Amerika gündəliyi
(Əvvəli ötən
sayımızda)
6 may 2010-cu il
Səhər erkən qalxdıq. Vaşinqtonda bizi
çox gərgin iş günü gözləyirdi.
Odur ki, saat 9-un yarısında artıq hamı
ABŞ-ın hökumət binası hesab olunan Mədison
binasında idi. Mədisona çox ciddi polis yoxlamasından
keçməklə buraxıldıq. 11 sentyabr (2001) terror hadisələrindən
sonra Amerikada bütün inzibati binalara ciddi polis nəzarətindən
keçməklə daxil olmaq olar. Binada qrupumuzu
qarşılayan xanım bizi iclas salonuna apardı. Salonda Azərbaycandan
gələn bütün qruplar - mədəniyyətə
baxış, kitabxanaçılar, hüquqşünaslar,
media və icma mərkəzləri qruplarının hər
biri üçün ayrıca yer ayrılmışdı. Hər
qrupda beş nəfər iştirakçı, bir nəfər
müşayiətçi var idi.
Salonda Dünya Liderlik Mərkəzinin direktoru Con O'Kiflə,
Amerika Kitabxanalar Assosiasiyasının prezidenti Roberta Stivinslə,
Konqres Kitabxanasının direktoru Con Kolla, Qlobal Təhsil
Çözümləri Amerika Şurasının məsləhətçisi
Karl Herrinlə, Amerika Milli İncəsənət Fondunun beynəlxalq
fəaliyyətlər üzrə direktoru Pennie Ojeda ilə və
bir sıra başqa rəsmilərlə
görüşdük. Hər bir görüş çox
yüksək işgüzarlıq şəraitində
keçirdi.
Konqres Kitabxanasının direktoru bildirdi ki, kitabxana XIX əsrin
əvvəlində təşkil edilib. Üç
böyük binası var. Ən böyük bina prezident Tomas
Ceferson, ikinci bina prezident Con Adams tərəfindən tikilib.
Üçüncü bina isə «Mərsən binası» (Mərsən
də ABŞ prezidenti olub) adlanır. O, adları çəkilən
hər üç şəxsin həm də çox məşhur
kitab kolleksiyaçıları olduğunu bildirdi.
Konqres Kitabxanasında 140 milyon kitab, əlyazma, disklər,
xəritələr, qəzetlər və digər tarixi sənədlər
saxlanılır. Kitabxananın 3 min nəfər
işçisi var. Fondda bədii kitabların sayı 30 milyon
nüsxə təşkil edir.
C.Koll qeyd etdi ki, amerikalılar kitab oxumağı
çox sevirlər. Onun sözlərinə görə, indi
internet dövrü olsa da, amerikalılar elektron nəşrlərə
deyil, məhz kitablara üstünlük verirlər. Kitabxanada
16 şöbə fəaliyyət göstərir. Keçən
ildən 16 yaşdan aşağı olan uşaqlar
üçün də şöbə fəaliyyətə
başlayıb. Koll peşəkar kitabxanaçı
olduğunu və bu sahəyə 40 il əvvəl gəldiyini
bildirdi. O, ABŞ-da kitabxana sahəsi üzrə ən
yaxşı mütəxəssis hesab olunur. Həm də
ABŞ-ın kitabxana tarixini yazan yeganə alimdir. Koll son illərdə
ABŞ-da mütaliə mədəniyyətini formalaşdırmaq,
savadsızlığı ləğv etmək (ABŞ əhalisi
arasında savadsızlıq faizi çox yüksəkdir -
V.A.) istiqamətində mühüm tədbirlər həyata
keçirildiyini söylədi.
O, ABŞ-da keçirilən kitab bayramlarından, kitab
festivallarından danışdı. Qeyd etdi ki, ilk kitab
festivalı 2001-ci il sentyabrın 8-də, müdhiş 11
sentyabr hadisələrindən cəmi üç gün əvvəl
keçirilib.
Kitab bayramlarını və festivallarını
imkanlı şəxslər - bizenesmenlər, ticarətçilər
öz şəxsi vəsaitləri hesabına maliyyələşdirirlər.
Bu il ABŞ-da 10-cu kitab bayramı keçiriləcək. Con
Kollun fikrincə, bu tədbirlərin keçirilməsində
məqsəd kitab oxumağın əhəmiyyətli
olduğunu hamıya izah etməkdir. ABŞ qanunlarına əsasən,
kitab nəşrlərini maliyyələşdirən şəxslər
vergidən azad olunurlar. ABŞ-da insanlara yazmağı və
oxumağı öyrədən 18 könüllü təşkilat
fəaliyyət göstərir. Bu ölkədə vahid təhsil
və mədəniyyət nazirlikləri yoxdur. Təhsil və
mədəniyyət sahələri dövlət tərəfindən
idarə olunmur, bu sahələr sərbəstdir.
Hər bir ştatın isə təhsil və incəsənət
təşkilatları var. Bu təşkilatları
ştatın özü maliyyələşdirir. Ştatlarda
da büdcədən ayrılan vəsait çox cüzidir. Əsas
vəsait könüllü şəxslər və kilsələr
tərəfindən yönəldilir. ABŞ-da büdcə vəsaitləri
əhalinin sayına görə bölünür. Dövlət
büdcəsinin 50%-i ştatlara ayrılır. Yerdə qalan
hissə isə dövlətin nəzarətindədir.
Rəsmilər içərisində ən çox
maraqlandığımız şəxslərdən biri də
Konqres Kitabxanasının Yaxın Şərq bölməsinin
rəhbəri Kristofer M.Morfi idi. Cənab Kristofer zala daxil olan
kimi Lətifə xanım onu işgüzar söhbətə
çəkdi. Məlum oldu ki, bütün Asiya qitəsi
ölkələri adı çəkilən bölməyə
aiddir. Bədnam qonşularımız da bu bölmədə təmsil
olunurlar.
Biz özümüzlə gətirdiyimiz Azərbaycana dair
ingilis dilində kitabları Kristoferin vasitəsilə Konqres
Kitabxanasına bağışladıq. O, söz verdi ki, bu
materialları bölmədə ayrıca yerləşdirəcək
və qayda üzrə qeydə aldıracaq.
Konqres Kitabxanasının üç böyük
binasının yalnız birindən Senat və Konqres üzvləri
istifadə edə bilərlər. Burada ən qiymətli əsərlər,
tarixi sənədlər, xəritələr və s. qorunub
saxlanır.
Görüş başa çatan kimi biz Hökumət
binasını tərk edib Konqres Kitabxanasının əsas
binasına - Tomas Ceferson binasına yollandıq. Binaya gələnlərin
əksəriyyəti yerli və xarici turistlər idi. Gün ərzində
təxminən yüz mindən çox turist bu kitab məbədini
ziyarət edir. Burada hərəkət sərbəstdir.
Binanın tavanındakı yağlı boyalarla təsvir olunan
rəsmlər çox yüksək səviyyədə işləndiyindən
hamı bu hündür sütunlu binaya heyranlıqla tamaşa
edir.
Konqres Kitabxanasının 1-ci əsas binası adlanan bu
kitabxanada XIV - XVI əsrlərə aid dünya xəritəsi
nümayiş etdirilir. Bu xəritədə
Konqres Kitabxanasında ABŞ prezidenti Tomas Cefersonun şəxsi
kitabxanası da saxlanır. Bu kitabxananı Ceferson
ömrünün son illərində Konqres Kitabxanasına 24
min dollara satıb və həmin pulla özünün şəxsi
borclarını ödəyib. T.Cefersonun şəxsi
kitabxanasının fondunda 6 min nüsxə kitab olub. O,
kitabxananı satarkən bir kitab tacirinə qiymət kəsmək
üçün müraciət edibmiş. Tacir də
kitabxanaya qeyd etdiyimiz qiyməti qoyub.
Konqres Kitabxanası tarixindəki yanğınlarda bu
şəxsi kitabxananın da bir hissəsi yanaraq külə
dönüb. Ceferson kitabxanası ən çox ziyanı
1851-ci ildə baş vermiş ikinci yanğın zamanı
çəkib, həmin yanğında kitabxananın
üçdə iki hissəsi yanıb.
Lakin ABŞ Konqresi mərhum prezidentin kitablarının
yeni nüsxələrini tapıb yenidən fondu bərpa etməyə
çalışıb. İndiyə qədər də bu
fonddakı kitabların bəzilərinin nadir nüsxələri
tapılmadığından həmin kitabların yeri
boşdur. Odur ki, tapılıb bərpa edilməyən
kitabların yerinə ağ rəngli boş kitab şəkilli
qutular düzülüb. Fondda ilkin variantlı kitablar
qırmızı xətlə, əvəzinə başqa
nüsxəsi alınıb qoyulmuş kitablar isə
qızılı xətlərlə işarələnib. Xətlər
kitabların cildinin arxa hissəsində görünən yerdə
çəkilib. Bu fond bütün turistlər
üçün maraqlı idi.
Kitabxana ilə tanışlıq nə qədər
maraqlı olsa da, bizi daha bir görüş gözləyirdi.
ABŞ Konqresinin üzvü olan bir xanımla görüşməli
idik. Digər qruplara artıq bildirmişdilər ki, onların
heç birini konqresmenlər qəbul etməyəcək.
Bizi müşayiət edən Rüstəm Koralabayev isə
söz vermişdi ki, mütləq bizi Şimali Karolina
ştatını təmsil edən Konqres üzvü ilə
görüşdürəcək. Təyin olunmuş vaxtdan
beş dəqiqə əvvəl görüş yerinə gəldik.
Konqresin binasında hər ştatı təmsil edən
konqresmenin ayrıca katibliyi var. Əslində bu bir rəsmi
idarədir. Hər ştatın katibliyinin qapısında
ABŞ-ın dövlət bayrağı və həmin
ştatın öz bayrağı asılıb. Biz ilk olaraq bu
bayraqların fonunda xatirə şəkilləri çəkdirdik.
Şimali Karolina ştatını təmsil edən
konqresmen bizim nümayəndə heyətini təsdiq
olunmuş qayda üzrə qəbul etdi. 60-65 yaşında olan
bu xanımın üzündəki ifadədə
arxayınçılıq hiss olunurdu. Lakin amerikalılara xas
şəkildə gülümsəməyi var idi. Bu ölkədə
hamı gülür, özü də eyni cür. Bu barədə
sonra.
(Ardı var)
Vaqif Alıyev,
Kürdəmir Rayon Mədəniyyət
və
Turizm Şöbəsinin müdiri
Mədəniyyət.- 2010.- 2 iyun.- S.
12.