“Ən böyük mükafatım şagirdlərimin
uğurudur”
Aşıq Nemət
Qasımlı: “XXI əsr aşıq sənətində
şagirdlərimin əsri olacaq”
18 il bundan əvvəl öz təşəbbüsü
ilə musiqi məktəbi nəzdində saz sinfi açan,
ötən illər ərzində saysız-hesabsız
şagirdlərinə aşıq sənətinin sirlərini
öyrədən aşıq Nemət Qasımlının ən
böyük arzusu bu sənəti layiq olduğu ucalıqda
görməkdir.
Söhbətimiz zamanı
tanınmış aşıq saz sənətinin incəliklərindən,
şagirdlərinin uğurlarından, bir az da özündən
danışdı.
- Gədəbəy rayonunun
Kiçik Qaramurad kəndində ziyalı ailəsində
dünyaya gəlmişəm. Atam fizika-riyaziyyat müəllimi,
anam həkim olub. Ailədə beş uşaq olmuşuq,
dördümüz ali təhsil almışıq.
Gözümü açanda evimizdə kitablarla yanaşı
saz görmüşəm. Deyərdim ki, atamdan, anamdan sonra həyatda
və sənətdə ilk müəllimim böyük
bacım, şairə Məlahət Yusifqızı olub. O,
saza-sözə bağlı bir insandır. İlk dəfə
respublikamızda “Sazçı qızlar ansamblı”nı da o
yaradıb. Aşıq sənətinin incəlilkərini, sirlərini
mənə öyrədən, bu sənəti mənə
sevdirən də elə o olub. Ondan öyrəndiklərimi
sonralar heç bir yerdə öyrənə bilmədim.
Evlərində musiqi alətlərinin
sayı çox olsa da, Nemət könlünü saza
bağlayır. İlk dəfə birinci sinfə gedərkən
özündən böyük sazını da məktəbə
aparır. Odur-budur saz onun sirdaşı, könül
yoldaşı, yol yoldaşıdır.
“Gədəbəyin
yazı, aşığın sazı”
- Üçüncü sinifdə
oxuyanda rayonda “Gədəbəyin yazı,
aşığın sazı” adlı böyük bir bayram
keçirildi, əslində Novruz bayramı idi, amma sovet
rejimində yaşadığımıza görə bu tədbiri
sırf Novruz bayramı adlandırmırdılar. İlk dəfə
o tədbirdə tanınmış aşıqlarla birlikdə
çıxış etdim. Tədbir stadionda keçirilirdi. Rəhmətlik
Mikayıl Azaflı da o bayramda Dədə Qorqud obrazında
çıxış edirdi. Yadımdadır, maşında
stadionu dolanıb məşəli yandırdı. Tədbir
haqqında televiziyada qısa bir süjet - hardasa 30 saniyə
olardı, ya olmazdı - göstərdilər. O kadrlarda məni
də göstərmişdilər, sevincimdən yerə-göyə
sığmırdım. Bu hadisə məni bir az da
ruhlandırdı. Beşinci sinifdən sonra Gəncədən
o yana bütün tədbirlərə dəvət olunurdum.
Tələbə-müəllimin
ilk saz sinfi
- Uşaq yaşlarından müəllim
olmaq qərarına gəlmişdim. Hələ orta məktəbdə
oxuyarkən uşaqları başıma yığıb onlara
saz sənətindən eşitdiklərimi, bildiklərimi
öyrədirdim. Təbii ki, bacardığım kimi öyrədirdim.
Qarşıma məqsəd qoymuşdum ki, ali məktəbə
daxil olsam, saz məktəbi açacam. Mədəniyyət və
İncəsənət Universitetinə qəbul olundum və
arzumu reallaşdırmaq üçün Bakıdakı bir
çox musiqi məktəblərinə üz tutub saz sinfi
açmaq istədiyimi bildirdim. Nə gizlədim, o vaxtlar saz
adını eşidəndə çoxları məni
yaxına qoymadılar. 1992-ci ildə Qara Qarayev adına 8
saylı Musiqi Məktəbinin direktoru Rəna Rəhimovadan
xahiş etdim ki, saz sinfi açmağıma kömək etsin.
İkinci kurs tələbəsinin
saz sinfi açmaq istəyini eşidən Rəna xanım onu
təmkinlə dinləyir və kömək edəcəyinə
söz verir.
- 1992-ci ildə bu məktəbdə
saz sinfi açdım. Az bir vaxtda 35 uşaq
yığışdı. Böyük həvəslə 4 ay dərs
keçsəm də, maaş almırdım. Sən demə, Rəna
xanım məni sınağa çəkirmiş. Fikirləşirmiş
ki, cavan adamdır, birdən dərsləri
yarımçıq qoyub gedər, birdən bacarmaz,
özünü doğrultmaz. Nəhayət, 4 aydan sonra mənə
qulaq asmaq üçün müəllimlərdən ibarət
konsert təşkil etdi. Zalda məktəbin 100-dən çox
müəllimi iştirak edirdi. Çaldılar-oxudular,
növbə mənə çatanda sazla səhnəyə
çıxdım, gülüşdülər. Deyim ki,
çox pərt oldum. İstədim səhnəni tərk edim,
birdən elə bil qulağıma səs gəldi ki, bundan
ötürü mübarizə aparırdın? Rəna
xanım bunu hiss etdi, ayağa qalxıb dedi ki, Nemət, mən
sənə qulaq asıram, qayıt, ifa et. Geri döndüm, o
vaxtlar “Lambada”nın, türk mahnısı “Şinanay”ın dəbdə
olan vaxtları idi. Əvvəlcə bu mahnıları sazda
çaldım. Çünki zalda oturan müəllimlərin
80 faizi rusdilli idi. Hiss etdim ki, birbaşa saz havaları ifa etsəm,
bunlara çatmayacaq. Bu mahnıları ifa edəndə zal cana
gəldi. Bu havaların ardınca popuri formasında 6 saz
havası çaldım. Alqışların ardı-arası
kəsilmədi. Zaldan suallar yağdı, məndən üzr
istəməyə başladılar ki,
bağışlayın, biz sazı belə görməmişdik.
Direktor səhnəyə qalxdı, dedi ki, mən həmişə
hesab eləmişəm bütün alətlərin
şahı pianinodur, bu gün saza qulaq asandan sonra etiraf edirəm:
bütün alətlərin şahı sazdır. Sadəcə
onun ifaçısı lazım imiş. Bu formada ilk dəfə
saza qulaq asdım, saz çox möhtəşəm alətdir.
Mənim sınaq müddətimə
o gündən son qoyuldu. Sonra çətin günlərim
başladı. Çünki məktəbdə çox ciddi
qayda-qanun vardı, işə bir saniyə gecikmək
olmazdı, eyni zamanda institutun öz problemləri, illərlə
arzusunda olduğum saz sinfinin öz qayğıları, öz
çətinlikləri... İki il
qarşılaşdığım bütün çətinliklərə
dözdüm. Həmişə özümü
inandırırdım ki, gələcəkdə yaxşı
şagirdlərim olacaq, aşıq sənətinin
inkişafı yolunda nə isə edəcəm.
Nemət iki il ərzində
yaxşı müəllim kimi böyük nüfuz qazanır.
Yetirmələrinin valideynləri onun əməyini yüksək
qiymətləndirir, “sazı onun qədər sevən və sənətini
onun qədər ürəkdən şagirdlərinə
öyrədən müəllim az-az olur” deyirlər.
Saz sinfinin proqramı
- Saz sənəti üzrə ilk dərs
proqramının müəllifi də mənəm.
Çünki o vaxta kimi musiqi məktəblərində saz
sinfi olmamışdı. 160-a yaxın saz havası bilirəm.
1995-ci ildən AMEA-nın Folklor İnstitutunda da işləyirəm.
Zodlu Abdullanın yaradıcılığından elmi iş
yazıram, artıq tamamlamaq üzrəyəm. Sazın həm
nəzəriyyəsi, həm praktikası ilə məşğul
olduğuma görə, proqram hazırlayanda oraya 87 aşıq
havası daxil etdim. Böyük çətinliklərlə
qarşılaşsam da, bu proqram sonda təsdiq olundu.
Ustad-şagird ənənəsi qalmaq şərti ilə
uşaqlar 5 il müddətində bu proqram üzrə təhsil
alırlar.
Çalışıb
birinci olmaq
- Tezliklə şagirdlərim tədbirlərdə
iştirak etməyə başladılar. Qərara gəldim ki,
başqa məktəblərdə də saz sinfi açım.
1996-cı ilin əvvələrində Niyazı adına 22
saylı Musiqi Məktəbində, daha sonralar iki məktəbdə
də saz sinfi açıb aşıq sənətinin bilicilərini
o məktəblərə cəlb etdim. O vaxtdan bu yana
bütün müsabiqələrdə birinci yeri şagirdlərim
tutur, ikinci yer olsa, o yer də mənim şagirdlərimindir. Bu
gün şagirdlərimlə fəxr edirəm. Onların
arasında Prezident təqaüdü alan, aşıq sənətini
layiqincə təbliğ edən şagirdlərim də
çoxdur. UNESCO üçün çəkilmiş filmdə
şagirdlərim çıxış etdilər, mənim tədris
proqramımdan da fraqmentlər göstərdilər. Bayaq dedim
ki, sazın yolunda çətinliklər çəkirdim, ancaq
bu günü görürdüm. Mənim ən böyük
mükafatım şagirdlərimin uğurudur. 1992-ci ildə
kimin ağlına gələrdi ki, bir vaxt yetişəcək,
saz, aşıq sənəti UNESCO-nun mədəni irs
siyahısına daxil ediləcək.
Ayrı-ayrı ölkələrdə,
o cümlədən Türkiyədə, Fransada, Almaniyada,
Rusiyada, İranda keçirilən festivallarda Azərbaycan mədəniyyətini
layiqincə təmsil edən Nemət Qasımlı
üç dəfə aşıqlar qrupunun rəhbəri kimi
UNESCO-nun tədbirlərində iştirak edib.
- Mən prinsipial adamam.
Özümü də, millətimi də sevənəm.
Yadımdadır, əvvəllər sazla ora-bura
çıxanda sıxılırdıq. Amma XXI əsr
aşıq sənətində mənim şagirdlərimin əsri
olacaq.
Bu sözləri deməyə bəlkə
də Nemət Qasımlının mənəvi haqqı
çatır. Çünki bu il aprelin 28-də Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov
adına Mahnı Teatrında aşıq Nemət
Qasımlının şagirdlərinin möhtəşəm
konsert proqramı böyük maraqla qarşılandı.
- Çoxları üçün
maraqlı görünə bilər ki, bu konsert
üçün niyə 28 aprel tarixini seçdim. Bizim
aşıq sənətinə ən böyük zərbəni
sovet hökuməti vurub. Çünki saz xalqın dilini, mənəviyyatını,
ruhunu, keşmişini yaşadır. Saza qulaq asan bilir ki, o necə
böyük bir millətin övladıdır. Ona görə
də o zamanlar kimliyimizi unutdurmaq, özümüzü
özümüzə yadlaşdırmaq üçün
birinci zərbə saza vuruldu. Sovet hökuməti 28 apreldə
Azərbaycanı işğal eləmişdi, mən o gün
29 şagirdimlə çıxış edib demək istədim
ki, ruhu olan bir xalqı özündən uzaqlaşdırmaq,
özünə yadlaşdırmaq olmaz.
Bu günə kimi 460-dan çox şagirdim olub. Onlardan 65 nəfəri
mənimlə səhnədə
çiyin-çiyinə aşıq
sənətini təbliğ
edir. O konserti keçirməkdə məqsədim
isə sənətdə
güclü olub üzdə olmayan şagirdlərimi tanıtdırmaq
istəyi idi. Gecədə
29 şagirdim gözəl
sənət nümayiş
etdirdilər. Konsert proqramı
qurtarmışdı, tamaşaçılar
durub getmək istəmirdilər. Müəllim
üçün bundan
böyük xoşbəxtlik
ola bilməz.
Bir zamanlar saysız-hesabsız şagirdlərinin
olmasını arzulayan
Nemət Qasımlı
saz sinfi açıb formalaşdırsa
da, aşıq sənəti ilə bağlı arzuları hələ çoxdur.
- Mənim bircə
arzum olub, o vaxt da, elə
bu vaxt da,
aşıq sənəti
şah sənətidir,
o sənətə belə
yanaşılmalıdır. Aşığa müqəddəs bir varlıq kimi baxılıb, bundan sonra da
baxılmalıdır. Biz aşıqlar özümüzü
elə aparmalıyıq,
elə davranmalıyıq
ki, bizi görəndə hamı ehtiramla yanaşsın.
Səhnədə də, elə
həyatda da.
Təranə
Məmmədova
Mədəniyyət.- 2010.-
28 iyul.- S. 5.