Azərbaycanı
okeanın o tayında dünyaya
təbliğ edən jurnal
Betti Bleyr: «Azerbaijan
İnternational» jurnalı ilə biz insanlar üçün
yeni dünya açmaq istəyirik»
ABŞ-da nəşr edilən «Azerbaijan İnternational” jurnalı ölkəmizin tarixini, mədəniyyətini, daxili və xarici siyasətdə əldə etdiyi uğurları yüksək səviyyədə təbliğ edir. Jurnalın əsası 1993-ci ildə amerikalı Betti Bleyr və həyat yoldaşı, əslən Cənubi Azərbaycandan olan Piruz Xanlu tərəfindən qoyulub. Maraqlısı da odur ki, okeanın o tayında yaşayan, Azərbaycan dilində demək olar ki, bir kəlmə danışa bilməyən Betti xanımla söhbət zamanı onun ölkəmizə, insanlarımıza olan sevgisindən təəccüblənməyə bilmirsən.
Onun «Mən bu jurnalın nəşrini sona qədər davam etdirəcəyəm» deməsi isə bir azərbaycanlı olaraq bizdə qürur hissi doğurur. Ona görə ki, dünyanın aparıcı dövləti olan Birləşmiş Ştatlarda nəşr edilən, ölkənin məşhur universitetlərinin, elmi mühitinin abunə olduğu bu jurnalda dərc olunan məqalələr ölkəmizin bütün dünyada təbliğatıdır.
Betti
xanımın bu günlərdə
Bakıya gəlməsinin səbəbi isə jurnalın «Əli
və Nino» əsərinə həsr edilmiş növbəti sayının
hazırlanması ilə əlaqədar idi.
Fürsətdən istifadə edib onunla həmsöhbət olduq
- Betti xanım, necə oldu ki, belə bir
jurnal nəşr etmək qərarına gəldiniz?
- Əvvəlcə onu deyim ki, bu günə qədər çoxlu ölkələrə səyahət etmişəm. Yunanıstanın paytaxtı Afinada 6 il yaşamışam. Cənubi Amerika ölkələrinə, Çində, Yaponiyada olmuşam. Bu səyahətlər hər bir insan üçün faydalıdır, onun dünyagörüşünü artırır. Fərqli vəziyyətlərlə rastlaşdıqca, həyatın əsl mahiyyətini dərk edirsən. İndi mən özümü yalnız amerikalı hesab etmirəm. Məsələn, götürək Kolumbiyada rastlaşdığım bir qoca kişinin mənə söylədiklərini. Ona deyəndə ki, mən dünyanın 25 ölkəsində olmuşam, o məndən soruşdu: «Tapdınmı axtardığını?». Bu, çox sadə, eyni zamanda, dərin məna kəsb edən sual idi.
- Doğrudanmı nə isə axtarırdınız? Ümumiyyətlə, bu səyahətlər sizə nə verdi?
- Mən heç nə axtarmırdım. Hər kəs başqa ölkələr, başqa insanlar görmək istəyir. Bütün bu səfərlər mənə kim olduğumu dərk etməyə və bir də folkloru öyrənməyə kömək etdi. Eyni zamanda səyahətlər, insanlar arasında olmaq mənim gələcək jurnalistika fəaliyyətim üçün zəmin yaratdı. Hesab edirəm ki, folkloru bilmək insanları dinləməyə kömək edir və jurnalistika üçün çox gözəl zəmindir.
- Nəhayət «Azerbaijan İnternational» jurnalını çap etmək qərarına gəldiniz.. Maraqlıdır, amerikalı qadında Azərbaycana belə böyük sevginin səbəbi nədir və necə oldu ki, jurnalist kimi fəaliyyətə məhz Azərbaycana həsr edilən jurnalla başladınız?
- Bu jurnalın
meydana gəlməsi təsadüfən oldu. O zaman mən Azərbaycan haqqında az şey
bilirdim. Məsələn, Amerika qəzetlərində
dərc edilən məqalələrdən bilirdim
ki, azərbaycanlılar
müsəlman, ermənilər
isə xristiandırlar.
Heç
kəs azərbaycanlıların
nöqteyi-nəzərindən, Qarabağ müharibəsinin
o biri üzü haqqında danışmırdı.
Onda həyat yoldaşım, əslən Təbrizdən
olan Piruz Xanlu qərara gəldi ki, jurnal nəşr etsin və məni
də bu işə cəlb etdi. Biz Azərbaycan
üçün nə
isə etməyə ehtiyac hiss edirdik. Amma işi çətinləşdirən
o idi ki, Azərbaycan haqqında yetərli informasiya tapa bilmirdik. 1993-cü ildə 16 səhifəlik ağ-qara qəzet buraxdıq. 1996-cı ildən başlayaraq artıq 100 səhifədən ibarət
rəngli jurnal nəşr etdik.
Onu
da qeyd edim
ki, mən «soyuq müharibə» dövründə böyümüşəm.
O zaman SSRİ haqqında
yalnız onu bilirdik ki, bu
ölkə bizim düşmənimizdir. «Azerbaijan
İnternational» jurnalı
Sovet İttifaqı dağılandan bir sonra meydana gəldi
və biz böyük
səylə beynəlxalq
ictimaiyyətlə əlaqələrin
əsasını qurduq.
Sevindirici haldır ki,
Azərbaycanda ilk gündən
bizə böyük dəstək veriblər.
Ən yüksək səviyyəli
dövlət idarələrinə,
nazirliklərə getmişəm.
İnsanlar öz işlərini
yarımçıq qoyub
bizə kömək edir, deməli, onlar bizə inanırlar.
- «Azerbaijan İnternational»in
bütün saylarında
Azərbaycanın tarixi,
mədəniyyəti haqqında
çox maraqlı və geniş araşdırmalara yer verilir. Çox vaxt jurnalınızda
yerli nəşrlərdə
çap edilməyən
və ya araşdırılmayan məqalələrə
rast gəlmək olur. Azərbaycan dilini bilmədən
bu yazıları necə ərsəyə gətirə bilirsiniz?
Bu sizə çətinlik
yaratmır ki?
- Əlbəttə, çətindir. Düşünürəm ki, bəzən biz çoxlu əlavə işlər görməli
oluruq. Məsələn, Azərbaycan ədəbiyyatı
sahəsində çoxlu
tərcümələr etmişik.
Əgər mən Azərbaycan
dilini bilsəydim, öz işçilərimdən
tərcümə etməyi
xahiş etməzdim.
Biz tərcüməyə çox vaxt itiririk. Amma onu da deyim
ki, mən Azərbaycan dilində danışığı bir
az başa
düşürəm. Mənim Azərbaycanda
gənc xanımlardan ibarət yaxşı işçi heyətim var və tərcümə
işlərində onlara
mənə kömək
edirlər. «Azerbaijan İnternational»in heyətinin
da öz məsuliyyəti var. Hesab edirəm ki, onlar Azərbaycanın gələcəyidir. İşçi heyətimi özümlə
getdiyim hər yerə aparmağı xoslayıram, onlar insanlarla görüşür,
təcrübə əldə
edirlər. Apardığımız araşdırmalara gəlincə,
deyə bilərəm
ki, Azərbaycan tarixinin tədqiqinə müəyyən qədər
töhfə veririk.
Elə araşdırma məqalələr
var ki, onların
üzərində çox
gərgin işləyirik
və doğrudan da Azərbaycan tarixinin açılmamış
səhifələrinin işıq
üzü görməsinə
çalışırıq. Mən bununla fəxr edirəm. Məsələn, ötən saylarımızın
birində jurnalda Qafqaz Albaniyası haqqında maraqlı araşdırma məqalə
dərc etmişdik.
Doktor Zaza Aleksidze Misirdə Sinay daglarında qədim Qafqaz Albaniyasi əlyazmalarını tapıb
və onları oxuyub. Məlum olub ki, bu dilin Azərbaycanda
udi dili ilə əlaqəsi var.
Bu, dunya əhəmiyyətli
bir kəsfdir.
- Yaradıcılıq daim axtarış, təcrübə tələb
edir. Maraqlıdır, siz mövzular
üzərində işləyəndə
dünyada və Azərbaycanda çap edilən hansı jurnalların təcrübəsindən
istifadə edirsiniz?
- Mən mövzu
üzərində işləyəndə
əvvəlcə düşünürəm
ki, 5 ildən, 10 ildən sonra bu, oxucu üçün
maraqlı olacaqmı?
Qarşıma mövzular və
insanlar təsadüfən
çıxır. Bəzən şans
amili böyük rol oynayır. Mən həm də cəmiyyətin qəhrəmanları
haqqında yazıram və onları axtarıb tapmağa çalışıram. Ümumiyyətlə,
cəmiyyətdə yaxşı
nə varsa, onu işıqlandırmağa
çalışıram və
düşünürəm ki, bu 10 ildən
sonra da cəmiyyət üçün
faydalı ola
bilər. Jurnalımızın Azərbaycandan kənarda
da çoxlu oxucuları var. Ona görə də onu universal etməyə çalışırıq ki,
onu təkcə azərbaycanlılar deyil, bütün dünya oxucuları oxuya bilsin.
Jurnalın 4 sayını Azərbaycan
ədəbiyyatına həsr
etmişik. Həmin
saylarda Azərbaycan ədəbiyyatından tərcümələr
etməklə bu sahədə müəyyən
iş görmüşük.
Jurnalımızın növbəti sayında
«Əli və Nino» əsəri ilə bağlı məqalələrə
geniş yer verməyə hazırlaşırıq.
Bu əsərin dərin
mənası var. «Əli
və Nino» insanları
daha böyük dünyaya sahib olmaga və bu dünyanı
qurmaga dəvət edir: stereotipleri olmayan və daha genis sərhədləri
olan bir dünya. Bu dünyada
milliyyət, din, gender, yaş
fərqləri yoxdur.
Beləliklə, düşünürəm ki, sən öz
maraqlandığın mövzunu
yaza bilərsən.
Amma fikirləşməlisən ki,
bu mövzu günün tələbatına
uyğundurmu. Mən
televizora baxmıram, çox az
hallarda internet televiziyalarını
izləyirəm. Hər gün
Amerikanın aparıcı
qəzetlərini oxuyuram,
abunə olduğum informasiya agentliklərindən
mənə hər gün xəbərlər gəlir və dünyada nə baş verdiyini öyrənirəm. Azərbaycan mətbuatına
gəlincə, dili bilmədiyimdən bəzən
hər hansı məqaləyə rast gələndə onu tərcümə etdirirəm.
Hazırda Amerikda fəaliyyət
göstərən Azərbaycanın
diplomatik korpusunda, Amerikanın nufuzlu universitetləri olan
Harvard, Kembric, Berkeley, Stanford, Prinston və digərlərində, Amerikanın
elmi mühitində abunəçilərimiz var.
- Hazırda Azərbaycan mühitində
jurnal və ya qəzet çap
edib bazara daxil olmaq, özünə
böyük oxucu auditoriyası toplamaq o qədər də asan deyil. Amma sizin jurnalınız artıq 17 ildir ki, davamlı şəkildə çap
olunur. Sizcə nəşrin özü-özünü
uzun müddət ayaqda saxlaması üçün nə etmək lazımdır?
- Ümumiyyətlə, nəşr işi heç də asan deyil. Sən pul,
informasiya əldə etməlisən, baş verən hadisələri daim nəzarətdə saxlamalısan. Bu çox gərgin işdir və həm də öz həyatında nələrinsə qurban verilməsidir. Məsələn, sənin tədbirlərə
getməyə o qədər
də vaxtın olmur. Adi bir misal çəkim,
Los-Anceleslə Bakı
arasında 12 saat vaxt fərqi var. Orada gecəyarısı olanda Bakıda günorta saat 12 olur. Mən Bakıdakı redaksiya
heyətim ilə yazışıram, nələr
baş verdiyini öyrənirəm. Gecə saat
1-2-də bəzi insanlar
günü basa vurur və ya
yatmağa gedir. Mən isə hələ də işləyirəm.
Məsələn, mənə verilən
suallara cavab yazmağı o biri günə saxlamaq əvəzinə, onları
elə həmin gün cavablandırmağa
çalışıram. Ümumiyyətlə, keyfiyyətli jurnal
çap etmək üçün sən çox gərgin işləməlisən.
Digər tərəfdən, biz jurnalı çap etməyə başlayanda bilmirdik ki, onu
18 ilə qədər
davam etdirə biləcəyik. Bildiyimiz qədər,
hazırda jurnalımız
Azərbaycanda ingilis dilində çap edilən yeganə nəşrdir ki, onun beynəlxalq əlaqələri və beynəlxalq yayımı
var. Jurnalı oxucu auditoriyası üçün
daha da maraqlı
etmək üçün
daim axtarışlar aparır, ən maraqlı mövzular üzərində işləyirik.
Son olaraq deyim
ki, «Azerbaijan İnternational»
jurnalı ilə biz insanlar üçün yeni dünya açmaq istəyirik.
Mehparə Sultanova
Mədəniyyət.- 2010.-
30 iyul.- S. 9.