«İpək
yolu və Azərbaycan»
Bakı ilə qardaşlaşmış
Hyustonda bu adda tədbir keçiriləcək
Mədəniyyət və Turizm
Nazirliyinin Hyuston-Bakı
Qardaşlaşmış Şəhərlər
Assosiasiyası ilə
birgə layihəsi əsasında bugünlərdə
Amerikadan ölkəmizə
müxtəlif sahələri
təmsil edən mütəxəssislərdən ibarət nümayəndə
heyəti gəlmişdi.
Layihənin məqsədi və
qonaqların ölkəmiz
haqqında təəssüratı
barədə Hyuston-Bakı
Qardaşlaşmış Şəhərlər
Assosiasiyasının prezidenti
İradə Axundovadan
məlumat aldıq.
Amerikada yaşayan İ.Axundovanın
sözlərinə görə,
Bakı ilə Hyuston (Texas ştatı) arasında bu cür səfərlər mübadiləsi mütəmadi
həyata keçirilir:
«Bu dəfə Bakıya
Mədəniyyət və
Turizm Nazirliyinin dəvətilə gəlmişik.
Qrupa Hyuston şəhərinin mədəniyyət müəssisələrinin
rəhbərləri, Hyuston
opera teatrının, muzeylərinin
nümayəndələri və
turizm üzrə mütəxəssislər daxildir.
Bu layihəni həyata keçirməkdə
məqsədimiz Azərbaycanı
Hyustonda, Texas ştatında
və ümumilikdə
ABŞ-da daha geniş tanıtmaqdır.
On gün müddətində
qonaqlar Şəki, Lahıc, İsmayıllını
gəzdilər. Onlar Azərbaycanın
təbiətini, tarixi
abidələrini, müxtəlif
dinlərə aid məbədləri
gördülər, azərbaycanlıların
tolerantlığının, qonaqpərvərliyinin bir daha şahidi oldular».
Müsahibimizin
dediyinə görə,
Hyustonun mədəniyyət,
turizm qurumları ilə Azərbaycanın müvafiq qurumları arasında müxtəlif layihələr həyata keçiriləcək: «Biz regionlara
səfər etməmişdən
əvvəl hansı sahədə əlaqələrin
inkişaf etdirilməsi
barədə plan hazırladıq.
Qonaqların hər biri səfərlə bağlı öz fikirlərini dedi. Qeyd edim ki, Bakı
ilə Hyuston arasında əlaqələrin
30 ilə yaxın tarixi var. Bu əlaqələrin
əsasında neft amili dayanır. Hyuston da, Bakı kimi
dünyada neft şəhəri kimi tanınır. Bizim “Nobel” sərgisi
adlı gözəl bir layihəmiz var. İstərdik ki, bütün dünyaya bu sərgi vasitəsilə
göstərək ki,
neftin inkişaf tarixi Azərbaycandan başlayır. “Nobel” sərgisini Hyuston muzeylərindən birində
də təqdim edəcəyik. Hyuston muzeylərinin
nümayəndələri Azərbaycanda
aidiyyəti qurumlarla bu mövzuda söhbət apardılar, Dövlət Neft Şirkəti ilə danışıqlarımız oldu.
Sərgini gələn
il Hyuston
şəhərində keçirməyi
nəzərdə tuturuq.
Bundan əlavə, hər il Hyustonda
250 mindən artıq insanın qatıldığı
beynəlxalq festival keçirilir.
Düşünürük ki, 2011-ci ildə
bu beynəlxalq tədbirə «İpək
yolu və Azərbaycan» layihəsi ilə qatılaq. Layihənin həyata keçməsi ölkəmizin daha geniş formatda tanınmasına imkan verərdi. Orada milli mətbəximizi,
suvenirlərimizi, sənətkarlarımıza
məxsus əl işlərini, xalçaçılıq
nümunələrimizi nümayiş
etdirəcəyik».
İ.Axundova bildirdi ki, səfər müddətində
qrup üzvləri təmsil etdikləri sahələr üzrə aidiyyəti orqanların nümayəndələrilə görüşüblər. Onlar qarşılıqlı
əməkdaşlıq zəminində
bir sıra layihələrin həyata
keçirilməsi ilə
bağlı razılığa
gəliblər: «Hyuston
operasının “Şərq
və Cənub” adlı bir layihəsi
var. Biz istəyirik ki,
Azərbaycan öz operasını bu layihə çərçivəsində
Hyustonda təqdim etsin. Artıq bununla bağlı
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri
Firəngiz Əlizadə
ilə danışıqlar
aparılıb. Ümid
edirəm ki, gələn il
Azərbaycan operası
Hyuston səhnəsində
təqdim olunacaq. Bundan əlavə, hyustonlu Helen
Rous Azərbaycan Diplomatiya
Akademiyasında oldu.
Xanım Rous təklif
etdi ki, nəinki iki ölkənin tələbələri
arasında, eyni zamanda Hyuston universitetləri ilə bu ali təhsil ocağında çalışan professor-müəllim
heyəti arasında da təcrübə mübadiləsi olsun».
Qonaqlar Bakıdakı mədəniyyət
ocaqlarımızda da olublar. Gənc Tamaşaçılar Teatrında “Ələddinin
sehrli çırağı”
tamaşasına, Opera və
Balet Teatrında “Sevil” operasına baxıblar. Bu operada aktyorlarımızın
oyunu və musiqimizin incəliyi qonaqları valeh edib. Bundan başqa, onlar
Dövlət Filarmoniyasında
təşkil edilmiş
simfonik orkestrin konsertinə də tamaşa ediblər.
İradə Axundovanın dediyinə görə, hyustonlu qonaqlar Azərbaycanla bağlı yetərincə
məlumat əldə
edə biliblər: «Qrup üzvləri hansı muzeyə getdilərsə, ordan kitablar aldılar. Biz Lahıcda olanda
orda köçkünlük
həyatı yaşayan
soydaşlarımızın hazırladıqları oyuncaqlar
qonaqların marağına
səbəb oldu və onlar bu
oyuncaqların hamısını
aldılar. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
də bizə Azərbaycanla bağlı
maraqlı kitablar, CD-lər verildi. Bundan əlavə, Heydər Əliyev Fondunda bizim nümayəndə heyətini qəbul etdilər və Azərbaycanla bağlı
təqvimlər, broşürlər,
kitablar hədiyyə etdilər».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2010.-4 iyun.- S. 15 .