Mədəni turizmi ədəbiyyatda necə təbliğ
etməli?
Bu və digər ölkəyə
xarici turistlərin marağını cəlb etməyin bir yolu
da bədii ədəbiyyatdır. Yazıçılar əsərlərində
mənsub olduqları xalqın xarakterik olan xüsusiyyətləri,
mədəniyyəti, adət-ənənələri, tarixi
abidələri və s. barədə ən müxtəlif məlumatları
bədii vasitələrlə təsvir edirlər. Bu isə
öz növbəsində oxucularda (əcnəbi) həmin
ölkəyə maraq oyadır. Nəticədə mədəni
turizm növü ilə maraqlanan insanların həmin ölkəyə
axınına zəmin yaranır. Azərbaycanda bu baxımdan
mövcud vəziyyətlə tanış olmaq
üçün mütəxəssislərlə həmsöhbət
olduq.
«Ceyran» şeirini
eşidib, Şirvan Milli Parkına gedənlər var
Ədəbiyyat və
turizm arasında bağlılığın olduğunu
deyən Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri
Eldar Aslanov bildirdi ki, ədəbiyyat
insanlarda müəyyən
yerlər, hadisələr
və s. haqqında poetik təsəvvürü
formalaşdırır: «Ədəbiyyat
tarixi yer və hadisələri bədii yolla insanlara çatdırır.
İnsanlar əsərdə oxuduğu mənzərəni,
qalanı, şəlaləni,
küçəni və
ya döyüş meydanını görmək
istəyirlər. Bu baxımdan
müxtəlif əsərlər
böyük turizm məhsulu ola
bilir. Burda digər bir
məqam odur ki, ədəbiyyatçıların,
yazıçıların ev-muzeyləri
və həyat fəaliyyətləri də
turizm məhsulu kimi təqdim olunur. Məsələn, Aleksandr Düma
marşrutu. Bu mənada qətiyyətlə
demək olar ki, ədəbiyyatla turizm arasında böyük əlaqə
var. Gərəkdir ki,
insanlar əsərləri
o qədər sevsinlər
və turizm sahəsində çalışanlar
da o qədər ədəbiyyatsevər olsunlar
ki, buna böyük önəm versinlər. Hər halda, az
da olsa bu
tip turistlər var. Milli
simvollarımızın bədii
əsərlərimizdə yetərincə
olduğunu söyləməkdə
çətinlik çəkirəm.
Bu bəlkə də mənim ədəbiyyat sahəsindəki
məlumatlılığımın azlığı ilə bağlıdır. Hər halda,
ilk düşünəndə ağıla çox şey gəlmir. Amma insanlar «Koroğlu» dastanındakı Çənlibeli
görmək istəyirlər.
Və ya Azərbaycan tarixinin mühüm hadisələri ilə bağlı olan Gülüstan kəndini, Kürəkçayı görmək
istəyirlər. Hər halda,
Səməd Vurğunun
«Ceyran» şeirini eşidib, Şirvan Milli Parkına getməyin də öz yeri var».
Ekspert söylədi
ki, folklorumuzda, həmçinin sonrakı
dövr yazılı ədəbiyyatımızda bu
istiqamətli çox
şey tapmaq olar: «Bu sahənin tədqiq olunması çox yerinə düşərdi. Amma, təəssüf
ki, ədəbiyyatda turizmin yetərincə simvolizə olunduğunu söyləmək çətindir.
Azərbaycan ədəbiyyatında
səyahətlər, macəra,
romantika, yeni tanışlıq, sürprizlər
və s. az
simvolizə olunub. Avropada populyar olan «Əli və Nino» və ya «Ümbülbanunun
xatirələri» əsərlərində
abidə və yerdən daha çox Bakı, onun köhnə hissəsi, özünəməxsusluğu
göstərilir. Amma hər
halda, Azərbaycanda çoxlu abidələr və ya yerlər
var ki, bu
yerlərin turizm məhsuluna çevrilməsi
üçün əsərlər
yazıla bilər».
E.Aslanov qeyd etdi ki, ədəbiyyatımızda
Xan sarayı, Şirvanşahlar sarayı
və ya qəsrlər, qalalar, o cümlədən Qız qalası bu mənada maraqlı mövzular ola
bilər: «Turizm sahəsinin ədəbiyyatda
təsviri məsələsində
konkret təklif vermək ciddi düşünməyi tələb
edir. Amma yuxarıda da qeyd etdiyim kimi,
mühüm tarixi hadisələr, tarixi yerlər və ya abidələr ədəbiyyat üçün
maraqlı tədqiqat obyekti ola
bilər. Misal üçün, Şirvanşahlar sarayı
haqqında yazılmış
tarixi bir roman bizim bu tarixi
abidəyə baxışımızı
dəyişə bilər.
Onu daha fərqli və gözəl görə bilərik.
Fransada Bastilyanın alınmasından
bəhs edən onlarla romanlar var ki, onlar
həm klassik, həm də alternativ tarixşünaslıq
nöqteyi-nəzərindən yazılmışdır. Amma hər
birində mühüm
bir ştrix, iki gəncin arasında keçən eşq macərası, bir saray məmurunun
qabarıq önə çəkilməsi fərqlilik
yaradır. İnsanları cəlb edir”.
«Den Braun İçərişəhərdə
bir ay yaşasaydı,
bu barədə roman yazardı»
Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzin turizm təhsili bölməsinin
metodisti Günay Tahirli qeyd edir
ki, simvollarla bağlı romanlar yazan və kifayət
qədər oxucusu olan Den Braun son əsəri
ilə yenə də ajiotaj yaradıb: «Braunun “İtmiş simvollar” adlanan yeni romanı
Vaşinqton şəhərində
yerləşən memarlıq
abidələrinin simvolikasına,
tikililərə həkk
edilmiş işarələrin
gizli məna və mistik qatlarına həsr edilib. Yazıçı öz üslubuna
uyğun olaraq əsərin süjet xəttini həm də detektiv istiqamətə yönəldib.
Roman çap edildikdən sonra əsərdə təsvir
olunan memarlıq abidələrini görməkdən
ötrü təkcə
bir həftə ərzində 300 min turist Vaşinqtona səfər edib. Hətta şəhərdə fəaliyyət göstərən
hotellərdən biri öz qonaqları üçün əsərdə
təsvir edilən abidələrə ekskursiya
etməyi müştərilərə
xidmət siyahısına
daxil edib ki, çeşidi çoxaltsın”.
Memarlıq abidələrimizin
ədəbiyyat mövzusuna
çevrilməsindən söz
açan G.Tahirli deyir: «Biz Bakını tanıyırıq? İçərişəhər haqqında nə
bilirik? Yalnız standart ölçülü
məlumatlar və sair. Den Braun burada bir ay yaşasa,
məlum olar ki, bizim İçərişəhər
nə qədər sirr daşıyıcısıdır.
Qız qalası haqqında primitiv rəvayətdən
başqa heç nə bilmirik. Amma ədəbiyyata nə qadağa var ki, həm elmi
fərziyyə, həm
real faktların, həm
də fantaziyanın hesabına bizə Qız qalasını sözün tam mənasında
tanıtsın. Axı bu
tarixi abidənin quruluşunun özü elə uzaqdan simvol nişanəsi olduğunu əyani təsdiqləyir. Ədəbiyyat adamının üçüncü
gözü var və bu gözdən
keçən Qobustan sirləri oxucuda maraq yaradır. Ora necə yerdir ki, ilahə Veneranın təsviri var? Ora necə yerdir
ki, Ərəb xilafətinin ordusu da buranı sadəcə ziyarət edərək öz izini daşlarda qoyub. Tarixi bu daşlardan götürüb yazacaq adam lazımdır.
Detektiv olsun, melodram, ezoterik olsun-fərq etməz, sadəcə, hadisələr Qobustanın
aurasından keçirilsin.
Və yaxud Şəkidə yerləşən qədim
Kiş qalası.
Ədəbiyyatımızın predmetində istifadə edilməli abidələrimiz
var. Şəki Xan sarayını tikən ustanın (bu böyüklükdə sarayda
bircə mismar belə işlənməyib)
söykəndiyi fəlsəfəni,
naxışların sirrini
ədəbi əsərlərdə,
bədii yolla açmaq lazımdır”.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2010.-
30 iyul.- S. 8.