İncəsənətimizin
saxlanc yerləri
Çoxəsrlik inkişaf yolu
keçmiş Azərbaycan incəsənəti bəşər
mədəniyyətinə dəyərli töhfələr
verib. Ulu babalarımız qayalar üzərində ilk rəsm əsərlərini
yaradıb, dulusçuluq məmulatı, metal alətlər
hazırlayıb və onları müxtəlif vasitələrlə
bəzəyərək sənət əsərlərinə
çeviriblər. Qobustanın qaya təsvirləri, bədii
keramika və metal nümunələri, bədii şüşə
və oyma sənəti, miniatürlər, xalça və
xalça məmulatları, saxsı qablar, kaşı sənəti,
zərif şəbəkələr və zərgərlik
işləri, rəsm və heykəltəraşlıq əsərləri
incəsənətimizin qədim və zəngin olduğunu
sübut edir.
Azərbaycanda xalça sənətinin
də qədim tarixi var. Bu torpağın rəngarəng
boyaların hazırlanmasına imkan verən zəngin bitki aləmi
və zərif yunu xalça sənətinin yaranmasına və
inkişafına şərait yaradıb. Azərbaycanda
xalça sənətinin qədimliyini arxeoloji tədqiqatlar və
bir sıra tarixi mənbələr də təsdiq edir. Azərbaycan
xalça sənəti tunc dövründən başlayaraq
inkişaf edib və bu günümüzə qədər gəlib
çatıb.
Bu da həqiqətdir ki, hər bir
xalq yalnız onun özünə məxsus olan bir cəhəti
ilə fərqlənir. Azərbaycan xalqının özünəməxsus
xüsusiyyətlərindən biri məhz xalça sənəti
ilə bağlıdır. Kasıb ya dövlətli
olmasından asılı olmayaraq ta qədimdən hər bir azərbaycanlının
evini xalça və xalça məmulatları bəzəyib.
Evdə böyüyən uşaq məhz xalça, palaz
üzərində iməkləyib, ayaq tutub, divardakı,
taxtın üstündəki xalça onun zövqünün,
dünyagörüşünün formalaşmasına təsir
göstərib. Beləliklə xalça, eyni zamanda, əvəzsiz
estetik tərbiyə vasitəsinə çevrilib.
Uşaqlıq dünyamızın
ilk nağılları, əfsanələri də
xalçalarımızla bağlıdır. Neçə-neçə
nağıl, əfsanə qəhrəmanlarına qoşulub
"uçan xalçalar"da «uçmuşuq».
Tarixən Azərbaycana gələn
səyyahlar və tacirlər buradan özləri ilə
xalça aparıblar. Məhz bunun nəticəsidir ki, bu
gün Azərbaycan xalçaları dünyanın ən zəngin
muzeylərinin və bir sıra şəxsi kolleksiyaların bəzəyinə
çevrilib. Təəssüflə qeyd etmək
lazımdır ki, bəzi muzeylərdə bu sənət
nümunələri mənsub olduğu xalqın adı ilə
deyil, çox hallarda "İran xalçası",
"Qafqaz xalçası" və s. adlarla təqdim olunur.
Tarixdən məlumdur ki, XIX əsrdə,
XX əsrin əvvəllərində Azərbaycanın öyrənilməsi
üzrə müəyyən ekspedisiyalar təşkil edilib. Həmin
vaxtlar üzə çıxarılmış əşyalar
isə ayrı-ayrı şəxslərin əlinə keçib,
müxtəlif ölkələrin muzeylərinə verilib. Təbii
ki, bu əşyalar sırasında incəsənət əsərləri
də olub.
Həmin dövrdə Azərbaycanda
arxeoloji abidələrin tədqiqi ilə əsasən xarici
arxeoloqlar (o cümlədən həvəskar arxeoloqlar) məşğul
olublar. 1830-cu illərdə İsveçrə səyyahı
Dübua de Manperi Gəncə şəhəri
yaxınlığında qazıntı işləri
aparıb, tapdığı arxeoloji nümunələri
Fransaya göndərib. 1879-cu ildə İ.S.Polyakov
Naxçıvan ərazisində, N.O.Selosani isə qədim Bərdə
şəhəri xarabalıqlarında axtarışlar
aparıb. Bir sıra əcnəbi həvəskarlar şəxsi
kolleksiya toplamaq məqsədilə qəbir abidələrini
qarət ediblər. Daşkəsən və Gədəbəy
mis mədənlərində işləmiş V.Belk adlı
şəxs 300-dən çox abidəni qarət etməklə
topladığı nümunələri Almaniya muzeylərinə
verib.
Mədəniyyət sərvətlərimizin
Azərbaycandan aparılması sovet hakimiyyəti illərində
də davam edib. Bu dəfə həmin «vəzifəni» bədnam
qonşularımız yerinə yetirib. Ermənilər
1920-1930-cu illərdə Qarabağın dağlıq hissəsinə,
Qazax və Zəngəzur bölgələrinə ekspedisiyalar
təşkil edərək xalqımızın tarixi və mədəniyyəti
ilə bağlı dəyərli yadigarları aparıblar.
Sevindirici haldır ki, bu gün dəyərli sənət
nümunələrimiz respublikamızda fəaliyyət göstərən
ayrı-ayrı muzeylərdə toplanıb. Həmin əşyalar
qayğı ilə qorunur, öyrənilir və təbliğ
edilir.
Məlumdur ki, muzeylər öz
profillərinə görə müxtəlifdir. Hər muzey
öz profilinə uyğun toplama işi aparır,
toplanmış materialları öyrənir və təbliğ
edir. İncəsənət əsərləri profilindən
asılı olmayaraq, demək olar ki, bütün muzeylərdə
mövcuddur. Tarix, tarix-diyarşünaslıq və xatirə
muzeylərində toplanmış nümunələr sənət
əsərləri olmaqla yanaşı, həm də hər
hansı bir mövzunun açılmasına, daha dərindən
dərk olunmasına xidmət edir.
Milli Azərbaycan Tarixi Muzeyində
nümayiş etdirilən rəsm və heykəltəraşlıq
əsərləri ən mühüm tarixi hadisələri və
onların mahiyyətini, ayrı-ayrı görkəmli şəxsiyyətləri
əyani şəkildə tamaşaçıya təqdim edir.
Rayon tarix-diyarşünaslıq
muzeylərində göstərilən incəsənət əsərləri
əsasən həmin bölgənin tarixini, mədəniyyətini,
təbii gözəlliklərini özündə
yaşadır, mövzunu tamamlayır, ekspozisiyanı zənginləşdirir,
onun daha baxımlı olmasına təsir göstərir.
Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyində zəngin incəsənət
kolleksiyası var. Rəngkarlıq və qrafika əsərləri,
miniatürlər, heykəllər, illüstrasiyalar,
xalçalar, müxtəlif xalq tətbiqi sənəti
nümunələri ayrı-ayrı söz ustalarının
ömür yoluna işıq tutmağa, onların
yaradıcılığının öyrənilməsinə
xidmət edir. Məlumdur ki, klassiklərimizin, xüsusən qədim
və orta əsrlərdə yaşayıb-yaratmış
şairlərimizin xatirə əşyaları, demək olar
ki, qalmayıb. Fırça və tişə
ustalarımızın yaratdığı sənət
nümunələri bu boşluqları doldurmağa imkan verir.Cəfər
Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində
və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyində ayrı-ayrı teatr və opera tamaşalarına
aid geyim eskizləri, maketlər, görkəmli teatr və
musiqi xadimlərinin portretləri xüsusi maraq doğurur.
Bakı şəhərində Əzim
Əzimzadənin mənzil-muzeyində, Naxçıvan şəhərində
isə Bəhruz Kəngərli muzeyində bu görkəmli
fırça ustalarının həyatı və fəaliyyəti
barədə məlumat verilir, əsərləri
nümayiş etdirilir.
İncəsənətimizə aid
materialların əsas qismi bədii muzeylərdə
toplanıb. Azərbaycan Dövlət İncəsənət
Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi, Müasir İncəsənət Muzeyi və
Azərbaycan Dövlət Rəsm Qalereyası təsviri və
tətbiqi incəsənətimizin ən iri və zəngin
saxlanc yerləridir. Bunlardan başqa, Naxçıvanda Azərbaycan
Xalçası Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti
Muzeyi, Şəmkirdə Çənlibel Xalq Tətbiqi Sənəti
Muzeyi, 30-dək rayon rəsm qalereyası da incəsənət
əsərlərinin toplanılması, qorunması və təbliği
sahəsində səmərəli iş aparır.
Dövlət İncəsənət
Muzeyi 1936-cı ildə Azərbaycan Dövlət Muzeyinin
müvafiq şöbəsinin bazasında yaradılıb,
1937-ci il mayın 5-də açılışı olub. Muzey
1951-ci ildə Bakı şəhərinin mərkəzində
ikimərtəbəli binaya köçürülüb.
1991-ci ildə Bakı Şəhər Partiya Komitəsinin
üçmərtəbəli binası da bu muzeyə verilib.
Hazırda Dövlət İncəsənət Muzeyində 17
mindən çox əşya toplanıb. Bunların
sırasında rəsm və heykəltəraşlıq əsərləri,
xalça və xalça məmulatları, bədii tikmələr,
xalq tətbiqi sənəti nümunələri və s. var.
Ekspozisiyada Azərbaycan incəsənəti
əsas yer tutur. Burada milli incəsənət
tariximizə səyahət
Qobustan qayaüstü
rəsmləri ilə
tanışlıqla başlanır.
Bu rəsmlərin surətləri nümayiş
etdirilir və tamaşaçılara bu rəsmlərin oxşar və fərqli cəhətləri, onların
üslubu, kompozisiyası,
işlənilmə texnikası
və ölçüləri
barədə professional biliklər
verilir, tariximizin öyrənilməsində rolu
işıqlandırılır.
Muzeyin ekspozisiya bölmələrindən
biri Azərbaycan xalça sənətinə
həsr olunub. Burada ayrı-ayrı bölgələrə
aid xalça və xalça məmulatları,
habelə xalçaçı-rəssamların
əsərləri nümayiş
etdirilir. Azərbaycan xalça
sənətinin incilərindən
sayılan "Dörd
fəsil" (Təbriz
qrupu, XIX əsr) xalçası bu bölməni daha da zənginləşdirir.
Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi ölkəmizin zəngin muzeylərindən
biridir. Muzey respublika hökumətinin
qərarı ilə
1967-ci ildə təşkil
olunub, ilk ekspozisiyası
isə 1972-ci ildə İçərişəhərdə, XIX əsrin memarlıq abidəsi olan "Cümə" məscidində
açılıb, 1992-ci ildə
Muzey Mərkəzinə
köçürülüb və burada geniş və əhatəli yeni ekspozisiya qurulub.
Ötən dövr ərzində
muzey tərəfindən
xalça və xalça məmulatlarının,
digər xalq tətbiqi sənəti nümunələrinin toplanması,
qorunması, öyrənilməsi
və təbliği sahəsində mühüm
işlər görülüb.
Muzeydə toplanmış əşyalar
müxtəlif dövrləri
əks etdirir. XII əsrə aid saxsı qablar, XIV əsrə aid bədii
metal nümunələri, XVII əsrə aid xalça və xalça məlumatları, XIX əsrə
aid bədii tikmələr,
milli geyimlər muzey kolleksiyalarının
qədimliyindən soraq
verir. Hazırda muzeydə 15 mindən
artıq müxtəlif
sənət nümunələri
saxlanılır. Ekspozisiyada
Bakı, Quba, Şirvan, Qazax, Qarabağ, Təbriz məktəblərinə aid xovlu
və xovsuz xalçalar, xalça məmulatları, habelə
bədii tikmə, bədii metal, milli geyim, parça, zərgərlik nümunələri,
keramika, şüşə,
taxta və daş üzərində oyma işləri, müasir sənətkarların
yaradıcılığından nümunələr nümayiş
etdirilir.
Bu gün ölkəmizdə muzeylərə,
o cümlədən bədii
muzeylərə dövlət
qayğısı göstərilir.
Prezident İlham Əliyev «Azərbaycanda muzey işinin yaxşılaşdırılması
haqqında» xüsusi sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, son illər sürətli inkişaf dövrü yaşayan ölkəmizdə milli-mədəni
sərvətin qorunması
və gələcək
nəsillərə çatdırılması
işinə lazımi
diqqət göstərilir.
Respublikanın artan iqtisadi
potensialı əsasında
mədəniyyət sahəsində
mühüm işlər
aparılır, bir sıra mədəniyyət
ocaqları yaradılır,
mövcud mərkəzlər
üçün yeni binalar inşa olunur. Sərəncamda muzey işi
sahəsində təxirəsalınmaz
əlavə tədbirlərin
zəruri olduğu xüsusi vurğulanıb və müvafiq tədbirlərin həyata
keçirilməsi nəzərdə
tutulub. Azərbaycan
Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi üçün
xüsusi binanın inşa edilməsi, regionlarda fəaliyyət göstərən muzeylərin
müasir standartlara uyğun təmiri, muzeylərin fəaliyyətinin
muzey işinin müasir prinsipləri əsasında dünya standartlarına müvafiq olaraq yenidən qurulmasının və ekspozisiyaların azərbaycançılıq
məfkurəsinə uyğunlaşdırılmasının
təmin olunması və s. nəzərdə
tutulub.
Eyni zamanda, Dövlət
İncəsənət Muzeyinin
binasında əsaslı
təmir və yenidənqurma işləri
aparılır ki, bu da müəssisənin
müasir standartlara uyğunluğunu tam təmin
edəcək.
Şübhəsiz, bütün bunlar
respublikamızda muzey işinin inkişafına böyük təsir göstərəcək, milli-mədəni
dəyərlərimizin, o cümlədən
incəsənət nümunələrinin
toplanılması, qorunması,
öyrənilməsi və
təbliği işlərinin
müasir tələblər
səviyyəsində təşkilində
mühüm mərhələ
olacaq.
Adilxan
Bayramov
Mədəniyyət.- 2010.-
28 iyul.- S. 12.