Onun yeri həmişə görünəcək...

 

   Vasif Adıgözəlov - 75

  

   Azərbaycan radiosunda hazırladığım “Kinomusiqi” verilişində söhbətlərimizin birində belə demişdi Vasif müəllim: “İnsan günlər ötdükcə dönüb arxaya baxmalıdır. Bu ötən illərdəki səhvləri təkrarlamamaq üçünya boşluqları doldurmaq üçün çox vacibdir. Çünki sənətkar daim xalqla təmasdadır, xalq qarşısında böyük məsuliyyət daşıyır. Sənətkar dünənlə bu gün arasında bir körpü yaradaraq daim xalqa hesabat verməlidir”.

  

   Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun bu fikirləri sanki bir tövsiyədir. Vasif müəllim həm həyata, həm sənətə baxışı ilə Üzeyir bəy məktəbinin layiqli davamçısı olub. Elə bu ərəfədə, yəni Üzeyir Hacıbəylinin 125 illik yubileyi ərəfəsində Vasif Adıgözəlovun da 75 illiyinin qeyd olunmasının simvolik bir anlamı var.

   Üzeyir bəy Azərbaycan mədəniyyətinin, musiqi sənətinin inkişafı üçün savadlı kadrların yetişməsində müstəsna xidmətlər göstərib. Onun yolunun davamçıları da mənəvi müəllimlərinin ənənələrinə sadiq qalıblar. Bu xüsusda Vasif Adıgözəlovun Üzeyir bəy haqqında fikirlərini xatırlamaq yerinə düşər.

   Üzeyir bəy biz bəstəkarların mənəvi atasıdır. Onu heç vaxt sadəcə bəstəkar kimi qəbul etmək olmaz. Onun Azərbaycan xalqının mədəniyyətinin inkişafı yolundakı xidmətləri misilsizdir və ən böyük fədakarlıqdır. Professional musiqimizin meydana gələn ilk janrları məhz Üzeyir bəyin adı ilə bağlıdır. Onun irsi çox zəngin bir mənbədir. Mən bu dahi şəxsiyyətin musiqisindən və ruhundan həmişə mənəvi qida alıram”.

   Elə unudulmaz bəstəkar Vasif Adıgözəlovun öz musiqisibizim üçün mənəvi qidadır. Çünki onun həyatı və yaradıcılığı milli köklər üzərində formalaşıb. Vasif müəllimi vətənpərvər, bir şəxsiyyət kimi yetirib boya-başa çatdıran mühit vardı. O, Azərbaycanın unudulmaz sənətkarı Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açmış, xalq musiqisinin havasında böyümüşdü. Tanrının ona bəxş etdiyi böyük istedad muğamlarımızın təsiri ilə təşəkkül tapmışdı. Dünya şöhrətli bəstəkar Qara Qarayevdən sənət dərsi almışdı. Daha neçə-neçə görkəmli simalarla ünsiyyətdə olub həyatda pillə-pillə yüksələrək sənətin zirvəsinə ucalmışdı. O zirvə ki, ondan sonra əbədiyyət gəlir. Odur ki, əbədiyyətə qovuşdu.

   Həmişə söhbətlərində belə deyərdi: “İnsan gərək öz bilik və bacarığını, ürəyinin məhəbbətini xalqdan əsirgəməsin. Gərək xalqla ağlayıb, xalqla gülməyi bacarasan. Əgər xalqın üçün yaşasan, xalq da səni heç vaxt unutmaz”.

   Vasif Adıgözəlov musiqinin müxtəlif janrlarında qələmini sınayaraq çox dəyərli sənət əsərləri yaradıb: 4 simfoniya, 5 fortepianoorkestr üçün konsert, 6 musiqili komediya, 4 oratoriya ("Odlar yurdu", "Qarabağ şikəstəsi", "Qəm pəncərəsi", "Çanaqqala"), 2 opera ("Ölülər", Natəvan"), skripka ilə orkestr üçün konsert, kinofilmlərə musiqi, çoxlu sayda mahnı və romanslar... Bu əsərlərin hər birini yazmaq üçün bəstəkar neçə insan ömrü yaşayıb, neçə-neçə acılı-şirinli duyğulara baş vurub.

   Vasif müəllimlə görüşlərimiz, sənətlə bağlı söhbətlərimiz çox olub. Azərbaycan radiosunun fondunda bu söhbətlər əsasında hazırladığım bir neçə veriliş qorunub saxlanılır. Onunla həmsöhbət olmaq əsl həyat dərsi idi. Tez-tez Üzeyir bəyə istinad edərək deyərdi: "Bəstəkar hər bir əsər üzərində işləyərkən ilk növbədə xalqı düşünməlidir. Çünki xalqın fikri çox vacibdir. Əgər xalq sənin əsərinə qiymət verməyəcəksə, onu yazmağa dəyməz".

   Onun musiqi dili xalqa nə qədər yaxındırsa, o qədər də müasirdir. Çünki bəstəkarın bütün əsərlərində milli ənənələrlə müasir ifadə vasitələrinin sintezi üstünlük təşkil edir. Bu da Vasif müəllimin Üzeyir bəy irsinə sadiqliyinin ifadəsidir. Onun əsərləri yalnız respublikamızda deyil, dünyanın müxtəlif ölkələrində səslənərək həmişə müəllifə uğur gətirib, Azərbaycanın adını ucaldıb.

   Bu yerdə onu demək kifayətdir ki, Türkiyə dövlətinin "Çanaqqala" oratoriyasını Vasif müəllimə sifariş etməsi həm bəstəkarın yaradıcılığına, həm də xalqımıza olan hörmət və ehtiramın ifadəsidir. Tarixi mövzuda olan bu əsər məzmun və ideyasına görə bəstəkarın düşüncələri ilə üst-üstə düşür. Vətən, torpaq nisgili ilə yaşayan sənətkar öz musiqisində sanki Çanaqqala uğrunda deyil, Qarabağ uğrunda mübarizəsini əks etdirir. Əsərin bədii məzmunu bu günümüzlə çox səsləşir.

   Ümumiyyətlə, Vasif müəllimin yaradıcılığında vətənpərvərlik mövzusu qırmızı xətlə keçir. Bəstəkarın "Odlar yurdu", "Qarabağ şikəstəsi" oratoriyaları, "Natəvan" operası bunun ən bariz nümunələridir. Bu əsərlər Qarabağ dərdi, Qarabağ nisgili ilə yazılıb.

   Bəstəkar son əsərlərindən olan "Natəvan" operasında XIX əsrin görkəmli şairəsi Xurşidbanu Natəvanın simasında öz içindəki Vətən harayını onun dili ilə ifadə edir. O, sanki, doğma torpaq uğrunda müqəddəs ruhları da mübarizəyə çağırır. Burada həm tarixilik, həm vətənpərvərlik, həm də mübarizə ruhu var. Operada Üzeyir bəy irsinə bir yaxınlıq var. Bu, əsərin musiqi dilində də öz əksini tapır. Belə ki, bəstəkar obrazların xarakterinin açılmasında muğam intonasiyalarından ustalıqla istifadə edir. Bəstəkarın "Qarabağ şikəstəsi" oratoriyası da büsbütün bu ruhda yazılıb. Musiqinin mətnlə sıx bağlılığı bəstəkarın mövzuya olan hədsiz məhəbbətindən irəli gəlir.

   Özü bu barədə belə deyirdi: "Qarabağ şikəstəsi" oratoriyasının mətnini oxuyanda bır neçə gün özümə gələ bilmədim. Sanki Teymur Elçin mənim ürəyimi oxuyub yazmışdı:

  

   Qarabağda ocağım var, közüm var mənim,

   Şikəstəm var, bayatım var, sözüm var mənim.

   Ömrüm boyu bir gözəldə gözüm var mənim,

   Yar deyəndə onun kimi yar gərək olsun”.

  

   Bu misraları bəstəkar "Segah" muğamına əsaslanan həzin melodiya ilə qovuşdurur. Əsərin bu hissəsini qardaşı - mərhum sənətkarımız Rauf Adıgözəlov çox yanıqlı bir səslə ifa edirdi. Vasif müəllim deyirdi ki, əsərin məhz bu yerində Raufun səsini atama bənzədirəm. Elə bilirəm, oxuyan atamdır. Elə hey onu xatırlayıram.

   Əziz Vasif müəllim, indibiz sizi xatırlayırıq. Bəstələdiyiniz nəğmələr bir-bir xəyalımızdan keçir:

  

   Səndən ayrı düşəli

   Könlüm dolu qəm olur.

   Yazaydım-yaradaydım.

   Şah nəğməni mən, Bakı,

   Oxuyaydım hər yanda onu ürəkdən, Bakı.

  

   Siz çox şah nəğmələr yazıb bizə yadigar qoydunuz. Amma nə biləydiniz ki, qəddar düşmən ata-baba yurdunuzu viran qoyacaqvaxt gələcək ki, həm canınızın ağrısı, həm də içinizdəki Vətən dərdi sizi için-için göynədəcək:  

 

   Şuşam yağı əlində,

   Əlim yetmir Şuşaya

  

   misralarını melodiyaya çevirib Şuşaya lay-lay deyəcəksiniz. Ümidvarıq ki, Şuşa düşmən tapdağından azad olacaq. O zaman bizim sevincimizə siz də ruhən şərik olacaqsınız.

   Daha siz bizim üçün gözəl nəğmələr qoşmayacaqsınız. Bircə arzunuz var idi - Şuşada, Cıdır düzündə "Segah" muğam simfoniyanız səslənsin. Amansız əcəl sizə macal vermədi. Yaxşı ki, heç olmazsa, 70 illik yubileyinizdə bir dəfə də olsa bu əsəri dinlədiniz və özünüzşahid oldunuz ki, xalq bu əsərə necə heyran qaldı, onu sevə-sevə qarşıladı. Bu yerdə Adıgözəlovlar nəslinin daha bir nümayəndəsi, peşəkar musiqiçi Yalçın Adıgözəlovla söhbətimizdən bəzi məqamlar:

   Atam bu əsəri babama - Zülfü bəyə həsr etmişdi. Əsər üzərində işlədiyi zamanlar onun xəstəliyinin ağır dövrü idi. Amma nə qədər çətin olmasına baxmayaraq o, yazırdı, yaradırdı. Demək olar ki, ömrünün son gününə qədər qələmini yerə qoymadı. Son iki əsərini “ Natəvan” operasını və “Segahmuğam simfoniyasını səhhətinin ən ağır çağlarında yazıb.Segahmuğam simfoniyası onun son əsəri oldu. Nə qədər canı ağrısa da, hər xırda nüansa belə çox diqqətlə yanaşırdı. Deyirdi ki, sənət əsəri tarixi yadigardır. Ona son dərəcə məsuliyyətlə yanaşmaq lazımdır. Onsuz da insan gedəridir. Qalan isə əməlləri və əsərləridir. Bircə təsəllim budur ki, atam son əsərini dinləyə bildi və ifamızdan da çox razı qaldı.”

   Vasif Adıgözəlov Azərbaycan xalqına çox böyük irs qoyub gedib. Burada Vasif müəllimin musiqi yaradıcılığı ilə yanaşı, ictimaipedaqoji fəaliyyəti də mühüm yer tutur. O, uzun illər müəllim işləyib, Bəstəkarlar İttifaqının birinci katibi olub. Xidmətlərinə görə, dövlətimiz də daim onu yüksək qiymətləndirib. 1989-cu ildə Xalq artisti adına layiq görülüb, 1995-ci ildə “Şöhrət”, 2005-ci ildə “İstiqlal” ordenləri ilə təltif olunub. Ən böyük mükafat xalq məhəbbətidir ki, o, da Vasif müəllimdən heç vaxt əskik olmayıb.

   Bu yazını necə tamamlayacağım barədə düşünəndə yenə də Vasif müəllimin mehriban siması gözlərimin önündə canlandı. Unudulmaz Vasif müəllim!

   Sizin əsərlərinizi bütün gələcək nəsillər sevib əzizləyəcək, heç vaxt yaddaşlardan silinməyəcəksiniz. Bu sevgi sizə Tanrının bəxşişi idi. Onu qazandığınız üçün Tanrı dərgahına alnıaçıq, üzüağ getdiniz. Ölüm sizi bizdən ayırmadı, əbədi olaraq sizi yaddaşlara həkk etdi.

   Həmişə yeriniz görünəcək. Ölməz əsərləriniz sizin yoxluğunuza bir təsəlli olacaq. Bir nəğmənizdə deyilir: “Yüz il ömür sürəydim”. Siz 70 il ömür sürdünüz. Amma bu ömürdə əsrlərin yadigarını qoyub getdiniz. Ruhunuz şad, 75 yaşınız mübarək olsun!

  

 

   Səadət Təhmirazqızı,

   Musiqişünas

 

   Mədəniyyət.- 2010.- 28 iyul.- S. 7.