarın
şeirlərindəki ruh insanı həmişə
ayıqlığa, sayıqlığa
çağırır. Bütün varlığı ilə
ana torpağına bağlı olan Şahmarın bir devizi var
idi: "Sən ikihecalı bir sözsən: Və-tən, sətirdən-sətrə
keçirilmisən". Araz, Təbriz nisgili ilə
poeziyaya gələn, Qarabağ, Zəngəzur, Kəlbəcər,
Göyçə həsrəti ilə yanıb pörşələnən
Şahmar Əkbərzadə əslində vətəndə
bir qərib ömrü yaşadı. Şeirləri ilə
çəkdiyi dərdlərə özü ağı
söylədi:
Zəngəzurda, Laçında kəndirləri kəsilən,
Xocalıda, Şuşada bağrına
dağ basılan.
Mərcanlıda, Tərtərdə şaqqalanıb
asılan,
Yolum, layla, a layla!
Belə dərdli günlərində
ürəyindən keçirdi ki, "Segah"ı ilə qəlbimizi
titrədən, bizi doğma yerlərə qanadlandıran xanəndə
Arif Babayevi dinləsin. Bunun da öz mənası
var idi. Arifin yanıqlı səsində, xoş
avazında Şahmar Əkbərzadə həmişə
Ağdamı görürdü, Şuşanı
xatırlayırdı:
Oxu, yuxularım ərşə çəkilib,
Səsinə baş qoyub yuxlayım, Arif!
Uçum röyalarda Cıdır düzünə,
Əsir çiçəkləri qoxlayım, Arif!
Bir ağız "Qarabağ şikəstəsi"ni yaralı könlünə duz kimi basaraq bunu
alın yazısı kimi dəyərləndirən Şahmar Əkbərzadə
üzünü uca Tanrıya tutub ah çəkirdi: "Qədim
Qarabağa sitəm edilir, sitəmdən milləti qoru,
Allahım!"
Hərdən də tənhalaşmağı
çox sevərdi Şahmar. Belə
hüznlü anlarında da cismi Bakıda, bütün fikri, xəyalı
doğma yurdda olardı. Ürəyini üzən suallar
misra-misra gözlərindən süzülən incilərə
qarışaraq ağ vərəqdə
naxışlanardı:
Qarabağdan əsən yellər,
Cığırlarım yol olubmu?
Mənsiz Damcı bulağının
Göz yaşları sel olubmu?
Ahəngindən dərd süzülən
bu sualların ağır cavabları isə ürəyinə
köz kimi sıxılırdı. Dərdi
dərdə bağlanırdı, yuxuları ərşə
çəkilirdi.
Elə bu səbəbdən də
çoxumuz üçün etibar və sədaqət
timsalı sayılan şair qardaşımıza məhz
öz ürəyi vəfasızlıq etdi. İmkan vermədi ki, evinin qapısını
açıb içəri girsin. Elə
astanadaca əli ürəyinin başında bir nur heykəlinə
döndü. Döyünməkdən,
yaşamaqdan əl çəkdi.
Təsəllimiz onadır ki, Şahmar Əkbərzadə
söz adamı idi, şair idi, kamil publisist idi. Ürəyinin paytaxtı bildiyi doğmaca Çəmənliyə
cismi olmasa da, ruhu yetdi. Bu torpağın, bu
millətin əslində bir parçası idi Şahmar və
onun şair könlündə işğal altında
sızıldayan yurd yerlərimizin yarası göynəyirdi.
Özü Bakıda yaşasa da, fikri-zikri
dağlarda qalmışdı. Şeirlərinin
çoxunda bu nisgilin həzinliyini duyuruq:
Ovut bircə hovur məni,
Əcəl yaman qovur məni.
Mən öləndə çevir məni,
Üzü dağlara-dağlara.
Çəkdiyi
əzablar, vətən həsrəti Şahmarın şair
ömrünü elə atəşlərə tuşladı
ki, sözü yaşadı, özü kül oldu. Şahmar Əkbərzadə çox həssas şəxsiyyət
idi. Təbiətindəki sadəlik onu
hamıya sevdirmişdi. Bilsəydi ki, bir
problemin var, uşaq kimi önə düşüb onu həll
etməkdə sənə yardımçı olardı. Şəvə rəngli, gur, qıvrım
saçları son illərdə ağarmışdı.
Qarabağın qara günləri onu qar zirvəli
dağlara döndərmişdi. Üzləşdiyi
haqsızlıqlara tab gətirmək üçün bəzən
şeirləri ilə özünü səbirli olmağa
çağırırdı:
Körpü mənim, keçən özgə,
Bulaq mənim, içən özgə.
Əkən mənəm, biçən
özgə.
Döz, bağrı daş olan könlüm!
Amma bu səbirdiləmələr də,
dözümlü olmağa səsləyən
çağırışlar da köməyə yetmədi.
Çünki vətən dərdi
Şahmarın sinəsində at kimi kişnəyirdi. Ah-vayıyla tar-kamanı bilinməyən,
qarğası ilə qartalları dəyişik düşən
bir zamanda ürək gərək dözmək
üçün daşdan yaranaydı. Güllələnmiş
abidələrin önündə keçirdiyi
sarsıntılar ruhuna od
salmışdı onun. İnana bilmirdi ki, heykəllər
şəhid olar. Bax, bu dərdlər apardı
Şahmarı. Sanki hər şeyi əvvəlcədən
bilirmiş, "Anam Azərbaycana" adlı bir bəndlik
şeirində görün nə yazıb:
Ölüm ayağının altında,
İtim ayağının altında.
Bir
Bitim ayağının altında.
Bu poetik vəsiyyət həm də Şahmar
Əkbərzadə yaradıcılığının əbədiyaşarlıq
tapmış himni idi.
Flora Xəlilzadə
Mədəniyyət.- 2010.-
23 iyul.- S. 13.