Molla Cümə ömrü
Aşıq sənəti çoxəsrlik tariximiz və
mədəniyyətimizin tərkib hissəsidir.
Keçmişimizi bu günümüzə, bu
günümüzü gələcəyə çatdıran
sənət incisi, xalqın istək və arzularını
özündə təcəssüm etdirən böyük sənətdir.
Bu keyfiyyətlərinə görə aşıqlar el
arasında “haqq aşığı”, “aşığın səsi
haqqın səsidir”, “aşıq el
yaraşığıdır” kimi tərifləniblər.
Onlardan biri XIX əsrin sonunda - XX əsrin əvvəllərində
yaşayıb yaratmış aşıq-şair Molla Cümədir.
Molla Cümə haqqında ədəbi-tarixi qaynaqlarda səhih məlumat yoxdur. Onun 1854-cü ildə Şəkidə, Göynük mahalında anadan olduğu təxmin edilir. Molla Cümə özü şeirlərinin birində bu barədə belə deyir:
Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyada divanə təki.
Mahalım Göynükdür, şəhərim Şəki,
Layisqi kəndinin binasıyam mən.
Bu bənddən aydın olub ki, Molla Cümənın eli-obası Göynük mahalında Layisqi kəndidir.
AMEA-nın Folklor İnstitutunun «Qorqudşünaslıq» şöbəsinin böyük elmi işçisi, Şəki folklor mühitinin araşdırıcısı, filologiya elmləri namizədi Ləman Süleymanovanın sözlərinə görə, Molla Cümə geniş dünyagörüşlü şair, Azərbaycan klassik poeziyasının kamil bilicisi olub. Ərəb və fars dillərini mükəmməl bilib. Erkən yaşından şeiriyyata, yazı-pozuya meyilli olur. Qaynar və coşqun təbi onu oxumağa, aşıqlıq etməyə sövq edir. El şənliklərində şeirlərinin oxunması, özünün aşıq kimi dinlənilməsi rəğbətlə qarşılanır. Həyatının gənclik çağlarında eşqə düşür, varlı və mömün bir ailədən qız istəyir. Lakin bu istəyinə qovuşa bilmir. Nakam məhəbbətini ömrünün sonuna kimi unutmur. İsmi Pünhan adı ilə qovuşa bilmədiyi xanımı yorulmadan, usanmadan vəsf edir. Adını, tərifini ellərə yayır.
İsmi Pünhan, niyə məndən küsübsən,
Yaxşı, yaman ya bir olar, ya iki.
Bu gün ölsəm hamı deyər yazıqdır,
Canı yanan ya bir olar, ya iki.
Molla Cümə incə zövqlü, nadir təbli lirik
şair olub. Elinin yaxşı-yamanını tanıyan, qəlbini-könlünü
oxuyan və hal-əhvalını bilən sənətkar kimi
söz seçməyi, incələyib sədəf kimi
düzməyi çox gözəl bacarıb.
Molla Cümənin həyatı acı bir sonluqla bitib. O,
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəal
tərəfdarlarından olub. Həmin dövrdə
Qarabağda, Zəngəzurda erməni quldurları dinc azərbaycanlı
əhaliyə divan tutarkən, digər bölgələrdə
olduğu kimi, Şəkidə də Milli Orduya kömək məqsədilə
könüllü dəstələr yaradılırdı. Həmin
dəstələrdən birini aşıq Molla Cümə və
onun əmisi oğlanları yaratmışdı. 1920-ci ilin
mayında, Azərbaycanın sovetləşməsindən sonra
bolşeviklərin həyata keçirdiyi repressiyada onun
bütün qohumları həbs olunub. Bu haqsızlıq
şairə pis təsir edir. O, ömrünün ixtiyar
çağında çox sarsılır.
Şairin özü isə 1920-ci ilin iyununda
öldürülüb. Bu barədə bir neçə
mülahizə var.
Tədqiqatçı Ləman Süleymanova: «Molla Cümə
Xalq Cümhuriyyətinin fəal tərəfdarı kimi
tanındığı üçün Azərbaycanın
sovetləşməsindən sonra qohumları ilə bərabər
onun da həbs edildiyi və güllələndiyi barədə
mülahizələr var.
İkinci bir mülahizəyə görə isə,
günlərin birində Molla Cümə çiynində saz kənddən
çıxıb hara isə gedirmiş. Kənd kənarında
XI «qırmızı» ordunun erməni əsgərlərindən
biri onun yolunu kəsir və sonra güllələyir. Səsə
camaat yığılıb gəlir. Əsgərdən
soruşurlar ki, bu ixtiyar qocanın günahı nə idi! Nə
üçün onu öldürdün? O isə cavabında elə
bildik ki, çiynindəki tüfəngdir deyir».
Molla Cümənin yaradıcılığı
haqqında bəzi araşdırmalar aparılıb. Onun
şeirlərinin bir hissəsini 1930-cu illərdə tədqiqatçı
Hümmət Əlizadə toplayaraq "Aşıqlar"
kitabında nəşr etdirib. 1966, 1983 və 1995-ci illərdə
aşığın üç kitabı çap olunub. Son nəşrdə
aşığın əksər şeirləri toplanıb.
Molla Cümənın bir neçə saz havası da məlumdur:
"Molla Cümə gözəlləməsi", "Molla
Cümə gəraylısı", "Şəki
dübeyti", "Molla Cümə müxəmməsi"
(yaxud Cığalı müxəmməsi).
Savalan Fərəcov
Mədəniyyət.-
2010.- 2 iyun.- S. 14.