Rənglərin təntənəsi
Rəssam Murad Allahverdiyev
1960-cı ildə Bakıda anadan olub. 1975-1979-cu illərdə Ə.Əzimzadə
adına Rəssamlıq Məktəbində, 1979-1988-ci illərdə
Ukraynada Lvov Dekorativ Tətbiqi İncəsənət
İnstitutunun Bədii şüşə şöbəsində
təhsil alıb. Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür, müxtəlif ölkələrdə
keçirilən sərgilərin və simpoziumların
iştirakçısı olub. Rəngkarlıqda müvəffəqiyyətlə
fəaliyyət göstərir, bununla yanaşı, bədii
şüşədən yaratdığı füsunkar
işləri də kifayət qədər şöhrət
qazanıb. Pedaqoji fəaliyyətə Mədəniyyət və
İncəsənət Universitetində başlayıb, Rəssamlıq
Akademiyasının dosentidir. Hazırda Beynəlxalq Kipr
Universitetində dərs deyən M. Allahverdiyev mayın 28-də
50 illik yubileyini qeyd edib.
Onun yaradıcılığında tarixə qovuşmuş köhnə Bakının ətri, Abşeronun əlvan çalarları, narıncı-sarı günəşi və qumu, Xəzər üzərində alaqaranlıqları, zümrüd yaşıl rəngli bağları mühüm yer tutur. Rəssamın yaradıcılıq simasının fərqləndirici xüsusiyyətləri obrazların dürüstlüyündə və ifadəliliyində, koloritin dolğun və uyarlı rəng ahəngdarlığındadır. Təkcə Şərq həyatına həsr olunmuş “Şərq nağılı” tablosuna istinad edib belə qənaətə gəlmək mümkündür. Köhnə Bakının görüntülərinə maraq göstərən rəssam ən yaxşı tablolarında incə rəng çalarları işlədir, koloritin ifadəli çıxmasına meyil göstərir. “Xəzər üzərində alaqaranlıq” (1989), “Pəncərədən görünüş” (1997), “Batmış gəmilər adası” (1998), “Yelkənlər” (1999), “Əzik yataq” (2005), “Ramazan ayı” (2002) və digər tablolarından göründüyü kimi, onun dolğun palitrasında rənglər kəskin ritmlərlə qovuşur.
Rəssamın bədii təxəyyülünə görə, ay tənhalığın simvoludur. Onun yaradıcılığında da ayın təsviri xüsusi əhəmiyyət kəsb edir. “Bədirlənmiş ay”, “Ay işığında”, “Ay yağışı”, “Ay işığında rəqs” və s. tablolarında sanki rəssam qəlbinin tənhalığı göyümtül-gümüşü tablolara köçürülüb.
Bütün bunlarla yanaşı, rəssam “Nyu” janrında da əsərlər yaradıb. “Əzik yataq”, “Qovuşma”, “Ekstaz” və s. tabloları tamaşaçıya Şərq, xüsusilə də Hindistan miniatürlərini xatırladır.
M.Allahverdiyevi heç bir vəchlə üsyançı adlandırmaq olmaz, o marjinal sənətkar deyil. İnsanı valeh edən mənzərələri, şən məclisləri, köhnə rok, caz və şansonu sevir. Real həyatda rəssam sağlam düşüncəlidir. Onun əsərlərinə baxarkən rəssamın həm hisslərini, həm də onun əhval-ruhiyyəsini görə bilərsiniz. O, heç də çoxsaylı “izm”lərin həvəskarı deyil.
Rəssamlıqla yanaşı, bədii şüşə ustası olan M.Allahverdiyev bu sənətin axtarışlar üzərində qurulduğunu deyir: “Dekorativ tədbiqi incəsənətin bütün növləri arasında bədii şüşə öz istehsal spesifikasına görə fərqlənir. Çünki onun son nəticəsini təkcə rəssam müəyyən etmir. Yaranmış ideya ilə onun həyata keçirilməsi arasında çoxsaylı şərtlər və təsadüflər zənciri keçir: burada şüşəçinin ustalığı, şüşənin özünün vəziyyəti və nəhayət sadəcə uğurun əhəmiyyəti var”.
Vitraj incəsənətinin qədimliyindən danışan rəssam onların bu gün də populyar olduğunu qeyd edir: “Onlar müasir interyerin populyar elementi və başlıca tələbi kimi qalır. Hal-hazırda vitrajlar ən müxtəlif variantlarda tətbiq olunur”.
Yeganə Cansail
Mədəniyyət.-
2010.- 2 iyun.- S. 8.