Amerika gündəliyi

 

  (Əvvəli ötən sayımızda)

  

   Bizi qəbul edərkən konqresmenin müdafiə məsələləri üzrə katibi və Protokol idarəsinin əlaqələndiricisi xanım Patrisa Elvud da görüşdə iştirak edirdi. Əvvəl rəsmi tanışlıq oldu. Konqresmen xanım bizim rəsmi səfərimizi davam etdirəcəyimiz Şimali Karolina ştatı haqqında danışdı. Sonda o bizi də dinlədi. Mən öz çıxışımda Azərbaycan mədəniyyətinin qədim tarixindən, mədəni dəyərlərimizdən, tarixi abidələrimizdən danışdım. Qarabağda erməni vandalları tərəfindən yandırılan və talan olunan kitabxanalarımızın, tarixi abidələrimizin faciəli taleyindən söhbət açdım. Qarabağın əbədi və əzəli Azərbaycan torpaqları olduğunu, ABŞ Konqresi üzvlərinin bu məsələyə biganə münasibətlərini xüsusi olaraq vurğuladım. Amerikalı dövlət rəsmisinin sifət cizgilərində təəssüf dolu bir ifadə yarandı.

   Sonra qrupumuzun rəhbəri, Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova Azərbaycandan apardığımız hədiyyələri, suvenir və kitabları konqresmenə təqdim etdi. Belə bir fikri xüsusi vurğuladı ki, ABŞ Konqresinin bütün üzvləri Dağlıq Qarabağ münaqişəsindən danışarkən ədalətli olmalıdırlar.

   Sonda amerikalı konqresmen Azərbaycan-Ermənistan münaqişəsindən xəbərdar olduğunu, amma məsələnin ciddiyyətini bugünədək dərk etmədiyini söylədi. Bizimlə görüşdə yeni məlumatlar öyrəndiyini qeyd etdi.

   Konqres binasından çıxdıq. Başqa qruplar da artıq nəzərdə tutulmuş yerdə toplaşmışdılar. Hərə öz təəssüratını danışırdı. Bizim Konqres üzvü ilə görüşümüz çox yüksək qiymətləndirildi.

   Gündəliyə görə iki saat yarım ərzində Vaşinqtonun görməli yerlərini gəzməli idik. Bu fürsəti əldən vermək olmazdı. Öncə Ağ evə getdik. Ağ evin hasarları önündə şəkil çəkdirdik. Sonra yaxınlıqdakı Konqres binasının - Kapitolinin pilləkənlərinə qədər getdik. Bu ağ günbəzli binanın qarşısındakı yaşıllıqda qələbəlik var idi. Çəmənlikdə yüzlərlə insan yığılaraq konsert proqramına tamaşa edirdi. Tamaşaçılardan və iştirakçılardan çoxu əllərini göyə açmışdılar. Öyrəndik ki, bu, amerikalıların «Allaha inam» bayramıdır. Ağ evin önündə, burada oturub ABŞ-ın xarici siyasətinə etiraz edən bir kişi gördük. Onun sinəsində ABŞ-ın müharibə siyasətinə etiraz əlaməti olan şüar asılmışdı. Bildirdilər ki, o, düz otuz beş ildir ki burada əyləşir və etirazını bu cür ifadə edir.

   Şəhərin digər yerlərini də gəzib otelə qayıtdıq. Geyimlərimizi dəyişib nümayəndələr otağı adlandırılan ziyafət zalına düşdük. Burada Azərbaycanın ABŞ-dakı səfiri cənab Yaşar Əliyevlə görüş keçirilməli idi. Hamı yığışdı. Səfir düz təyin olunmuş vaxtda gəldi. O bizimlə bir stolda əyləşmişdi. Yaşar Əliyev “Açıq dünya” proqramından, ABŞ - Azərbaycan münasibətlərində bu proqramın əhəmiyyətindən ətraflı danışdı. Səfər iştirakçılarına uğurlar dilədi. Sonda səfirlə xatirə şəkli çəkdirdik.

  

   7 may 2010 - cu il

  

   Səfər proqramımızın növbəti ünvanı ABŞ-ın Şimali Karolina ştatı idi. Səhər saat 5-də mehmanxanadan çıxıb avtobusla Dallas hava limanına yola düşdük. Saat 8.30-da Vaşinqtondan Şimali Karolina ştatının mərkəzi Şarlot şəhərinə uçduq. Artıq bir saatdan sonra biz ABŞ-ın ikinci böyük bank və maliyyə şəhəri sayılan Şarlotda idik.

   Şarlot həm də böyük turizm şəhəridir. Təbii sərvətləri əsasən meşələr və ucu-bucağı görünməyən torpaqlardır. İqlimi istidir. Demək olar ki, burada qış hiss olunmur. İl ərzində cəmi bir-iki dəfə termometr mənfiyə doğru dəyişir. Bu da çox qısa davam edir. Fevral ayına təsadüf edən həmin “soyuq günlərdə” ara-sıra qar da görmək mümkündür.

   Şəhərdə bizi “Beynəlxalq ev” adlı qeyri-hökumət təşkilatı qarşılamalıydı. Bu təşkilatın nümayəndəsi Liz artıq aeroportda idi. O, bizimlə səmimi görüşdü və cəmi bir neçə dəqiqə gözləməyimizi xahiş etdi.

   Bu vaxt bizə cavan, həddən artıq kök bir oğlan yaxınlaşdı. Onun da əlində səfər çantası var idi. Oğlan azərbaycanca salamlaşıb, Orxan Ağamalıyev, - deyə özünü təqdim etdi. O, bizimlə bir reysdə uçubmuş.

   Orxan bildirdi ki, bizim qrupa rəsmi tərcüməçi təyin olunub və çalışacaq ki, bu missiyanı yaxşı yerinə yetirsin. Onsuz da bizim qrupun Orxana ehtiyacı yox idi. Çünki ingilis dilini gözəl bilən, Vaşinqtonda təhsil almış Kənan Cəfərli daim yanımızdaydı. O, bizim həm müşayiətçimiz, həm də tərcüməçimiz idi. Vətənpərvərliyinə və zəhmətkeşliyinə də söz ola bilməzdi. Amma bu rəsmi qaydadır. ABŞ-da hər bir qrupu ABŞ vətəndaşı olan tərcüməçi müşayiət etməlidir.

   Az keçmiş proqram rəhbəri Lara adlı qız gəldi. O da bütün amerikalılar kimi gülümsəyirdi. Yarı hindliyə, yarı əfqana oxşayan bu qız bizi rahat mikroavtobusa əyləşdirdi. Avtobus şəhərə istiqamət götürdü. Sürücümüz Ömər adlı ərəb idi.

   Bu arada bizə rəsmi tərcüməçilik edəcək Orxan söhbətə başladı. Əslən Bakıdan olduğunu, Bakıxanov küçəsində böyüdüyünü, atasının Ucar rayonunun Alpout kəndindən, ana nənəsinin isə Xankəndindən olduğunu söylədi. 10 yaşında olarkən ABŞ-a gəldiyini dedi. Anasının ABŞ Dövlət Departamentində Azərbaycana gedən amerikalı siyasətçilərə Azərbaycan dili öyrətdiyini bildirdi.

   Biz saat 11-də Şarlot şəhərinin mərkəzində yerləşən “Beynəlxaq ev”ə gəldik. Binanın giriş qapılarına Azərbaycanın dövlət bayrağının kiçik şəkilləri asılmışdı. Sayca çox idi. Bütün otaqlara və foyeyə də bu cür bayraq şəkilləri asılmışdı.

   Lara Şarlot şəhərinə həsr etdiyi və sözlərini də özü yazdığı mahnını ifa etdi. O, gitarada gözəl ifa edirdi.

   Bizimlə rəsmi söhbət aparıldı. Proqramın məqsədi və məramı açıqlandı. Biz bir-bir özümüzü təqdim etdik. Qısa şəkildə səfərimiz zamanı nələri görmək istədiyimizi söylədik.

   Lətifə xanım ətraflı danışdı. Şarlot şəhərindəki kitabxanalardan birində «Azərbaycan mərkəzi»nin yaradılması təklifi gündəmə gəldi.

   Mən öz çıxışımda Qarabağ, orada kitabxanalara, tarixi abidələrə, mədəni dəyərlərimizə vurulan ziyanı Lara və Lizə izah etməyə çalışdım.

   Proqram çərçivəsində siyasi məsələlər nəzərdə tutulmadığından onlar siyasi söhbətlərdən yayınmağa çalışırdılar. Amma mən yenidən məsələnin üstünə qayıtdım.

   Biz Şarlot şəhərindəki «Beynəlxalq ev»ə Azərbaycanın dövlət rəmzləri əks olunmuş kiçik xalça hədiyyə etdik. Və arzuladıq ki, bu rəmz binada olan dünya xalqlarının milli geyimlərini özündə əks etdirən şüşə guşəyə qoyulsun. Söz verdilər ki, qoyacaqlar, amma bu guşənin açarı hazırda şəhərdə olmayan bir xanımdadır. O, iki gündən sonra gələcək və onlar mütləq bunu edəcəklər. Lara və Liz Şarlot şəhərində məscid olduğunu söylədilər. Biz mütləq məscidə baş çəkmək istədiyimizi bildirdik.

   Proqram haqqında qısa müzakirədən sonra bizi qalacağımız ailələrə təhkim etdilər. Mənim, Vasif müəllimin və Elçin Hüseynovun qalacağı evin sahibi çox gec gəlib çıxdı.

   Adı Roland olan bu oğlanı hələ Bakıda ikən qiyabi tanıyırdım. Çünki onun internetdəki məlumatları ilə öncədən tanış olmuşdum. Əslən koreyalı idi, fotoqraf işləyirdi. Böyük biznes sahibi idi.

   Lara üzrxahlıq etdi. Nəhayət, Roland gəlib çıxdı. Onun maşınına oturub yola düşdük. İlk olaraq, o bizə şəhəri gəzməyi təklif etdi. Koreya əsilli bu oğlanla Meksika restoranında nahar etdik. Özünəxidmət, çox bahalıq idi. Yarıbişmiş xəmirin arasında müxtəlif qarışıqlardan ibarət bir yemək yedik. Bircə adi su pulsuz idi. Yeməkdən sonra yaxınlıqdakı ticarət mərkəzinə getdik.

  

 

   (Ardı var)

  

   Vaqif Alıyev,

   Kürdəmir Rayon Mədəniyyət

   və Turizm Şöbəsinin müdiri

 

  Mədəniyyət.- 2010.- 4 iyun.- S. 12.