“Azərbaycan kinematoqrafçıları” kitabının təqdimatı olub

 

   2 avqust - Azərbaycan kinosu günü ərəfəsində tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin Mədəniyyət və Turizim Nazirliyi və Dövlət Film Fondunun dəstəyi ilə işıq üzü görmüş “Azərbaycan kinematoqrafçıları” kitabının təqdimatı olub.

  

   Tədbir iyulun 26-da Dövlət Film Fondunda gerçəkləşib. Tədbirdə çıxış edən Fondun rəhbəri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, kitab Lütfəli Abdullayev, Emin Sabitoğlu, Həsənağa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərov, Ceyhun Mirzəyev də daxil olmaqla 15 kino xadiminin həyat və yaradıcılığına həsr olunub: “112 illik Azərbaycan kino tarixinə yüzlərlə milli kino sənətkarlarımızın adları həkk olunub. Ötən illər ərzində bir çox kinematoqrafçı dünyasını dəyişib, onların çəkdikləri filmlər bugünkü nəslə yadigar qalıb. Bu kitabda verilmiş portret-oçerklərdə belə sənətkarların həyat və yaradıcılığından söhbət açılıb”.

   Təqdimat mərasimində digər çıxış edənlər geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın kino mütəxəssisləri və tələbələr üçün də dəyərli vəsait olduğunu xüsusi vurğulayıblar.

 

 

   Mədəniyyət.- 2010.- 28 iyul.- S. 11.