Sazın sehri, sözün sehri
Aşıq Ələsgər
Tağıyev: «Özümü bir gün də sazsız,
sözsüz təsəvvür edə bilmirəm»
Tovuz aşıqlar yurdudur.
Sazın, ozan sözünün sədası minilliklərin o
üzündən gəlsə də, bu sənəti
xalqımıza sevdirənlər arasında Tovuz aşıq məktəbinin
öz yeri, xidmətləri var.
Bu günlərdə tovuzlu ustad
aşıq Ələsgər Mikayıl oğlu
Tağıyevin (Copur Ələsgər) 80 yaşı tamam
olur. Yubiley münasibətilə onunla görüşüb
söhbət etdik.
- Necə oldu ki, aşıq sənətinə
gəldiniz?
- Rəhmətlik atam Mikayıl
kişi də aşıq olub. Dünyaya gözümü
açandan evimizdə saz havalarını, aşıq
ifasını eşitmişəm. Mərhum ustad aşıq
Hüseyn Bozalqanlı bizim qonşumuz idi, atam da onunla möhkəm
dost idi. Mən tez-tez onların söz, saz məclislərində
iştirak edirdim. Atam dünyasını dəyişəndən
sonra onun yolunu, aşıq sənətini davam etdirmək qərarına
gəldim. Saza olan sevgim bu sənəti seçməyə məni
vadar etdi. Ustadım əvvəlcə Hüseyn
Bozalqanlının yetirməsi Dəmirçi Hüseyn, sonra
isə aşıq Əkbər Cəfərov oldu.
- 60 ildən çoxdur ki, bu sənətdəsiniz.
Keçdiyiniz bu uzun yoldan nə danışa bilərsiniz?
- Kamil aşıq olmaq çox zəhmət
tələb edir. Gərək daim öz üzərində
işləyəsən, arxayınlaşmayasan, əziyyətdən
çəkinməyəsən. Bu yaşda da sazı həmişə
başımın üstündən asıram, bildiklərimi təkrarlamaqdan
usanmıram. “Tovuz aşıqlar ansamblı”nın bədii rəhbəriyəm.
Bütün aşıq havalarını, 20-dək hekayə,
15 dastan bilirəm. Çoxlu deyişmələrim,
qoşmalarım, qaravəllilərim, təcnislərim, müxəmməslərim,
divanilərim var. Qəlbim hələ də
çalıb-çağırmaq, yaratmaq eşqilə doludur.
Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada
olmayım. Moskvada, keçmiş SSRİ-nin digər şəhərlərində
mötəbər tədbirlərdə
çıxışlarım olub. Çoxlu diplomlarım,
medallarım var. Aşıq sənəti həm də mənə
el məhəbbəti, xeyli dost qazandırıb - Şəmsi
Bədəlbəyli, Niyazi, Cahangir Cahangirov, Qəmbər
Hüseynli, Zəlimxan Yaqub və başqalarının
adını çəkə bilərəm. Allah dünyadan
köçənlərə qəni-qəni rəhmət eləsin,
qalanlara can sağlığı versin.
Fəxr edirəm ki, göyçəli
aşıq Ələsgər barədə tamaşa
hazırlananda onun rolunu həmişə mənə etibar ediblər.
Bu da ona görədir ki, çox zil səsim var. Mənə
el arasında “Koroğlu oxuyan” da deyirlər. Təvazökarlıqdan
uzaq olmasın, Koroğlunun yeddi havasının
hamısını eynilə yüksək səviyyədə
ifa edirəm.
- El arasında sizə “Çopur Ələsgər”
də deyirlər...
- Bəli, məni digər
aşıq Ələsgərlərdən fərqləndirmək
üçün belə deyirlər. Şeirlərimin birində
bu barədə belə demiışəm:
El gözəli gülə-gülə,
Məni etdi əsir, kölə,
Özüm çopur olsam belə,
Suyu şirin aşığam mən.
Qeyri-təvazökarlıq hesab etməyin,
mənimlə söhbət edən, ifamı eşidən
insanlar çox keçmir ki, öz dost münasibətlərini
bildirir, səsimi təkrar-təkrar dinləməkdən
yorulmurlar. Xalqın qəlbinə öz səmimiliyim, sadəliyim,
sənətimlə yol tapıram.
- İndi Tovuzda aşıqlıq sənətinə
gənclərin münasibəti necədir?
- Son zamanlar gənclərimizdə
aşıq sənətinə maraq artıb. Onlar açıq
sənətinə verilən yüksək qiymətdən
ruhlanaraq bu sənətə dərindən yiyələnmək
istəyirlər. İndi Bozalqanlıda məndən başqa
bir neçə aşıq da var. Gənclər aşıq sənətini
öyrənmək üçün bizə müraciət
edirlər. Biz də istedadı, qabiliyyəti olanlara sənətin
sirlərini öyrədirik.
- Ailənizdə necə,
davamçınız varmı?
- 8 övladım, 27 nəvəm,
13 nəticəm var. Oğlum Kamandar yaxşı saz
çalır. Oğlum Eldar, qızım Atlas, nəvəm Məhin
yaxşı şeirlər, qoşmalar yazırlar. Qələm
sahəsində onlar mənim davamçılarımdır.
Amma oxumaq üçün gərək heç olmasa mənim
kimi zil səsləri olaydı... Bu çatışmazlıq
üzündən oğlanlarıma aşıqlıq etməyə
izn vermədim, saz çalmaqla kifayətlənsələr
yaxşıdır. Amma ümid edirəm ki, nəslimizdən
gur, zil səsə malik bir oğul çıxıb atamın,
mənim yolumu davam etdirəcək.
- Yaşınızın bu
çağında, maşallah, qıvraq
görünürsünüz...
- Tanrı nə qədər ömür yazıbsa, o qədər yaşamaq istərdim. Amma özümü bir gün də sazsız, sözsüz təsəvvür edə bilmirəm. Allah sazımı, sözümü məndən almasın. Özümdən sonra gələcək nəslə bədii yaradıcılığım, mənə ünvanlanmış xatirələr, şeirlər toplanmış iki kitab - “Copur Ələsgər”, “Bozalqanlı Aşıq Ələsgər”i yadigar olaraq çap etdirmişəm. Qoy bilsinlər ki, Tovuz aşıq sənətində belə bir insan da olub.
- Ürəyinizdə daha nə arzu var?
- İstərdim ki, tezliklə işğal altında olan torpaqlarımızı geri alaq. Bu işdə mən bir əlimdə saz, birində silah gənclərimizlə bərabər lap ön cərgələrdə döyüşə getməyə hazıram. Yaşım 80 olsa da, rəyimdə təpər, qolumda qüvvə, dizimdə taqət var. Sonra da Tanrı möhlət versin, həmin yurd yerlərimizdə sazı dilə gətirim.
- Allah Sizi muradınıza çatdırsın, aşıq.
İradə Əsədova
Mədəniyyət.-
2010.- 30 iyul.- S. 12.