Müəllim
zəhmətilə qazanılan
uğurlar
Xalqımızın musiqi yaradıcılığı olduqca zəngindir. Musiqi insana vətənpərvərlik, mübarizlik, əməksevərlik, dostluq kimi nəcib hisləri aşılayır. Musiqi ordunun gücünü ikiqat, üçqat artırır. Musiqi insanları bir fikir, bir məqsəd uğrunda birləşdirməyə qadirdir. Hətta beşikdə yatan körpə anasının şirin laylasına qulaq asdıqda rahatlaşır. Həyatımızın sevincli, qürurlu, eləcə də kədərli, qüssəli anları musiqi ilə müşayiət olunur. Ətraf səslərə qulaq asdıqda hiss edirik ki, bizi əhatə edən musiqi aləmi çox müxtəlifdir. Bu rəngarəngliyi isə bir-birinə bənzəməyən və ən fərqli hiss və duyğuları əks etdirən musiqi alətləri yaradır.
Xalqımızın incə, kövrək səsli tütəyi, oxuyan kamançası, çalıb-çağıran telli sazı, insanlarla söhbətləşib-dərdləşən tarı vardır. Hələ not işarələrinin köməyi, incə barmaqların müşayiəti ilə insanların ruhunu oxşayan fortepianonu demirəm. Bu alətlər vasitəsilə sevinc və kədərimizi, məhəbbət və həyəcanımızı ifadə edə bilirik. Bütün bu həqiqətləri düzgün anlamaq yaxşı musiqini bayağı, məzmunsuz səs-küydən ayırmaq üçün musiqinin sirlərini öyrənmək, onun kimlər tərəfindən və necə yarandığını bilmək lazımdır.
Musiqiyə yaxşı bələd olan insan ixtisasından asılı olmayaraq, incə bədii zövq sahibi və əsl ziyalı kimi cəmiyyətdə daim yüksək rəğbət qazanır. Xalqımızın mənəvi sərvəti olan musiqimizin yaşaması, təbliği və inkişafında musiqişünaslarımızın və müəllimlərimizin əməyinin rolu misilsizdir. 32 saylı Uşaq Musiqi Məktəbinin müəllim kollektivi də şagirdlərə hədsiz məhəbbətini, öz bilik və bacarığını əsirgəmir. Xəlil Atayevin rəhbərlik etdiyi məktəb öncül tədris ocaqlarındandır. Musiqi məktəbinin şöbə müdiri Sədaqət Həxiyeva tədris prosesindən danışarkən «Uşaqlar bizim gələcəyimizdir, onların cəmiyyətdə yaxşı formalaşması üçün biz müəllimlərdən çox şey asılıdır» deyə bildirir. Şagirdlərin sevimli müəlliməsi İlahə Əliyeva fortepiano ixtisası üzrə yetirmələrinə musiqinin sirlərini sevə-sevə öyrədir.
Ölkəmizə, vətənimizə layiqli övlad olmaq üçün nəinki musiqi sahəsində, hər bir sahədə insanın özünü gözəl ifadə etməsində müəllimlərimizin zəhməti, mükəmməl biliyi danılmazdır. 32 saylı Uşaq Musiqi Məktəbinin müəllim kollektivi də öz yetirmələrinin gələcək uğurlarına inanır.
Xanım Rzaqızı
Mədəniyyət.- 2010.-
2 may.- S. 15.