Dağlıq
Qarabağın azərbaycanlı icması mədəni layihələr
həyata keçirəcək
Azərbaycanın əzəli
torpağı olan Qarabağ bölgəsi zəngin tarix və
mədəniyyəti ilə dünya miqyasında
tanınır. Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi bölgənin azərbaycanlı
əhalisini yurd-yuvalarından didərgin salmaqla bərabər,
bu torpaqlardakı mədəni irsimizə də ağır zərbə
vurub, tarixi abidələr talan edilib. Bu baxımdan
Qarabağdakı Azərbaycan mədəni irsinin dünyada
daha geniş şəkildə tanıdılması, Ermənistanın
işğalçı siyasətinin mədəniyyətimizə
vurduğu zərərin miqyasını beynəlxalq birliyə
çatdırılması qarşıda duran ümdə vəzifələrdəndir.
Bu mühüm işə Dağlıq Qarabağın azərbaycanlı
icması da öz töhfəsini verir.
Ötən ilin iyununda
Dağlıq Qarabağın Azərbaycanlı İcması
İctimai Birliyinin təsis qurultayının keçirilməsindən
sonra qurum bu sahədə bir sıra tədbirlər həyata
keçirib. Son bir ildə icma tərəfindən bir sıra
tədbirlər keçirilib, Azərbaycan mədəniyyəti,
onun ayrılmaz bölgəsi olan Dağlıq Qarabağ
bölgəsinin folklor və mədəniyyətinin
tanıdılması üçün yeni nəşrlər
çap edilib. 2009-cu ilin dekabrında Berlində “Dağlıq
Qarabağ - Azərbaycanın mədəniyyət beşiyi”
adlı elmi-mədəni simpozium keçirilib. “Dağlıq
Qarabağ” -“Berg Karabach” adlı fotosərgidə Dağlıq
Qarabağın tarixi-mədəni abidələri, Qarabağ
xalçaları, Qafqazın konservatotiyası və mədəniyyət
beşiyi olan Şuşanın tarixi, bu şəhərdə
doğulmuş mədəniyyət və incəsənət
xadimlərindən bəhs edən fotoşəkillər təqdim
edilib. Bu il mayın 8-də Milli Kitabxanada Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması İctimai Birliyinin sifarişi ilə “Turanfilm”də
çəkilmiş “Şuşa” filminin təqdimat mərasimi
keçirilib.
Bu yaxınlarda (6 iyul) Bakıda
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının mərkəzi qərargahının
açılması icmanın fəaliyyətini genişləndirməsi
üçün əlavə imkanlar yaradıb.
Açılış mərasimimdə iştirak edən
Prezident İlham Əliyev icmanın fəaliyyəti ilə
bağlı tövsiyələrini verib. İcmanın mərkəzi
qərargahında fəaliyyət üçün hərtərəfli
şərait yaradılıb. Dövlətin bu diqqət və
qayğısı müqabilində Dağlıq
Qarabağın azərbaycanlı icması da yeni fəaliyyət
istiqamətləri, o cümlədən mədəni layihələri
həyata keçirmək niyyətindədir. Bakıda
Şuşa Mədəniyyət Mərkəzinin
yaradılması ilə bağlı da müzakirələr
aparılmaqdadır.
Bununla yanaşı, ölkə ərazisində
keçirilən festivallarda, mədəniyyət tədbirlərində
Dağlıq Qarabağın azərbaycanlı icmasının
mədəniyyət xadimləri yüksək səviyyədə
çıxış edirlər. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə bu günlərdə Qəbələdə keçirilən
II Beynəlxalq Musiqi Festivalında Bakı Musiqi
Akademiyasının rektoru, Xalq artisti, Dağlıq
Qarabağın Azərbaycanlı İcması İctimai
Birliyinin İdarə Heyətinin üzvü Fərhad Bədəlbəylinin
ifasında “Şuşa”, bəstəkar, Əməkdar incəsənət
xadimi Rauf Əliyevin “Şuşanın dağları
başı dumanlı” əsərləri festival
iştirakçıları tərəfindən
alqışlarla qarşılanıb. Dağlıq
Qarabağın azərbaycanlı icması adından
musiqiçilərə gül çələngi təqdim
olunub.
Mədəniyyət.- 2010.-
30 iyul.- S. 4.