Azərbaycan UNESCO-dakı sərgidə təmsil olunub
Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən
bildiriblər ki, mayın 31-də UNESCO-da keçirilən İslam Konfransı Təşkilatının
(İKT) günü çərçivəsində
“Mədəniyyətlərin yaxınlaşmasında İslamın
rolu” mövzusunda “dəyirmi masa”, mədəniyyət sərgisi
və ziyafət təşkil edilib.
UNESCO-da belə bir mövzuda “dəyirmi masa”nın
keçirilməsi ideyası
çoxdan nəzərdən
keçirilirdi. Lakin bu tədbirlə yanaşı,
sərgi və ziyafətin təşkil olunması təklifi son anda gündəliyə salınıb və
İKT üzv dövlətlərin
əksəriyyəti tərəfindən
dəstəklənib.
Bu silsilə tədbirlərin keçirilməsində
əsas məqsəd mədəniyyətlərin yaxınlaşması
çərçivəsində İslamın sülhsevər
və ümumbəşəri
dəyərlərə sadiq
olan din kimi nümayiş etdirilməsinə,
eləcə də
İKT ilə UNESCO-nun işbirliyini
artırmağa yönəlib.
Azərbaycan İKT-nin üzvü kimi bu tədbirlərin təşkili prosesindən
kənarda qalmayıb,
həm sərgiyə,
həm də ziyafətə önəmli
töhfəsini verib. Sərgidə ölkəmizin milli
incəsənət əşyaları
və musiqi alətləri ilə yanaşı, xalçalar,
Azərbaycanın zəngin
mədəniyyəti, o cümlədən
Şərqlə Qərb
arasında oynadığı
körpü rolu haqqında kitab və broşürlər nümayiş etdirilib, qonaqlara digər təbliğat xarakterli materiallar paylanıb.
Sərgidən sonra keçirilmiş
ziyafət zamanı ölkəmizin masası zəngin Azərbaycan mətbəxinin məhsulları
olan şəkərbura,
paxlava və başqa məhsullarla bəzədilib. “Dəyirmi masa” iştirakçıları
Azərbaycanla bağlı
sərgiyə, milli mətbəximizin nümunələri
olan şirniyyatlara böyük maraq göstərib.
Mədəniyyət.- 2010.- 4 iyun.- S. 15
.