Gəncədə dekorativ tətbiqi sənət əsərləri
sərgisi açılıb
Gəncədə 3-cü respublika
dekorativ tətbiqi sənət əsərləri sərgisi
açılıb. Mədəniyyət və Turizm Nazirliyinin
təşəbbüsü ilə təşkil olunan sərgidə
9 rayondan 37 sənətçinin 100-dən artıq əl
işləri nümayiş etdirilir.
Sərgidə nümayiş olunan və
Azərbaycan mədəniyyətinin rəngarəngliyini əks
etdirən xalçaçılıq, tikmə, ağacoyma,
metalişləmə, misgərlik və müxtəlif əşyalardan
hazırlanmış əl işləri
tamaşaçılar tərəfindən böyük maraqla
qarşılanır.
Mədəniyyət və Turizm
Nazirliyinin nəzdində fəaliyyət göstərən
Elmi-metodiki mərkəzin şöbə müdiri Rafiq
Quliyevin verdiyi məlumata görə, sərginin təşkilində
əsas məqsəd Azərbaycanın yaddan
çıxmış sənət növlərini üzə
çıxarıb yaşatmaqla yanaşı, bu sənət
nümunələrini dünya ictimaiyyətinə
çatdırmaqdır. Bu məqsədlə sərgidə
nümayiş olunan ən yaxşı əl işləri
seçilərək 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü ərəfəsində
Rusiyanın paytaxtı Moskvada açılacaq sərgidə
nümayiş etdiriləcək. Orada bəyənilmiş əsərlərin
Avropa sərgilərinə çıxarılması nəzərdə
tutulub.
Respublika dekorativ tətbiqi sənət
sərgisi Gəncədən əvvəl Cəlilabad, Balakən
və Şabran şəhərlərində keçirilib.
Mədəniyyət.- 2010.-
28 iyul.- S. 3.