Sənətinin vurğunu

 

    Rəssamlıq insanın mənəvi aləmindəki duyğularını cəmiyyətlə bölüşməyin ən maraqlı yoludur. Eskizlər, etüdlər, şəkillər onun təəssüratlarını, qabiliyyətini, gördüklərini öz hisslərilə mənalandırmaq bacarığını üzə çıxarır. Kino rəssamı isə filmlərdə ssenarist, quruluşçu rejissor və operatorla birlikdə bir müəllif kimi iştirak edir. Filmin bədii keyfiyyətləri xeyli dərəcədə rəssamın işindən də asılıdır.

  

   Ömrünü bu sənətə bağlayan fırça ustalarından biri ötən əsrin 50-ci illərindən bir çox milli kinofilmlərimizin ərsəyə gəlməsinə dəyərli töhfələr vermiş istedadlı rəssam, Əməkdar incəsənət xadimi Cəbrayıl Əlimuxtar oglu Əzimovdur.

   Cəbrayıl Əzimov 1926-cı il mayın 7-də Bakıda anadan olub. Uşaqlıqdan rəssamlıga meyl göstərib. 1946-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1953-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Bədii dekorativ tərtibatçılıq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam işləyib. “Doğma xalqıma”, “Sevimli nəğmə”, “O olmasın, bu olsun” (N.Zeynalovla birgə), “Qızmar günəş altinda”, “Uzaq sahillərdə”, “Onu bagışlamaq olarmı”, “Mən rəqs edəcəyəm”, “İnsan məskən salır” və s. filmlərə bədii tərtibat verib. Rəssamı olduğu filmlərə baxarkən sənətkarın güclü rəssamlıq duyumu, hadisəyə bədii yanaşma təxəyyulü açıq-aydın hiss olunur.

   C.Əzimov bədii tərtibat verdiyi filmlərdə dekorasiyaların, kostyumların hazırlanmasında milliliyə çox fikir verib. Kino rəssamı qabaqcadan işlədiyi əsər üçün mövzu ilə nə qədər yaxşı tanış olarsa, filmin tərtibatı da keyfiyyətcə daha yüksək olar.

   Bu baxımdan C.Əzimovun quruluşçu rəssam kimi yer aldığı “Uzaq sahillərdə” filmini xüsusi qeyd etmək olar. Məşhur kinorejissor Lukov bu filmə baxdıqdan sonra rəssama demişdi: “Mən Triest şəhərində olmuşam, şəhəri və onun ətrafını yaxşı tanıyıram. Yaratdığınıza tamaşa etməmişdən qabaq düşünürdüm ki, xüsusi arxitekturaya və təbii yerlərə malik olan Triest şəhərini, onun ətrafını verə bilməyəcəksiniz, ancaq indi fikrimi geri götürürəm. Bu doğrudan da həmin Triest və həmin yerlərdir».

   Ümumiyyətlə, rəssamın fikirləşdiyi, çəkdiyi eskizlərin ugrunda əsas şərt onun hadisələri, obrazları yadda saxlaması ilə baglıdır. Rəssam formalarla, rənglərlə, tonlarla, işıq-kölgələrlə cürbəcür rakurslarla, detallarla əsərin ana xəttinin və obrazların yaranmasında aktiv iştirak etməlidir.

   C.Əzimov sənətdəki əzmkarlığı ilə bir çox festivallarda mükafatlara, 1964-cü ildə respublikanın Əməkdar rəssamı adına layiq görülüb. 1966-cı ildə “İnsan məskən salır” filminə verdiyi bədii tərtibata görə adı ümumittifaq kino və teatr rəssamları sərgisinin, həmin ildə ”Leyli və Məcnun” filminə çəkdiyi eskizlərə görə isə Azərbaycan teatr və kino rəssamlarının kataloquna salınıb.

   1969-cu il iyulun 7-də dünyasını dəyişən C.Əzimov həyatdan erkən getsə də, parlaq istedadı ilə yaratdığı sənət əsərləri keçmişimizin, bugünümüzün və sabahımızın silinməz izləridir. Onun yaradıcılıq mirası S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qayğı ilə qorunur.

  

 

   Tura Abdiyeva

 

   Mədəniyyət.- 2010.- 2 iyun.- S. 10.