Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş konsert

 

   İyunun 1-də Heydər Əliyev Sarayında Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr edilmiş “Göyərçinik biz” adlı konsert oldu. Konsertdə ilk ön sıralar kimsəsiz, əlil uşaqlara ayrılmışdı. Uşaq evlərinin sakinləri konserti maraqla izlədilər. Elə konsertin məqsədi də bir gün də olsa kimsəsiz uşaqlara kimsəsizliyini unutdurmaq, azacıq da olsa onlara sevinc bəxş etmək idi. Çünki digər həmyaşıdlarından fərqli olaraq, valideyn himayəsindən məhrum olmuş uşaqların hamımızın qayğı və diqqətinə ehtiyacları var.

   Konsertin açılışını Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblı (“Şən rəqs”) etdi. Daha sonra Teymur Göyçayevin rəhbərlik etdiyi Uşaq-Gənclər Simfonik Orkestri (Qara Qarayevin «İldırımlı yollarla» baletindən rəqs, İohann Bramsın “Macar rəqsi”, Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım” mahnısı), Xalq Çalğı Alətləri Ansamblı (Qönçə Mehdiyevanın rəhbərliyilə), Xor kollektivi (Məlahət Məmmədovanın rəhbərliyilə), “Aysel” Musiqili Uşaq Teatrı, “Canbala” estrada qrupu, “Noğullar” qrupu, Nigar Zeynalovanın rəhbərliyilə Folklor Rəqs Ansamblı çıxış etdi, sirk nömrələri, breyk dans və s. rəngarəng nömrələr təqdim edildi.

   Konsertdə müğənnilərdən Ramil Qasımov, Tofiq İsmayılzadə, Ülvi Babaşi və digər ifaçılar da iştirak etdilər.

  

 

   Nuray

 

   Mədəniyyət.- 2010.- 2 iyun.- S. 3.