Regionlarda elektron kitabxanalar

 

   İyulun 27-də Qusar Rayon Mərkəzi Kitabxanasının veb-saytının (www.qusar-mks.az) təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edənlər ölkənin ucqar rayonlarından olan Qusarda kitabxananın veb-saytının yaradılmasını əlamətdar hadisə kimi qiymətləndiriblər. Bildirilb ki, yeni internet səhifəsi təkcə rayon kitabxanası deyil, bütövlükdə Qusar haqqında aydın təsəvvür yaratmaqda, xüsusilə kitabxana-oxucu əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacaq.

   “Ən çox oxunan kitablar” linkində oxucuların daha çox maraq göstərdiyi kitabların siyahısı saytın qonaqlarına təqdim edilir. Qusar rayonunun kitabxanalarında saxlanılan nadir və qədim kitablar haqqında məlumat “Kitab abidələrimiz” başlığı altında öz əksini tapıb. Bundan əlavə, saytda rayonun tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən XVIII-XIX əsrlərə aid qədim məişət, bəzək əşyaları və s. maraqlı eksponatlar haqqında annotasiyalı məlumat hazırlanıb. Burada görkəmli rus şairi M.Y.Lermontovun 1837-ci ildə Qusarda olarkən istifadə etdiyi eksponatlar haqqında da məlumat verilib. Saytın “Folklorumuz” linkində bu qədim diyarın folklorunu əks etdirən maraqlı fotoşəkillər nümayiş etdirilir. Yaxın vaxtlarda kitabxananın veb-saytına yeni maraqlı materiallar əlavə ediləcək.

 

   * * *

 

   Qax Mərkəzi Kitabxana Sistemində yaradılan elektron kitabxananın elektron yaddaşına 88 adda 4750 nüsxə kitab köçürülüb. Bu kitablar Azərbaycan Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı əsasında latın qrafikası ilə çap olunmuş əsərlərdir. Kitabxananın direktoru Güllü Əhmədova bildirib ki, kitabxananın veb-saytı da hazırlanıb. Saytda rayonun görkəmli şəxsləri, ziyalıları, tarixi abidələri, təbiəti, turizm imkanları, muzeyləri, milli mətbəxi, qəhrəmanları haqqında məlumatlar, habelə Mərkəzləşdirilmiş kitabxana sistemi (MKS), kitabxananın nailiyyətləri, keçirilən tədbirlər, biblioqrafik vəsaitlər və digər məlumatlar yerləşdirilib.Yeni veb-sayt tezliklə oxucuların istifadəsinə veriləcək.

 

 

   Mədəniyyət.- 2010.- 30 iyul.- S. 11.