Bir
ömrə şahidlik edən xatirələr
Svetlana İsayeva: «İndi də
tələbələrə fəxrlə deyirəm ki, mən «Çinar»da oynamışam»
Yarım əsr bundan əvvəl Azərbaycan
Tibb Universitetinin nəzdində
təşkil edilən «Çinar»
qızlar ansamblı, yəqin ki orta və yaşlı nəslin nümayəndələrinin
yaxşı yadındadır. O zaman
heç kəs güman
etməzdi ki, tələbə qızlardan
ibarət rəqs qrupunun şöhrəti
Azərbaycanın hüdudlarından uzaqlara
da yayılacaq. 1959-cu ildə 24 tələbə
qızın Moskvanın konsert
salonlarında nümayiş etdirdikləri
milli rəqslərimiz
tamaşaçıları valeh etmişdi. Bu
qızlar «Çinar»ın təməlçiləri idi. Ansambl bu
gün də yaşayır və özünün 50 yaşını qeyd etməyə hazırlaşır.
Bəli, çəkilən zəhmət, əldə edilən uğurlar həmişə yaddaqalan olur və bəzən istər-istəməz həmin illərə nostalgiya yaranır. Ansamblın yubileyi ərəfəsində bu xatirələri çözələmək, 50 il əvvələ qayıtmaq üçün «Çinar»ın təməlçilərindən biri olmuş, hazırda Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda çalışan Svetlana İsayeva ilə görüşdük.
Söhbətə başlarkən ilk cümləsi belə oldu: «69 yaşım var. Kim mənə bu yaşı verər? Mənim belə cavan və gümrah qalmağımın səbəbi «Çinar»dır». Elə bu cümlə ilə də söhbətə körpü salmış olduq və bundan sonra xatirələr dilə gəldi.
«1959-cu ildə
1-ci kurs tələbəsi
idim. İnstitutun Komsomol Komitəsindən
dedilər ki, qızlardan ibarət ansambl yaradılır və seçimi də tanınmış rəqqasəmiz Əminə
xanım Dilbazi aparır. Yadımdadır, o zaman institutda
istedadlı həvəskarlar
çox idi. Gələcək həkimlər rəqs
kollektivinə həvəslə
üzv yazılırdılar.
Onları ansambla gətirən bir istək idi: rəqsə vurğunluq, bu sənətin qüdrətindən doğan
sevinci hamıya bəxş etmək. Seçim çox ciddi aparılırdı. Nəhayət, 24 nəfər qız ansamblda oynamağa layiq görüldü.
Onlar elə əsl çinara bənzəyirdilər: ucaboylu,
qədd-qamətli. Əminə xanımın
təklifilə ansamblın
adını «Çinar»
qoydular. Ansabml səhnə
həyatına «Çinar»
rəqsilə qədəm
qoydu. Sonra onun ifasında
«Bənövşə», «Ceyran»
«dünyaya gəldi».
«Vağzalı», «Mirzəyi»,
«Qaval» rəqsləri ürəklərə yol tapdı. «Çinar»
tez bir müddətdə
lirik rəqsləri ilə özünü tamaşaçılara sevdirdi
və tanıtdı».
Peşəkar
səhnəyə aparan
yol
Bundan sonra qızğın
məşqlər başlayır.
Çünki «Çinar» cəmi
üç ay sonra Moskva şəhərində
keçiriləcək «Azərbaycan
mədəniyyəti ongünlüyü»ndə
(dekada) iştirak etməli idi.
Svetlana xanım o günləri
belə xatırlayır:
«Həmin vaxt saatlarla məşq edirdik. Əminə xanım bizə
xalq rəqsinin əlifbasını öyrətdi.
Səhnədə addımı necə
atmaq, əlləri, başı necə tutmaq? Bütün bunları bizə
Əminə xanım başa salırdı.
İndi mən əminliklə deyə bilərəm ki, mənim sənət həyatım
Əminə xanımın
adı ilə bağlıdır».
Ansambla çox diqqətlə
yanaşılırdı. Geyimlərin eskizlərini məşhur
rəssam Reyhan Topçubaşova hazırlamışdı.
Beləliklə, tələbə qızlar 3 ay gərgin məşq edirlər.
Qızlar həm dərslərə
getməli, həm də məşqlərdə
iştirak etməli olurdular. «Bəs bu gərgin işin öhdəsindən
necə gəlirdiniz» sualını Svetlana xanım
belə cavablandırdı:
«Bizdə sevgi, həvəs var idi və bu
stimulu bizə Əminə xanım verirdi. O, bizə sadəcə müəllimə
kimi deyil, bir ana kimi
yanaşır, məşqlər
zamanı dəyərli
məsləhətlər verirdi».
Rəqqasların ənənəvi
pəhrizinə gəlincə,
Svetlana xanım deyir ki, onlara bu
xüsusda heç bir qadağa qoyulmurdu: «Özümüz
başa düşürdük
ki, çox yemək olmaz.
O zaman bizə nəinki institutda, hətta bütün respublikada gözəl münasibət var idi. İndi də dərsdə
tələbələrə fəxrlə deyirəm ki, mən «Çinar»da
oynamışam».
Moskva
səhnəsində çıxışlar
Svetlana xanım bildirir
ki, Moskva şəhərində keçirilən
«Azərbaycan mədəniyyəti
ongünlüyü»ndə səhnəyə
çıxanda heç
bir həyəcan hiss etməyib: «Peşəkar səhnədə heç
vaxt addım atmayan qızlar birdən-birə ilk dekadaya
getdilər, Moskva səhnəsində Azərbaycanı
təmsil etdilər. Dekada çərçivəsində «Bolşoy Teatr» da daxil olmaqla
Moskvanın bir çox konsert salonlarında rəqs etdik. İfalarımız böyük alqışlarla
qarşılandı. Ansambl SSRİ komsomol təşkilatının
(ÜİLKGİ MK) fəxri fərmanı ilə təltif olundu. Moskvadan qayıdanda «Çinar»a xalq ansamblı adı verildi. Mən də daxil olmaqla rəqqasələrdən
dördü Azərbaycan
Ali Soveti Rəyasət
Heyətinin fəxri fərmanına, kollektivin bədii rəhbəri Əminə Dilbazi isə Xalq artisti
adına layiq görüldü”.
Sveta xanım «Çinar»da ali
məktəbi bitirənə
qədər, 6 il çıxış edib:
«Mənim ən çox sevdiyim «Açıl, bənövşəm,
açıl» mahnısının
havasına oynadığım
rəqs idi. O zaman rus dilinin
hökmranlıq etdiyi
bir zamanda biz milli rəqsləri öyrənirdik. Buna görə ömrüm boyu Əminə xanıma minnətdaram.
Sonradan «Çinar»ın
repertuarı zənginləşdi.
Ansambl Əminə xanımla birlikdə dünyanı gəzdi».
«Mənim
üçün təbabət
və musiqi eyni dərəcədə
dəyərlidir»
Ali məktəbi bitirmək həm də ansambldan ayrılmaq demək idi. Svetlana xanım
deyir ki, onun üçün ansambldan ayrılmaq çətiniydi. Altı
il ərzində
rəqs sənətində
püxtələşdiyindən hətta ona professional səhnədə qalmaq da təklif olunur. Amma o, öz peşəsini,
göz həkimi ixtisasını seçir.
Bir də bu qənaətdədir ki, onsuz da
musiqi ilə təbabət arasında bir harmoniya mövcuddur:
«Artıq sübut olunub ki, müəyyən
xəstəlikləri bir
sıra musiqi alətləri ilə müalicə etmək mümkündür. Vaxtilə Azərbaycanın
məşhur cərrahları
İbrahim və
Mustafa Topçubaşovlar əməliyyat
zamanı xəstədən
soruşurdular ki, hansı əsəri dinləmək istəyirlər,
musiqinin hansı janrını xoşlayırlar.
Xəstəni xoşladığı musiqinin sədaları altında əməliyyat edirdilər. Təcrübə göstərirdi ki, həmin əməliyyatlar
uğurlu alınır.
Mənim
üçün təbabət
və musiqi eyni dərəcədə
dəyərlidir və
birini digərindən
ayırmıram».
Svetlana xanımı «Çinar»dan nələri
xatirə saxlamısınız»
sualı, deyəsən,
əməlli-başlı kövrəltdi.
Cavabında: «Bol-bol şirin xatirələr. Elə xatirələr ki, bir ömrə bəs edər. Bir də ki
bu xatirələri yaşadan şəkillər»
- deyə cavab verdi: «Bu altı
ilin ab-havası mənim həyatımda bu gün də
mühüm rol oynayır. Sizə ən adi misal
çəkim: həyat
itkisiz olmur və əlbəttə ki, doğmalarını itirmək insanı sarsıdır. Amma ən ağır
anlarımda o illərin
ab-havası mənə
kömək olub, psixoloji sarsıntıdan xilas edib. Qızıma,
nəvələrimə rəqs
öyrətmişəm. Kədərli anlarımda nəvəmə
deyirəm ki, bir mahnı qoy oynayaq. Rəqs edəndə isə sanki, dönüb oluram «Çinar»dakı gənc qız. Bax bu kifayət edir ki, bütün
stresdən azad olum. Bu baxımdan
həyatımda «Çinar»ın
əhəmiyyəti böyükdür.
Hərdən istəyirəm ki,
bugünkü «Çinar»ın
məşqlərinə baxım,
ötən illərə
onlarla birgə qayıdım».
«Çinar»ın keçmiş üzvləri
müxtəlif xəstəxanalarda,
Tibb Universitetində çalışmalarına baxmayaraq,
ansamblın tədbirlərində
həvəslə iştirak
edirlər.
50 yaşını tamamlayan ansamblın çoxsaylı uğurları
isə mədəniyyət
tariximizin sərvətidir.
Bu uğurlardan ikisini xüsusilə qeyd etmək lazımdır. 1970-ci ilin yayında Almaniya Demokratik Respublikasında musiqi bayramı keçirilirdi.
Dəvət olunmuş qonaqların
arasında «Çinar»
da var idi.
O vaxt «Çinar» rəqs ansamblı ADR-in səkkiz şəhərində
tam proqramla çıxış
etdi.
1974-cü ildə «Çinar» Yuqoslaviyanın
Sarayevo şəhərində
keçirilən dostluq
görüşündə iştirak etdi. Ansambl uzunmüddətli və səmərəli əməyinə,
yüksək yaradıcılıq
səviyyəsinə görə
Azərbaycan Lenin Komsomolu
Mükafatına layiq görüldü. Sonrakı illərdə
«Çinar» xalq rəqs ansamblı neçə-neçə müsabiqələrdən,
festivallardan üzüağ
çıxıb, özünün
nəyə qadir olduğunu dəfələrlə
sübut edib. Ansamblın yaradıcılığı
haqqında C.Cabbarlı
adına «Azərbaycanfilm»
kinostudiyası «Qızlar,
rəqs edin!» filmini çəkib.
«Çinar» Almaniya,
Polşa və Əlcəzair televiziyalarında
da çəkilib.
Ansambl
90-cı illərdə Almaniyada,
Türkiyədə qastrol
səfərlərində olub.
1998-ci ildə ansambl Fransada keçirilən Xalq Yaradıcılığı Festivalında
dünyanın 38 ölkəsinin
kollektivləri arasında
3-cü yeri tutub.
50 yaşlı «Çinar» bu gün də rəngarəng çıxışları
ilə tamaşaçı
rəğbəti və
sevgisini qazanır.
Mehparə
Sultanova
Mədəniyyət.-
2010.- 4 iyun.- S. 13.