Kinomuzu
aydınlığa çıxaran Aydın Kazımzadə
Ömür
xəritəsi
Aydın Kazımzadə 1940-cı il yanvar ayının 15-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil alıb. 1985-ci ildə Moskva ÜİDKİ nəzdində informasiya-reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçilərinin ixtisasartırma kurslarını bitirib. 1963-cü ildən bu günə kimi kino sistemində işləyir. "Kino" qəzetinin və “Film" jurnalının baş redaktoru, Azərbaycan Kinematoqrafiya Komitəsi Məlumat-Reklam bürosunun direktoru, Az.TV-də dublyaj şöbəsinin müdiri, "Azərkinovideo" İB-də reklam şöbəsinin müdiri, "Azərbaycan Kino Ensiklopediyası"nın baş redaktor müavini, Dövlət Film Fondunun direktor müavini vəzifələrində çalışıb. 1997-ci ildən Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan kino tarixi fənnindən dərs deyir, universitetin dosentidir. Eyni zamanda, Azərbaycan Dövlət Film Fondunun aparıcı mütəxəssisidir.
1963-cü ildən dövrü mətbuatda Azərbaycan kino tarixinə, kino sənətinin müxtəlif problemlərinə dair 200-dən artıq elmi və publisistik məqalələri çap edilib. Azərbaycan kino tarixinin 1916-cı ildən deyil, 1898-ci ildən başlanması və Azərbaycan animasiya filmlərinin də yaranma tarixinin 1933-cü ilə aid olması faktlarının üzə çıxarılıb sübuta yetirilməsi məhz Aydın Kazımzadənin adı ilə bağlıdır. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, 2005-ci ildə isə Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.
Kino tarixinə qısa səyahət
...Hər şey Ogüst və Lui Lümyer qardaşlarının sinematoqrafı ixtira etdiyi gündən başladı. Onlar nəinki hərəkət edən əşyaları lentə alan, həm də çəkdikləri təsvirləri ekranda göstərə bilən aparat icad etdilər. Həmin “əcaib” qurğunun sayəsində 1895-ci il dekabrın 28-də “Qran kafe”nin zirzəmisində 35 tamaşaçının iştirakı ilə ekranda “hərəkət edən şəkillər” (“kino” yunan sözü olub “hərəkət edən şəkil” deməkdir) göründü. Fransada ilk kino seansından iki il yarım sonra, qara neftin səxavətindən milyonlar səltənətinə çevrilən Bakıda kino lenti nümayiş olundu.
112 il bundan əvvəl, avqustun 2-də Azərbaycan kinosunun əsası qoyulub. Qonağımız milli kinomuzun gerçək tarixini araşdırıb üzə çıxaran kinoşünas Aydın Kazımzadədir.
Kino tarixdir, tarix kino deyil
- Aydın müəllim, gəlin söhbətimizə bir qədər əvvəldən başlayaq. İxtisasca jurnalistsiniz, bəs niyə ömrünüzü kino sənətinə bağladınız?
- Universiteti bitirəndən sonra yollar məni “Kino” qəzetinə gətirib çıxardı. O zamanlar “Kino” qəzeti sadəcə ekrana çıxan filmləri reklam edən bir vərəq idi. İlk gündən hiss etdilər ki, bu sahəni yaxşı bilirəm. Çünki universitetdə oxuduğum illərdə “Universitet” qəzetində işləyirdim. Ona görə də boynuma qoydular ki, “Kino” vərəqəsini qəzetə çevirim. Belə də oldu. Üstəlik 1966-cı ildə Mərkəzi Komitəyə müraciət etdim ki, “Film” adlı jurnal çıxaraq. Bu qəzet və jurnalı buraxmaqla, təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, Azərbaycanda kinojurnalistika sahəsinin yaradıcısı və ilk mütəxəssisi də elə mən olmuşam. Beləliklə, ömrümü kino sənətinə bağladım, kino işçisi oldum.
- Kino tariximizi araşdırıb üzə
çıxarmağa nail oldunuz.
Yəqin ki, bütün bunlar asan başa gəlmədi?
- XIX əsrin sonunda
Bakıda başlayan neft bumu iqtisadi
inkişafla yanaşı,
mədəni inkişafa
da böyük təkan vermişdi. Bakıya üz tutanların arasında müxtəlif sənət
adamları: memarlar, fotoqraflar, rəssamlar vardı. İlk dəfə Məsimə
Rzayeva adlı bir alimimiz qəzetdə
oxumuşdu ki, Mişon adında bir nəfər Bakıda kino çəkib. Mişonun kimliyini
aydınlaşdırmaq qərarına
gəldim, məlum oldu ki, Aleksandr
Mixayloviç Mişon
fransız deyil, rusdur. 1879-cu ildə ailəsi ilə Bakıya gəlib və 35 il
burada yaşayıb.
O dövrün qəzetlərini
araşdırarkən onun
haqqında yazılar tapdım və o da məlum oldu
ki, bu adam təkcə kinooperator olmayıb, burda nəşriyyat açıb, jurnal çıxarıb, filmlər
çəkib, fotoatelyesi
olub. “Kaspi”
qəzetində onun foto dərnəyində dərs dediyi proqramı tapdım.
İlk dəfə filmlərini harada nümayiş etdirib, atelyesi harada olub, həmin
yerləri də axtarıb tapdım.
Araşdırmalar zamanı çox
maraqlı faktlar üzə çıxdı.
Məlum oldu ki, Mişon 1898-ci il iyunun
21-də çəkdiyi filmləri
eksperiment kimi Vasil-Vyatskinin teatr-sirkində
göstərib ki, görsün, camaat necə reaksiya verir. Avqustun 2-də isə həmin teatr-sirkdə “Bibiheybətdə
neft fontanı yanğını”, “Gəminin
yola düşməyi”,
“Şəhər bağında
xalq gəzintisi” kinosüjetlərini nümayiş
etdirib və böyük uğur qazanıb.
Tarix
dəyişmir, tarix dəyişdirilir
Bizdə kino tarixi üç dəfə dəyişib. 1920-ci ildən 1976-cı ilə kimi 27 avqustu sovet kino günü
kimi qeyd etmişik. 1976-cı ildə hesablayıb gördüm ki, “Neft və milyonlar
səltənəti” filminin
ekrana buraxılmasının
60 illiyidir. Sənətşünas-alim
Nazim Sadıqova zəng elədim ki, əl-ələ verib bu faktı
üzə çıxaraq.
Həsən Seyidbəyli,
Cəmil Əlibəyov,
Nazim Sadıqov, Süleyman Süleymanov və mən Kinematoqrafiya Komitəsinin sədri Məmməd Qurbanovun qəbuluna getdik. Məmməd Qurbanov yanımızdan
Moskvaya - SSRİ Dövlət
Kino Komitəsinin sədri
F. Yermaşa zəng etdi ki, belə
bir fakt var, yubiley keçirmək
istəyirik. Yermaş telefonda
Məmməd müəllimə
nə dedisə, Məmməd müəllim
dəstəyi yerə
qoydu. Cavan idim deyə
mənim cəsarətim
çatmadı, Həsən
Seyidbəyli soruşdu
ki, Məmməd müəllim sizə nə oldu? Dedi, görmürsən, mənə deyir ki, nəinki, Azərbaycanda, bütün
Zaqafqaziyada, Orta Asiyada kino sovet
hökuməti qurulandan
sonra olub. Özünüzdən tarix düzəltməyin.
Bəlkə Azərbaycan kinosunun
tarixi, Rusiya kinosunun tarixindən də qədimdi? Onda Məmməd müəllim dedi ki, ümidimiz qaldı Heydər Əliyevə. O zaman Heydər Əliyev Mərkəzi Komitənin birinci katib işləyirdi.
Böyük bir arayış
hazırlayıb göndərdik
Mərkəzi Komitəyə.
İndiki kimi yadımdadır,
mart ayı idi. Heydər Əliyev o məlumatı alan
kimi deyib ki, gecikmişik, gərək dekabr ayında yubiley keçirilsin. Geniş təbliğat kampaniyası
başlandı, dekabrda
milli kino günümüz möhtəşəm
şəkildə qeyd
olundu. O zaman Heydər Əliyev Məmməd Qurbanova belə bir söz
də deyib ki, əgər kino mütəxəssisləri
araşdırsalar, bəlkə
bizim kino tariximiz bundan da əvvəllərə gedib çıxar. Bu sözü Məmməd
Qurbanov, bir də kinomuzun təməl daşını
qoyanlardan biri - Mikayıl Mikayılov mənə demişdi.
Mən də araşdırıb kinomuzun əsl tarixini tapdım.
1996-cı ildə köhnə
tarixlə kinomuzun 80 illiyi qeyd olunacaqdı,
qəzetlərdə məqalələrlə
çıxış elədim,
80 illik keçirilmədi,
amma bu faktı
üzə çıxardığıma
görə başım
çox ağrıdı.
1998-ci ildə isə artıq kinomuzun yeni tarixi sübut olunmuşdu. II Şərq-Qərb kinofestivalının
açılışı bütövlükdə Azərbaycan
kinosunun 100 illiyinə
həsr olundu. O zaman prezident Heydər Əliyev dedi ki, bu
gecə öz kəşfi ilə, kinomuzun tarixinin üzə çıxması
faktı ilə yadda qaldı. 2000-ci ildə prezident Heydər Əliyev sərəncam verdi,
2 avqust 1898-ci il tarixi kinomuzun yaranma tarixi kimi təsdiq olundu.
Bu da
bir tarixdir
- Beş il əvvəl “Azərbaycan filmlərinin izahlı kataloqu”nu tərtib etməklə həm də filmlərimizin ümumi sayını müəyyənləşdirmiş
oldunuz.
- O kitabı hazırlayarkən
məlum oldu ki, Azərbaycanda 2 minə yaxın film çəkilib. Onların 350-dən çoxu bədii filmlər, 100-dən
çoxu animasiya filmləri, 1500-ü isə
sənədli filmlərdir.
- Kinomuzla bağlı
başqa maraqlı kitablarınız da var.
- Bakı kinostudiyasının
tarixindən bəhs edən “Bizim Azərbaycanfilm” kitabını,
“Azərbaycan kinosu və müharibə”, Əlisəttar Atakişiyev
haqqında “Əbədi
ölməzlik zirvəsi”,
“Üzeyir Hacıbəyov
və kino”, “Rasim Ocaqov”, “Ədəbi əsərlərin
ekran təcəssümü”
(bu kitabı Aqşin Babayevlə bir yerdə yazmışıq) kitablarım
çap olunub. Kinooperator Kənan Məmmədov haqqında monoqrafiyam mətbəədədir. “Cəfər Cabbarlının
kino fəaliyyəti” haqqında kitabım hazır olsa da, maddi vəsait
ucbatından çap olunmur. İndi də “Azərbaycan kinosunun tarixi”ni
yazıram. “Azərbaycan
kino ensiklopediyası”nın I cildi isə artıq hazırdır, adını
dəyişdirib “Kino. Ensiklopedik lüğət”
qoymuşuq.
- Aydın müəllim,
bu qədər işləri görmək
üçün vaxtı
necə tapırsınız?
- Heç özüm
də bilmirəm. İşdə oluram, işdən sonra evdə ikinci iş növbəsi başlayır. Gecə saat 1-ə, 2-yə qədər işləyirəm.
Çünki ömür gedir,
70-i artıq başa vurdum. 70 dən
sonra Allahın verdiyi paydır nə qədər yaşayacağam bilmirəm,
amma görüləsi
işlər çoxdur.
- 112 ildə milli
kinomuzun saysız-hesabsız
nümunələri yaranıb.
Azərbaycan kinosunda ən
çox sevdiyiniz üç filmin adını çəksəydiniz,
hansı filmləri seçərdiniz?
- Üç yox,
dörd filmin adını çəkərdim:
“O olmasın, bu olsun”, “Arşın mal alan”, “Bir cənub
şəhərində”, ”İstintaq”. Məni Azərbaycan kinosuna
bağlayan da milli filmlərimiz və bir də
kino sahəsində tanıdığım insanlardır.
Bəxtim onda gətirib
ki, Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə
ilə işləyən
adamlarla işləmişəm,
onlardan öyrənmişəm,
ona görə də kinoya bağlanmışam.
- Bu il həm də 70 yaşınız tamam oldu. Aydın Kazımzadə özü
haqqında film çəksəydi,
o filmin mövzusu və ideyası necə olardı?
- (gülür) Çox qəribə sualdır. Məndə bir xasiyyət
var ki, əlim
çatmayan arzular haqqında fikirləşmirəm.
- Aydın müəllim,
qəzetimiz və oxucularımız adından
Sizi və sizin simanızda bütün kino işçilərini peşə
bayramı münasibəti
ilə ürəkdən
təbrik edirik!
- Mən də öz növbəmdə “Mədəniyyət” qəzetinin
kollektivini, oxucularını
və həmkarlarımı
təbrik edirəm.
Təranə
Məmmədova
Mədəniyyət.- 2010.-
30 iyul.- S. 5.