Atatürkün azərbaycanlı dostu - İbrahim Əbilov

 

   Onların dostluğuna şahidlik edən çoxlu faktlar, şəkillər var. Yeganə canlı şahid isə yaşı 90-nı haqlamış Anadolu xanımdır. O, atası İbrahim Məhərrəm bəy (Türkiyədə onu belə çağırırmışlar) Əbilov haqqında xatirələrini bizimlə bölüşür:

  

   - Atam 1882-ci ildə Ordubadda anadan olub. Orada ilk təhsilini aldıqdan sonra Mahaçqalaya işləməyə gedib. Sonra tale onu Bakıya gətirib. Burada neft mədənlərində, dəmir yolunda çalışıb, inqilabi hərəkata qoşulub. Sosial-Demokrat «Hümmət» partiyasına daxil olub, partiyanın öncül üzvlərindən biri kimi ictimai-siyasi fəaliyyət göstərib. «Bakı həyatı» qəzetinin redaktoru işləyib və həmin vaxtlar Nəriman Nərimanovla yaxın dostluq edib.

   1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə deputat seçilib və onun sosialist fraksiyasına başçılıq edib. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR daxili işlər nazirinin müavini təyin olunub. Onun fitri istedadını, ictimai-siyasi səriştəsini nəzərə alan Azərbaycan hökumətinin rəhbəri Nəriman Nərimanov İbrahim Əbilovun Türkiyəyə səfir göndərilməsi təşəbbüsünü irəli sürüb. Beləliklə, atam 1921-ci ildə sovet Azərbaycanının Türkiyədə səfiri kimi fəaliyyətə başlayır. Öz etimadnaməsini Türkiyə dövlətinin rəhbəri Atatürkə təqdim edərkən onunla ilk səmimi söhbəti olub. Tədricən bu münasibətlər yaxın dostluğa çevrilib. Anamın (Tamara xanım) dediyinə görə, onlar ailəvi dost olublar, tez-tez görüşər, mühüm məsələləri birgə müzakirə edərlərmiş.

   Türkiyədə əvvəlcə Azərbaycanın səfiri kimi fəaliyyət göstərən İ.Əbilov sonra orada həm də ZSFSR-in (1922-ci ildə qurulmuş Zaqafqaziya Federasiyası - red.) nümayəndəsi təyin olunur. Atatürkün etimadını qazanmış İ.Əbilov Türkiyədə işlədiyi illərdə Rusiya-Türkiyə münasibətləri nəzərəçarpacaq dərəcədə yaxşılaşır. 1921-ci il martın 16-da Moskvada “RSFSR-lə Türkiyə arasında dostluq və qardaşlıq haqqında müqavilə” imzalanır. Elə həmin il oktyabrın 13-də Qarsda Türkiyə və Zaqafqaziya respublikaları arasında, sonra isə Ukrayna ilə də dostluq müqavilələri imzalanır.

   İ.Əbilovun Azərbaycan, Rusiya və Türkiyə münasibətlərinin inkişafında da böyük rolu olub. Rusiyanın o vaxtlar Türkiyədə olan səlahiyyətli nümayəndəsi olan S.Aralov atam haqqında yazırdı: “Əbilov bütün digər müsbət cəhətlərilə bərabər, həm də böyük daxili mədəniyyətə malik bir insan idi”. Yeri gəlmişkən, o vaxt hakimiyyətdə təmsil olunan nüfuzlu insanların da atam haqqında maraqlı xatirələri var. N.Nərimanov onun fəaliyyətinə yüksək qiymət verərək, deyirdi: “Şərq xalqlarını Qərbi Avropa imperializminin zülmündən xilas etmək onun arzusu və həyat amalı idi”.

   1922-ci ildə N.Nərimanov atamı Tiflisə, Zaqafqaziya partiya bürosunun iclasına çağırır və bildirir ki, onun əleyhinə anonim məktublar gəldiyindən işləri yoxlanmalıdır. Bir neçə ay yoxlama aparılsa da yazılanlar öz təsdiqini tapmır. Atam yenə də diplomatik işini davam etdirir. 1923-cü ildə İzmirdə Türkiyənin ilk iqtisadi konfransı keçirilərkən onun işində Atatürk də, Əbilov da iştirak edir. Anamın dediklərinə görə, İzmirdə əhali atamı çox yaxşı qarşılamışdı, onun qadınların hüququ mövzusunda etdiyi məruzə də ürəkdən bəyənilmişdi. Burada qaldığı müddətdə atam bir neçə tədbirdə, ziyafətdə iştirak edir. Belə ziyafətlərdən birindən qayıdarkən mədə-bağırsağında kəskin ağrılar başlayır. İşə Atatürkün həkimləri də qarışıb onun üzərində əməliyyat aparırlar, xəstəxanaya Atatürkün özü də gəlir. Lakin İbrahim Məhərrəm bəyin həyatını xilas etmək mümkün olmur...

   Atatürk Tamara xanıma iki qızıyla bərabər (onda mən 9 aylıq körpə idim) Türkiyədə qalmağı təklif etsə də, anam buna razılıq vermir, vətənə qayıtmaq arzusunu bildirir. Atatürkün göstərişilə Misir və Hindistandan dəvət olunmuş alimlər atamın cənazəsini mumiyaya tutub Bakıya göndərirlər və burada dəfn olunur. Onda bəlkə də heç kəsin ağlına gəlməzdi, amma indi düşünürəm ki, yəqin elə atamı ermənilər zəhərləyib aradan götürüblər. Onun nüfuzundan, qazandığı uğurlardan qorxaraq bu işə əl atmışlar. Anonim məktubları yazanlar da onlar idi...

   Atatürkün atama olan isti qardaş, yaxın dost münasibəti hamıya məlum idi. Hətta mən dünyaya gəldikdə o, məni öz övladı kimi bağrına basmış, sonra başı üzərinə qaldıraraq demişdir: “Anadoluda doğulduğu üçün adını Anadolu qoyuram”.

   Demə, atamın faciəsi təkcə ölümüylə bitmirmiş, qara qüvvələr sonralar da ondan əl çəkməyəcəkmiş...

   1941-ci ildə mən Bakıda Tibb İnstitutunun ikinci kursunda oxuyarkən Böyük Vətən müharibəsi başlandı. Könüllü olaraq cəbhəyə yazıldım. Cərrahiyyə şöbəsinin şəfqət bacısı kimi Ukrayna, Belorusiya, Şimali Qafqaz cəbhələrini qarış-qarış piyada keçib Berlinə qədər getdim. Balet ustası olan böyük bacım Ziba da döyüş briqadalarında çıxış edirdi. Müharibədən sonra cəbhədə ailə qurduğum həkim İskəndər İsmayılovla Bakıya qayıtdım. Atamın məzarını ziyarətə gedərkən qəbrin yerlə-yeksan olunduğunu gördük... Nə qədər axtarılsa da, dəmir qutuda basdırılan mumiyalanmış cəsəd tapılmadı. Deyəsən, İbrahim Məhərrəm bəyin qəbri də həmin qara qüvvə üçün təhlikə yaradırdı. Əgər belə olmasaydı... Bu vəhşiliyi ermənilərdən başqa kim törədə bilərdi?

   Nəhayət, 1981-ci ildə Heydər Əliyevin göstərişilə Fəxri xiyabanda atamın simvolik qəbri düzəldildi.

   Bu ahıl çağımda da atamı xatırlayanda kövrəlməyə bilmirəm. Cəmi 41 il yaşasa da mənalı, şərəfli ömür sürdü. O, Azərbaycan xalqını xoşbəxt, ölkəsini qüvvətli görmək istəyirdi. İndi müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə artmaqdadır. Bədnam, riyakar qonşularımız isə yenə də öz əməllərindən əl çəkməyərək torpaqlarımıza qəsd ediblər. Onlara öz hədlərini tanıtmaq üçün bütün xalq ayağa qalxmağa hazırdır. Elə mən özüm də bu yaşda yenə də könüllü xidmət etməyə atılaram. Təki tezliklə Azərbaycanımızın ərazi bütövlüyünü təmin edək. Sonuncu iş yerim olan Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatına rəhbərlik edərkən (burada 20 ilədək çalışmışam) Azərbaycanı qarış-qarış gəzib mədəniyyətimizin, abidələrimizin qorunması üçün mən də öz töhfəmi vermişəm. İndi düşünəndə ki o yerlər, dilbər guşələrimiz düşmən tapdağı altındadır, çox kövrəlirəm...

   Azərbaycanın Türkiyə ilə olan əlaqələri isə sarsılmaz və əbədidir. Çünki möhkəm qardaşlıq təməli üzərində qurulub.

  

 

   İradə Əsədova

 

   Mədəniyyət.- 2010.- 4 iyun.- S. 14.