Zooparkda
bir gün
Yayın cırhacırında əyləncə
və dincəlmək üçün arzu olunan məkanlardan
biri də zooparkdır. Çoxdandır ki, Bakı
zooparkında olmamışdım. Bu arada heyvanat parkında
hansı yeniliklərin baş verməsini öyrənmək,
zooparkın indiki vəziyyəti ilə tanış olmaq
üçün bu məkana üz tutdum. Bəribaşdan
vurğulayım ki, zooparkda budəfəki gəzintim və
aldığım təəssürat, öncəki illərdən
fərqli olaraq, daha zəngin və xoş ovqatlı oldu. Qəfəs
boyu fırlanan ayılara, qəzəbindən qəfəsi pəncələri
ilə silkələyən şirə elə hey doyunca baxmaq
istəyirsən.
Öncə bir qədər
statistika
Bakıda ilk zoopark 1928-ci ildə
keçmiş Lunaçarski adına bağda (indiki Nizami
adına park) kiçik guşə şəklində
yaradılıb. Sonralar zoopark müxtəlif ərazilərə
köçürülür və nəhayət, indiki məkana
gəlib çıxır. 1980-ci ildə 45 ha-lıq ərazinin
cəmi 2, 25 hektarı zooloji park üçün istifadəyə
verilir. Daha sonralar rəsmi idarələrə edilən
müraciətlərdən sonra 2001-ci ildə zooparkın ərazisi
2 ha da artaraq 4,25 ha ərazini əhatə edir.
Zooparkda üç şöbə
var: Terialogiya (məməlilər-yırtıcılar, gəmiricilər,
dırnaqlılar); Ornitologiya (quşlar); Akvarium və terrarium
(balıq və sürünənlər) şöbəsi.
Hazırda zooparkda 160 növdə 1200 heyvan qorunub
saxlanılır. Bu rəqəmlər ilk növbədə
insanları təəccübləndirə bilər. Lakin bir
akvariumda 15-30 balığın olduğunu nəzərə
alsaq, rəqəmin o qədər də təəccüblü
olmadığını görərik.
Hər bir zooparkın öz simvolu
olduğu kimi Bakı Zooparkının da simvolu var, bu, flaminqo
quşlarıdır.
Burada nəsli kəsilməkdə
olan, adı qırmızı kitaba düşmüş
müxtəlif növ heyvanlar var. Zooparkın ən gənc
sakini cəmi 1 aydır ki doğulmuş Qafqaz maralının
balası, ən qocaman sakini isə 25 yaşlı lamadır.
1995-ci ildən Avrasiya Regional
Zooparklar Assosiasiyasının üzvü olan zoopark heyvanları
daha çox mübadilə yolu ilə alır. Belə
alınmış heyvanlarla yanaşı öz faunamızdan
olan müxtəlif heyvanlar da (quşlar, uzunqulaq, canavar və
s.) zooparka bağışlanıb.
Zooparkda
gördüklərim
Zooparkın yaşıllıq
zonada yerləşməsi heyvanları bir qədər istidən
xilas edir. Lakin darısqal qəfəslər vəhşi
heyvanlar üçün heç də uyğun deyil. Bir
vaxtlar cəngəlliklərdə, səhra və meşələrdə
ayaq açıb qaçan vəhşilər kiçik qəfəslərdə
gün boyu fırlanmağa məcburdurlar.
Burada olarkən dovşanı diri
udan ilanın qidalanması prosesini də izlədim. Zooloji
şöbənin müdiri Pərvanə Səfərovanın
dediklərinə görə, ilanlar adətən yemlərini
diri şəkildə udurlar. Əgər ov ilana
ölmüş şəkildə verilərsə ilan ona
yaxın durmur. Ovunu udmuş ilan qidanın həzmi
üçün 1-2 həftə yatmalı olur. Adətən
ilanlar hər qidalanmadan sonra dərilərini corab kimi
çıxarır. Əgər ilan sağlamdırsa dərisini
bütöv, xəstədirsə parça-parça
çıxarır.
Hava isti olduğu üçün
heyvanlardan çoxu öz yuvalarına çəkilmişdi.
Heyvanlar gün ərzində 2 dəfə (səhər, axşam)
yemlənir. Qəfəslərə yemək qoyularkən
yuvalardakı dəmir qapılar bağlanır və
işçilər tam təhlükəsiz şəraitdə
onların yerlərini təmizləyərək yemini verirlər.
Qəfəslərin üstündə heyvanların ziyarətçilər
tərəfindən yemlənməsi qadağan edən lövhə
olduğu halda, çoxları bu qadağaya məhəl
qoymurlar. Lakin bu da öz növbəsində heyvanlar
üçün təhlükə yaradır. Belə ki, bəzən
qida heyvanlara sellofan torbalarda atıldığı
üçün heyvanların həzm sistemində problemlər
yaranır. Pərvanə xanımın dediklərinə
görə, heyvanları əməliyyat edərkən
onların mədəsindən dəfələrlə sellofan
torbalar çıxarılıb.
Heyvanlar arasında meymunlar öz dəcəlliyi
ilə hamının diqqətini cəlb edir. Ziyarətçilər
isə öz növbəsində meymunu oynadıb əsəbiləşdirməyə
çalışırlar. Təbii ki, bu da cavabsız qalmır.
Bir dəfə meymunlardan biri ona əl uzadan adamın
barmağını dişləyib. Zooparkda müxtəlif
növ balıqlar da var: psevdotraflus, elenqatus, sumatra, Aralıq dənizi
tısbağası, skalari, tetradon, qızıl balıqlar
(qırmızı papaq), quppi və s.
Münasibət
Zooparkın direktoru Azər
Hüseynov: “1995-ci ildən bu vəzifədə
çalışıram. Bu vaxta qədər müxtəlif təşəbbüslər
irəli sürmüşəm. Azərbaycanın müxtəlif
bölgələrində belə zooloji parkların
salınmasını istərdim. Mən Çexiyada dəfələrlə
olmuşam. Orada 18-20 zooloji park fəaliyyət göstərir.
Bu bir növ mədəniyyətin inkişafıdır.
Heyvanlar aləminə, təbiətə diqqətdir. Bu
yaxınlarda Minsk zooparkı (Belarus) ilə müqavilə
bağlamışıq. Həmin zooparka erkək şir verib 6
növ heyvan almışıq. Tallin zooparkı ilə də
müqaviləmiz var. Təmənnasız olaraq 2 baş
Dağıstan turu alınacaq, əvəzində isə gələcəkdə
biz onlara 1 bala qaytarmalıyıq. Daşkənd zooparkı ilə
də danışıqlar gedir, oradan dişi pələng
üçün erkək pələng gətiriləcək”.
Bəzən müxtəlif əyləncə
mərkəzlərində, hətta ev şəraitində vəhşi
heyvanları bəsləyirlər. Bu, maraqlı məşğuliyyət
olsa da, təhlükəlidir. Azər müəllim belə
halların qanunla qadağan olunduğunu vurğuladı:
“Kafe-restoranlarda və s. əyləncə məkanlarında
meymun, ayı və digər vəhşi heyvanları
saxlayırlar. Bəslənməsi ilk baxışda asan
görünən bu iş əslində çox çətindir.
Elə yəqin bu səbəbdəndir ki, dəfələrlə
həmin məkanlardan bizə heyvanların baxılması
üçün müxtəlif müraciətlər olub”.
Yeganə Cansail
Mədəniyyət.- 2010.-
30 iyul.- S. 15.