Müşk
və ənbər: dərman, yoxsa kosmetik vasitə?
Müşk qədim tarixə malik ətriyyat maddəsidir. Onu bir çox
cütdırnaqlı heyvanların,
xüsusilə maral və ceyranın göbəyindəki vəzlərdən
əldə edirlər.
Ədəbi mənbələrə nəzər salsaq, görərik ki, qədim və orta əsrlərdə bu maddə Şərqdə
çox geniş yayılıb.
AMEA-nın Əlyazmalar
İnstitutunun tərcümə
və informasiya şöbəsinin müdiri,
Tibb Tarixçiləri
İctimai Birliyinin rəhbəri Fərid Ələkbərlinin sözlərinə
görə, bir sıra Şərq ölkələrində müşk
indi də istifadə olunmaqdadır:
«Azərbaycana gəlincə,
ölkəmizdə müşk
o qədər də geniş yayılmayıb. Çünki sovet hakimiyyəti
qurulandan sonra xalq təbabətinə qarşı təzyiqlər
artdığından Şərqdə
istifadə olunan təbabətə aid maddələr
yığışdırılaraq müasir dərman preparatları ilə əvəz edildi. Hətta təzyiqlər nəticəsində
Şərq kosmetikası
da öz yerini Qərb kosmetikasına verməli oldu. Amma ərəb ölkələrində,
İranda, Pakistanda, Hindistanda, Çində bu gün də
müşk tapmaq mümkündür».
Mütəxəssisin bildirdiyinə görə,
heyvanların yaşından
və növündən
asılı olaraq onların müşkləri
ətrinə, keyfiyyətinə
görə fərqlənirlər.
F.Ələkbərli müşkün
iki cür təsir qüvvəsinə
malik olduğunu deyir: «Bunlardan biri, əsasən, kosmetika vasitəsidir. Amma müşkdən tibbdə
də istifadə edirlər. Bu maddəni keçmişdə
Azərbaycana və digər Şərq ölkələrinə Çindən,
daha doğrusu, Çinin şimalında uyğurların yaşadığı
Xotan və Uyğurustan vilayətlərindən
gətirirdilər. Təsadüfi deyil ki, Şərq
poeziyası nümunələrində
«Xotan müşkü»
ifadəsinə rast gəlmək olur. Bura Qaşqar şəhərinə
yaxın bir yerdir. Bildiyimiz kimi, böyük
türk alimi Mahmud Kaşqarlı həmin şəhərdə yaşayıb.
Demək
istəyirəm ki, həmin ərazilər türklərin olub. Deməli, bu qiymətli maddənin alınmasında
türklər böyük
rol oynayıb».
Qızıla
bərabər qiymətli
ətir və dərman
Maraqlıdır, bəs görəsən,
müşk necə əldə edilirdi? Mənbələrdə bildirilir ki,
müşk xoşqoxulu
qırmızı-qonur maddədir.
Onun qoxusunun 0,5-2 faizini muskon
təşkil edir. Havada qoxusu birin
milyarda nisbətində
hiss edilir. Quru halda qoxu vermir. Yenidən nəmləndirdikdə ətri «bərpa olunur». Xalis müşk parçaya
hopmamalıdır.
Alimin sözlərinə
görə, maralın
ayrıca növü olan «müşk maralı»ndan əldə olunan müşk xüsusilə qiymətlidir:
«Marallarda xüsusi vəz olur ki,
o, ətir ifraz edir. Vəzdəki ətir güclü olduğundan hətta uzaq məsafədən də hiss olunur. Qədimdə maralı ovlayandan
sonra kəsir, emal edib ətirli
maddəni alır və onu ətir
kimi istifadə edirdilər».
Heyvanlardan müşkün daha ziyansız üsullarla alınması
mümkündür. Mütəxəssislərin
bildirdiyinə görə,
heyvanların müşk
vəzisi il
ərzində bir neçə dəyişmə
mərhələsindən keçir.
Müşk heyvanın vəzində
əvvəlcə süd
rəngli maye şəklində olur.
Sonra tədricən bərkiyərək,
lobya toxumu boyda dənələrə
çevrilir. Əgər quruyubsa,
dənəni gümüş
mala ilə vəzin xarici axarının ağzından ehtiyatla qaşıyaraq götürmək
olar. Malanı 2,5 santimetrdən dərinə daxil etmək olmaz.
Bundan başqa, müşkü
maye halında olduğu yaz və payız fəsillərində də
əldə etmək mümkündür. Müasir şprislər
bunu daha ziyansız formada etməyə imkan verir. Heyvanları ovlamaq yolu ilə müşk almaq isə brakonyerlərin vərdiş
etdiyi vəhşi bir üsuldur.
Fərid müəllim qədim
Şərq təbiblərinin
müşkdən müxtəlif
xəstəlikləri sağaltmaq
(daxili qanaxma, qanazlığı, əsəb
pozuntusu, ürəkkeçmə)
məqsədilə istifadə
etdiklərini də bildirdi. «Hətta
bu maddədən qıcolma zamanı və ürək əzələsi tonusuna tez təsir göstərən dərman
kimi də istifadə ediblər.
Məsələn, müşkü
az miqdarda
içdikdə insanın
ürəyində olan
ciddi döyüntülər
azalırdı. Məşhur həkim və filosof İbn Sina öz dövrünün
əksər dərmanlarının
hazırlanmasında müşkdən
istifadə edildiyini yazır. Bir sözlə, qiymətli
ətir və dərman kimi istifadə edilən bu maddə qızıla
bərabər tutulurdu».
Qeyd edək ki, müasir təbabətdə
və ətriyyat sənayesində müşkdən
istifadə edilir.
Mütəxəssislərin dediyinə görə,
ən bahalı fransız ətirlərinin
tərkibində bu maddənin kiçik dozaları var. Müşkün
bahalığı təkcə
onun xoş ətrinə və tibbi keyfiyyətinə görə deyil. Deyilənlərə görə, bir
kiloqram müşk əldə etmək üçün 200 erkək
karqa (ən yaxşı müşk verən Hindistan maralı) ovlanır.
3,5 kiloqram müşkdən isə cəmi 30 qram muskon əldə etmək mümkündür.
Azərbaycanda müşk resursları kifayət qədərdirmi?
Qızıla bərabər tutulan
müşkü Azərbaycanda
da əldə etmək mümkündürmü?
Alim bildirir ki, ölkədə müşk maralı olmadığından, bu maddəni almaq üçün qunduzlardan
istifadə etmək lazımdır: «Müşk
maralı ilə müqayisədə qunduzdan
alınan bu maddə o qədər də güclü deyil. Amma orta əsr müsəlman Şərqində
ondan istifadə edirdilər və buna cünd deyirdilər. Bu maddə orta əsr apteklərində, əttar dükanlarında
satılırdı. Bu
gün Avropada hazırlanan bir sıra ətirlərin, hətta «Kristian Dior» kimi bahalı ətirlərin tərkibinə
cünd qatırlar.
Bu maddə tərkibinə
görə kamforaya bənzəyir. Cündün hazırlanma texnologiyası
da maraqlıdır.
Onu tətbiq edəndə qurudur, sonra hisə verirdilər».
Göründüyü kimi, qunduzların
müşkü də
maraldan alınan müşk qədər qiymətləndirilir. Bu baxımdan heyvan növləri ölkəmizdə
təkcə dərisinə
görə deyil, həm də qiymətli dərman və ətriyyat xammalı kimi qorunub istifadə edilsə, bunun iqtisadi yöndən də faydası olar. F.Ələkbərlinin
sözlərinə görə,
qunduz ölkəmizdə
yox olmaq dərəcəsindədir: «Bu heyvanlar
vaxtilə Araz çayı vadisində çox imiş. Bu gün Azərbaycanda
təbii-coğrafi ehtiyatları
imkan verir ki, onların sayını çoxaldaq.
Amma əvvəlcədən götür-qoy
etmək lazımdır
ki, müşkün respublikada istehsalı sərfəlidir, yoxsa onu xaricdən almaq».
Şahlara
layiq ətriyyat - ənbər
Orta əsr mənbələrində
adı müşklə
birlikdə çəkilən
«ənbər» də qiymətli maddələrdən
hesab olunur. Mütəxəssisin bildirdiyinə
görə,
onu Hind okeanında yaşayan balinadan almaq olar: «Bu, balinanın ifrazatıdır. Onu ancaq
okean və ya dənizin dibindən yığmaq mümkündür. Adıçəkilən maddə mumvari olur. Vaxtilə bu maddə İranda, Hindistanda, ərəb ölkələrində
daha çox yayılmışdı. Hətta orta
əsrlərdə onu
ləl-cəvahirat qiymətinə
satırdılar. Orta
əsr ədəbiyyatı
ilə
Azərbaycanda da, müşkdən
fərqli olaraq, ənbər vaxtilə geniş yayılıb.
Özü də onu güllərdən əldə
edibər.
F.Ələkbərli: «Vaxtilə Azərbaycanda ənbər satılan əttar dükanları olub. Sovet hakimiyyəti qurulandan
sonra bu dükanlar ləğv edilib. Biz bu
gün Şərq təbabətinə əsaslanan
belə dükanları
bərpa edə bilərik. Təəssüf ki, bizdə
çox sahədə
ifrat qərbləşmə,
avropalaşma gedir.
Əgər desəm ki,
bu gün ətirlə də xəstəni müalicə
edirlər, bunu geridəqalmışlıq əlaməti
kimi qiymətləndirəcəklər.
Amma nəzərə almaq lazımdır ki, hazırda Avropa Şərqə meyil edir. Lakin nəzərə almalıyıq ki, bu gün Qərbdə
müasir texnologiyalar varsa, Şərqdə də qədim və zəngin mədəniyyət var. O halda
Şərq təbabətindən
yararlanıb daha faydalı uğurlar əldə edə bilərik».
Mehparə
Mədəniyyət.- 2010.-
28 iyul.- S. 15.