«Skal İnternational Baku»nun 4-cü toplantısı keçirildi

 

   Mayın 27-də Novxanıda «Olimpik» hoteldə «Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı klubunun ənənəvi, 4-cü toplantısı keçirildi. Tədbirdə rəsmi şəxslər və klub üzvləri iştirak edirdilər.

  

   Toplantını giriş sözü ilə açan «Skal İnternational Baku»nun rəhbəri Ruslan Quliyev klubun 3-cü toplantısından sonra görülən işlərlə bağlı məlumat verdi. Aprel ayında Bakıda keçirilən 9-cu Beynəlxalq Turizm və Səyahətlər və 1-ci Daxili Turizm sərgilərində «Skal Baku»nun fəal iştirak etdiyini deyən R.Quliyevin sözlərinə görə, aprelin 28-də Bakı və Antalya skal klubları əkiz klublar elan ediliblər. «Skal Baku»nun üzvləri bu günlərdə Türkiyəyə gedəcəklər. Həmçinin «Skal İnternational» beynəlxalq turizm təşkilatının prezidenti Hülya Aslantaşın 20 nəfər skalçı ilə birlikdə Bakıya səfəri gözlənilir.

   Klub rəhbəri bildirdi ki, «Skal Baku» öz fəaliyyəti ilə Azərbaycan turizm sənayesində mövcud olan problemlərin həllinə yardımçı olmaq niyyətindədir. Elə bu məqsədlə də bu yay mövsümündə Azərbaycan Turizm İnstitutunun 10 nəfər tələbəsinin Türkiyədə təcrübə keçməsi üçün Antalya skalçıları ilə razılığa gəliblər: “Sonrakı mərhələlərdə daha çox sayda tələbənin təcrübə mübadiləsi məqsədilə Türkiyəyə getməsi planlaşdırılır. Bununla hazırda Azərbaycan turizmində yaşanan kadr probleminin həllinə kömək etmək istəyirik”.

   Mədəniyyət və Turizm Nazirliyi Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov isə «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair» Dövlət Proqramı, sənədin turizm sənayesi təmsilçiləri qarşısında qoyduğu vəzifələr barədə danışdı. Qeyd etdi ki, turizm qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılır.

   M.Qəhrəmanovun sözlərinə görə, «Turizm haqqında» yeni qanun layihəsi bu günlərdə Nazirlər Kabinetinə göndəriləcək: «Hazırda qarşıda duran ən mühüm vəzifələrdən biri turizm sektorunda çalışanların peşə hazırlığı səviyyəsinin artırılması və beynəlxalq əlaqələrin genişləndirilməsidir». Nazirlik rəsmisi onu da qeyd etdi ki, «Skal» turizm sektorunda çalışan təcrübəli insanların toplaşdığı bir təşkilat olduğundan, görüləcək işlərdə bu qurumun fəaliyyətinə xüsusi önəm verilir.

   Sonra R.Quliyev «Skal Baku»ya qəbul edilən yeni üzvləri tədbir iştirakçılarına təqdim etdi. Yeni üzvlər arasında Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin rəhbəri Aydın İsmiyev də vardı. «Skal Baku»nun yaradıcılarından biri, Azərbaycan Turizm İnstitutunun əməkdaşı Fatoş Özəlpayın ailə vəziyyəti və səhhəti ilə bağlı Türkiyəyə döndüyünə görə İstanbul klubuna transferi məsələsi müzakirə edildi, qarşıdan gələn turizm mövsümü ilə bağlı klub üzvlərinin fikirləri dinlənildi.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 2 iyun.- S. 9.