Uğurlara
aparan yollar
Modelyer rəssamlardan söz
düşəndə ilk öncə zövq və gözəllik
duyğusu, gözəyarı ölçmə qabiliyyəti,
rəng və forma duyumu, təsəvvür etdiyi siluetləri
formaya çevirmək bacarığı olan sənət
adamları yada düşür. Azərbaycan Rəssamlar İttifaqının
üzvü, Dünya Xalq Yaradıcılığı Təşkilatının
üzvü, gənc modelyer Minarə Quliyeva da belə sənətçilərdəndir.
1985-ci ildə Bakıda anadan olub,
20 saylı orta məktəbi, 2006-cı ildə Bakı
Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
2006-2010-cu illərdə isə Rəssamlıq
Akademiyasının modelyer-rəssamlıq fakültəsində
təhsil alıb.
- Minarə xanım, nədən
filoloq peşəsini modelyer-rəssamlığa dəyişdiniz?
- Düzü, bu sənətə -
modelyer rəssamlığa marağım böyükdür.
Çox kiçik yaşlarımdan ayrı-ayrı kuklalara,
müxtəlif ölçülü məişət əşyalarına
çeşidli parçalardan paltarlar tikərdim. Bunu valideynlərim
də yaxşı bilirdi. Ancaq valideynlərim arzumun gerçəkləşməsinə
mane oldular. Onlar məni müəllim görmək istəyirdilər.
Nə edə bilərdim, sözlərindən çıxa
bilmədim…
- Arzunuzun gerçəkləşməsi
və sənətə gəlişiniz necə oldu?
- BDU-da qiyabi oxuyurdum. Ona görə
də Yasamal rayonundakı A.M.Şərifzadə adına Mədəniyyət
Mərkəzində işə düzəldim. Keçiriləcək
tədbirlərin ssenarisini yazırdım. Eyni zamanda, şəkil
çəkər, tikmə toxuyar və bəzi xırda gəlincik
paltarlar tikərdim. Rəsm dərnəyinin rəhbəri,
dizayner-rəssam İradə Hüseynova bu işimi çox bəyəndi.
Bildirdi ki, yaxşı əl qabiliyyətin var. Bu sənəti
davam etdirmək lazımdır. İradə xanımın
sözləri mənə ümid verdi və sənətə
bir daha maraq yaratdı. Sonra onunla Rəssamlıq
Akademiyasına getdik. Heykəltəraşlıq
kafedrasının müəllimi Rasim Nəsirovla
görüşdük. O da mənə bəzi məsləhətlər
verdi. Mən də öz üzərimdə ciddi işləməyə
başladım. 2006-cı ildə sənədlərimi Dövlət
Rəssamlıq Akademiyasının modelyer-rəssamlıq
fakültəsinə verdim və qəbul oldum. 2010-cu ildə təhsilimi
müvəffəqiyyətlə başa vurdum. Geyim üzrə
“modelyer-rəssam” ixtisası aldım.
- Hələ tələbə ikən
ölkəmizdə və xaricdə bir çox tədbirlərdə
iştirak etmisiniz...
- Bu sənətə çox
bağlıyam. Yol gedəndə də, işdə də ancaq
bu sənət haqqında fikirləşirəm. 2007-ci ilin
martında Səttar Bəhlulzadə adına Sərgi salonunda
“8 Mart - Beynəlxalq Qadınlar günü»nə həsr
olunmuş sərgidə iştirak etdim. Bir il sonra - 2008-ci ilin
aprelində Mədəniyyət və Turizm Nazirliyinin xətti
ilə Türkiyənin Eskişəhər, İstanbul, Mersin
şəhərlərində keçirilən sərgilərdə
iştirak etdim. Sərgidə rəsm əsərlərim və
müxtəlif sahələr üzrə milli geyim kolleksiyam sərgiləndi.
2008-ci ilin avqustunda isə ABŞ-da keçirilən UNESCO-nun
Dünya Xalq Yaradıcılığı Təşkilatının
üzvü olan gənclərin I konfransının
iştirakçısı oldum, “XIX əsr Azərbaycanın
milli geyimləri” mövzusunda məruzə etdim. Eyni zamanda,
milli geyimlərimizi də nümayiş etdirdik. 2009-cu ilin
iyulunda Bakıda “Milli geyimlər və müasir modada millilik”
mövzusunda beynəlxalq simpoziumda iştirak etmişəm.
“Müasir geyimlərdə milli ənənələr”
mövzusunda (ingilis dilində ) məqaləm və geyimlərim
Cənubi Koreyada nəşr olunan kataloqda yer alıb. Bu ilin
martında isə Bakıda gənc modelyerlərin
festivalında “Karvan” adlı kolleksiya ilə iştirak etdim.
Bütün bunlar məni daha da əzmlə
çalışmağa, maraqlı nə isə yaratmağa və
yeni-yeni uğurlar qazanmağa sövq edir.
- Təşkilatınızın
yaranması zərurəti və perspektivdə duran layihələr
barədə nə deyərdiniz?
- 2009-cu ilin oktyabrında Azərbaycanda
İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalı
keçirilirdi. Festivala Dünya Xalq
Yaradıcılığı Təşkilatının (DXYT)
prezidenti Karmen Padilla da gəlmişdi. O, təklif etdi ki, bu təşkilatın
bütün dünyada bölmələri var. Azərbaycanda nə
üçün olmasın? Bundan sonra bu təşkilatın
ictimai əsaslarla Azərbaycan bölməsini yaratdıq. Təşkilatımız
hələlik Milli Azərbaycan Kulinariya Assosiasiyanın nəzdində
fəaliyyət göstərir. Həm də bu təşkilatın
binasında yerləşirik. İctimai əsaslarla 12 nəfər
üzvümüz var. Bu il oktyabrın 21-27-də Çində
DXYT-nin II qurultayı keçiriləcək. Qurultayda
üç kolleksiyada 20-dək geyimlə iştirak edəcəyik:
“XIX əsr Azərbaycan milli geyimləri”, “Memarlıq abidələrimizi
əks etdirən geyimlər” və «Azərbaycan bayrağı
geyimləri”. Bu geyimlər klassik musiqimizlə
bağlıdır. Geyimlərin hər biri bir muğam dəstgahının
ruhuna, nəfəsinə və adına uyğun
yaradılmışdır. Bu işdə AMEA-nın Folklor
İnstitutunun elmi işçisi Rafiq İmranlı bizə dəyərli
məsləhətlər verib. Qurultaya üç aya yaxın
vaxt var və ona çox ciddi hazırlaşırıq.
Yeni-yeni layihələr üzərində işləyirik.
Savalan Fərəcov
Mədəniyyət.- 2010.-
28 iyul.- S. 13.