Borçalıda Elat Mədəniyyəti Günləri

 

   Gürcüstanın Dmanisi rayonunda “Borçalı Türklərinin II Elat Mədəniyyəti Günləri” bayramı keçirilib. Tədbir “Borçalı” İctimai Cəmiyyətinin təşəbbüsü ilə gerçəkləşib.

  

   Tədbirdə Bakı, Tbilisi, Marneuli, Bolnisi, Qardabani, Saqareco, Msxeta və digər yerlərdən gələn qonaqlar iştirak ediblər. Tədbiri “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli açaraq, bir il ərzində cəmiyyətin gördüyü işlər barədə çıxış edib. Sonra o, Gürcüstan-Azərbaycan dostluğundan danışaraq Borçalıda belə bir bayramın ikinci dəfə keçirildiyini vurğulayıb. Tədbirə qonaq qismində qatılan Türkiyənin Gürcüstandakı səfirliyinin müşaviri Əhməd Ərdəm, Azərbaycanın Gürcüstandakı səfirliyinin attaşesi Fəxri Hacıyev, “Zəngəzur” cəmiyyətinin sədri Tamxil Ziyəddinoğlu, Şair Mədəd Coşqun, Osman Əhmədoğlu, aşıq Aslan Kosalı, aşıq Vəkil və başqaları çıxış ediblər.

   Folklorşünas alim Elxan Məmmədli bildirib ki, bu bayram təkcə Azərbaycanın, Gürcüstanın bayramı deyil, beynəlxalq bayramdır: “Bu gün burada İrandan, Türkiyədən gələn qonaqlar öz sözlərini dedilər. Bu bayram bizi birliyə çağırır. Bayramın keçirilməsində məqsəd soydaşlarımızın doğma yurda bağlılığını və gürcü və azərbaycanlıların əlaqələrini möhkəmləndirmək, Borçalı mədəniyyəti və folklorunu tanıtmaq və inkişaf etdirməkdir”.

   Xatırladaq ki, Borçalıda I Elat Mədəniyyəti Günləri ötən ilin iyulunda keçirilib.

 

 

   Mədəniyyət.- 2010.- 28 iyul.- S. 4.