Qətərdə Azərbaycan Mədəniyyəti Günləri uğurla davam edir

 

   Xəbər verdiyimiz kimi, mayın 31-dən iyunun 4-dək Qətər Dövlətində Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra tədbirlərdə iştirak edib.

  

   Azərbaycan Mədəniyyəti Günlərində iştirak edən “Mədəniyyət” qəzetinin baş redaktoru İntiqam Hümbətovun bildirdiyinə görə, iyunun 1-də Qətərin paytaxtı Doha şəhərindəki Musiqi Kollecində Qədim Musiqi Alətləri Ansamblı və Dövlət Rəqs Ansamblının iştirakı ilə geniş konsert proqramı olub. Əməkdar artist Nuriyyə Hüseynovanın və Qədim Musiqi Alətləri Ansamblının konsertmeysteri, Əməkdar artist Munis Şərifovun ifaları qətərli tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Dövlət Rəqs Ansamblının özünəməxsus, mükəmməl çıxışları da maraq doğurub.

   İ.Hümbətov onu da bildirdi ki, ərəb ölkəsində muğamlarımız, təsniflərimiz, xalq mahnılarımız tamaşaçıların zövqünü oxşayır, onlar bu musiqinin qədim və zəngin bir xalqa məxsus olduğunu xüsusilə qeyd edirlər. Konsert proqramından sonra musiqi kollecinin rəhbəri çıxış edərək, Azərbaycan musiqisinin onları valeh etdiyini və azərbaycanlı ifaçıların yüksək mədəniyyət nümunələri göstərdiklərini bildirdi. Əmin olduğunu bildirdi ki, iki xalq arasında mədəniyyət mübadiləsi bundan sonra da uğurla davam etdiriləcəkdir.

   Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılışı isə bu gün, iyunun 2-də keçiriləcək. Açılış mərasimi Doha şəhərindəki Qədim Milli Teatrın binasında olacaq. Azərbaycan Dövlət OperaBalet Teatrı “Leyli və Məcnun” operasını qətərli tamaşaçılara təqdim edəcək.

   Azərbaycan Mədəniyyəti Günlərinə böyük maraq olduğunu bildirən İ.Hümbətov Qətərdəki Azərbaycan səfirliyinə tədbirlərlə bağlı müraciətlər olduğunu, qətərlilərin Azərbaycan Mədəniyyəti Günlərinin açılışını böyük maraqla gözlədiklərini bildirdi.

 

 

  Mədəniyyət.- 2010.- 2 iyun.- S. 2.