Beynəlxalq İstanbul Opera
Festivalı “Koroğlu” ilə
yekunlaşıb
“İstanbul - Avropa Mədəniyyətinin
Paytaxtı-2010” tədbirləri çərçivəsində
iyulun 2-dən başlanmış Birinci Beynəlxalq
İstanbul Opera Festivalına iyulun 23-də İstanbulun Halic
Konqres Mərkəzinin səhnəsində “Koroğlu”
operasının nümayişi ilə yekun vurulub.
TÜRKSOY-un təşəbbüsü
ilə hazırlanmış tamaşanı Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin mədəniyyət
və turizm naziri Ərtoğrul Günay, TÜRKSOY-un baş
katibi Düsen Kaseinov, ölkəmizin İstanbuldakı baş
konsulu Həsən Zeynalov, türkdilli ölkələrin
diplomatik nümayəndəliklərinin rəhbərləri
tamaşaya baxıblar.
Azərbaycanın dahi bəstəkarı
Üzeyir Hacıbəylinin bu ölməz əsərinə
ötən il professor Əflatun Nemətzadə quruluş verib.
TÜRKSOY-un layihəsinə Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan, Rusiya
Federasiyasının Tatarıstan və Başqırdıstan
respublikalarından 250 opera sənətçisi rol alıb və
tamaşa Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində
böyük uğurla qarşılanıb. İstanbul
tamaşasında Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və
baş dirijoru, Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə
Dövlət Akademik Opera və Balet Teatrının orkestri,
Dövlət Xor Kapellasının artistləri iştirak ediblər.
Koroğlu rolunu tatarıstanlı opera sənətçisi Əhməd
Aqadi, Nigar rolunu Qazaxıstanın məşhur opera müğənnisi
Guizat Daurbayeva ifa ediblər.
Mədəniyyət.- 2010.-
28 iyul.- S. 4.