Adil İsgəndərov
– 100
Bənzərəm
bir qocaman dağa ki...
III yazı
Adil müəllimli günlərimiz
Kinorejissor və aktyor Əbdül Mahmudovla hər dəfə görüşüb nə barədəsə söhbət edəndə qeyri-ixtiyari olaraq söhbətimiz görkəmli sənətkar Adil İsgəndərovun üstünə gəlib çıxır. Bu dəfə də belə oldu. O, İraq səfərindən söz saldı və dedi:
- Kərbəlada müqəddəs yerləri ziyarət edəndə valideynlərimlə bərabər Adil müəllimə də dönə-dönə rəhmət oxumuşam.
Mən A.İsgəndərov barəsində xatirə yazdığımı ona söylədim. Çox sevindi, “bilirsən nə qədər savab iş görürsən?” - dedi.
Ə.Mahmudov kinostudiyada A.İsgəndərovla
bir yerdə işləyəndə onların arasında
ata-oğul münasibətləri mövcud idi. Bunu onun yadına salanda dedi:
- Bunun bir neçə səbəbi var. Birincisi, mən
onun xətrini çox istəyirdim, lap çox. O, özü
də bunu yaxşı bilirdi. Mənim səmimiyyətimə
inanırdı. Ailəmizi də yaxşı
tanıyırdı. Hətta bir dəfə söhbət əsnasında
gözlənilmədən mənə demişdi: «Qadam, mən
elə bilirdim ki, sən raykom oğlusan. Sən demə, atan
çoxdan rəhmətə gedibmiş..». Atam II Dünya
müharibəsində aldığı yaralardan cavan ikən vəfat
etmişdi. İkincisi, məni ona bağlayan A.İsgəndərovun
görkəmli rejissor və aktyor olması idi. İllər
keçdikcə bizim bu sənət münasibətimiz,
ustad-şagird münasibəti səmimi ata-oğul münasibətinə
keçdi. Məhəmməd peyğəmbərin belə bir
kəlamı var: “Allahın nəzərində ən
yaxşı əməl odur ki, az da olsa, daimi və
ardıcıl olsun”. Böyük sənətkar, böyük
insan Adil İsgəndərov bütün ömrü boyu əməlində,
işində, hərəkətində düz olub, əyriliklə
işi olmayıb. Biz onu belə görmüşük, belə
tanımışıq...
Mən Əbdülün Adil müəllimlə mənim
yanımda olmuş bir söhbətini yada saldım. O,
gülümsündü və dedi:
- O vaxt mən Moskvada ikiillik rejissorluq kursunu bitirib diplom
müdafiəsinə hazırlaşırdım. Kurs rəhbərliyinin
təsdiq etdiyi mövzuda film çəkməli idim. Bu məsələni
həll etmək üçün Adil müəllimin yanına
gəldim. Sonrakı söhbətimizi sən məndən də
yaxşı xatırlayırsan. Çünki mən o söhbət
vaxtı bərk həyəcan keçirirdim.
Müsahibim haqlı idi. O vaxt belə qayda vardı.
Müxtəlif respublikalardan gəlmiş tələbələr
Moskvada təhsil alırdılar. Amma diplom işlərini hərə
öz respublikasında çəkməli idi. Düzdür,
digər respublikalardan fərqli olaraq bizim kinostudiyamızda bu,
müşkül məsələ deyildi. Cavanlar
üçün yaşıl işıq
yandırılmışdı. Çünki “Azərbaycanfilm”
kinostudiyasına Adil İsgəndərov kimi bacarıqlı təşkilatçı
rəhbərlik edirdi. Bununla belə, tələbə
üçün diplom müdafiə etmək və ya diplom
filmi çəkmək çox böyük məsuliyyət tələb
edən bir iş idi. Kinostudiyaya Adil İsgəndərovun
yanına getdik, hal-əhvaldan sonra Əbdül təhsili,
diplom işi barədə Adil müəllimə məlumat
verdi və sözünün axırında gətirdiyi
mövzunu ona təqdim edib dedi: “Bizə tapşırdılar
ki, hər kəs filmi öz studiyasında çəkməlidir”.
Ortalığa dərin sükut çökdü. Əbdül
də, mən də gözümüzü Adil müəllimə
dikib onun nə cavab verəcəyini gözləyirdik. Birdən
direktorun üzünə qeyri-adi təbəssüm qondu. O,
gözlərini qıyıb, özünəməxsus yumorla
dedi:
- Qada, gedirsən, gəzirsən, dolanırsan,
yaxşı-yaxşı kostyumlar alırsan, geyinirsən, onda
Adil müəllim heç yada düşmür. İşin
düşəndə Adil müəllimin yanına gəlirsən.
Bu necə olan işdir?
Adil müəllimin bu zarafatına hamımız
gülüşdük. Əslində o, Əbdülü bir qədər
narahat görüb zarafatı ortaya atmaqla onu
nigarançılıqdan qurtardı. Sonra Əbdülə dəyərli
məsləhətlər verdi, ona uğurlar dilədi.
O, bizə mərdlikdən
də dərs deyirdi
O tələbə xoşbəxtdir ki, sənət əxlaqının,
sənət mənbəyinin başlanğıcını və
ilhamını Adil müəllimdən alıb. Bu kişi tələbələri
üçün hər şey idi: ailə həyatlarından
tutmuş sənət talelərinə kimi.
Sənədli filmlər rejissoru, “Azərbaycanfilm”
kinostudiyasının direktoru Xamis Muradov Adil müəllimin tələbəsi
olub. Bir gün kinostudiyada Xamis müəllimin iş
otağında oturub onunla Adil İsgəndərov barədə
söhbət edirdik. O, böyük sənətkarın divara
vurulmuş portretinə diqqətlə baxdığımı
görüb dedi:
- Adil müəllimin portretinə baxanda özümdə
bir inam hiss edirəm. Çünki o, mənim
üçün adi bir müəllim deyil, doğma və əziz
adam olub, mənə sənət öyrədib, əlimi
çörəyə çatdırıb. Mən bunu
heç vaxt unutmaram. Qətran Təbrizinin belə bir
sözü var: “ Müəllim öyrədə bilməyənləri
həyat özü öyrədəcək”. İş
burasındadır ki, Adil İsgəndərov bir pedaqoq kimi, bir
insan kimi öz tələbələrinə həyatı
öyrədib, tələbələrinin sonrakı taleyi ilə
həmişə maraqlanıb, yeri gələndə kömək
edib.
O, bizə həm sənətdən, həm də həyatdan,
kişilikdən, qeyrətdən, mərdlikdən dərs
deyirdi. Həyatı dərk eləmək, elə sənəti
dərk eləməkdir. Mən İncəsənət
Universitetinin kino və dram aktyoru fakültəsini bitirmişəm.
Universitetdən sonra da Adil müəllimlə tez-tez
görüşür, ondan məsləhətlər
alırdım...
Mənim yadıma Xamis Muradovun həyatında
dönüş nöqtəsi olan bir hadisə
düşür. 1968-ci il idi. Bakıda onun işləri
alınmadığından burada qalmaq istəmirdi. Qəti qərara
gəlmişdi ki, həmişəlik rayona qayıtsın. Məsləhət
üçün yox, vidalaşmaq üçün Adil müəllimin
yanına gəlir. Fikrini ona bildirir. Direktor onu axıra qədər
dinləyib soruşur:
- Qadam, sözünü qurtardın?
Sonra yerindən qalxıb aram-aram keçmiş tələbəsinə
yaxınlaşır, əlini çiyninə qoyub deyir:
- Elə deyək ki, getdin rayona, uzaqbaşı oldun mədəniyyət
evinin direktoru. Bəs sonra? Yox, yox. Sən kinoda işləməlisən.
Mən səni göndərəcəyəm Moskvaya, ikiillik ali
rejissorluq kursuna. Gedib oxuyarsan, sənədli filmlər rejissoru
olarsan...
Adil müəllim sözübütöv adam idi.
Sözünün üstündə durdu, Xamisi Moskvaya
oxumağa göndərdi. Hətta qəbul zamanı ortaya əngəl
çıxanda yenə də Adil müəllim tələbəsinin
köməyinə çatdı. Həmin hadisəni Hacı
Xamis belə xatırlayır: “Sənədlərin qəbulu
vaxtı mənə dedilər ki, əgər kinostudiya təhsil
haqqını ödəməyi öhdəsinə
götürməyə razılıq verərsə, onda sənədlərimi
qəbul edəcəklər. Adil müəllimə zəng
vurub kursun rəhbərliyinin şərtini ona bildirdim.
Cavabı qısa oldu: “Qadam, səni oxumağa göndərmişəm.
Deməli, sən oxumalısan, vəssalam. Oradakıları
yaxşı-yaxşı başa sal ki, biz təcili məktub
göndərərik. Sən işində ol”.
Adil İsgəndərovun məsləhəti, köməkliyi
və səyi ilə mən təhsil alıb, sənədli
filmlər rejissoru kimi doğma kinostudiyaya qayıtdım. O
vaxtdan da burada işləyir, filmlər çəkirəm. Bir
gün də olsun Adil müəllimi unutmuram. Bu gün Adil
müəllimin aramızda olmaması sənət aləmində
bir boşluq yaradıb; teatrda, kinoda, təhsildə. Adil müəllim
barəsində sənədli film çəkəndə
kinolentin adı öz-özünə yarandı: “Boşluq”. Hətta
Bakıda görkəmli sənətkarın Bülbül və
Xəqani küçələrinin kəsişdiyi yerdə
yaşadığı evin divarında uzun illər xatirə
lövhəsinin olmaması burada da Adil müəllimlə
bağlı bir boşluğun olduğunu hiss elətdirirdi. Nəhayət,
filmimiz ekranlara çıxdıqdan sonra bu boşluq aradan
götürüldü.
İndi hər dəfə yolum həmin binanın
qarşısından düşəndə Adil müəllimin
xatirə lövhəsi qarşısında durub gözəl sənətkarımıza,
əziz müəllimimə “Allah sənə rəhmət eləsin”
deyirəm. Hər dəfə də onun barelyefinə baxanda
ölməz Şəhriyarımızın qələmə
aldığı misralar yadıma düşür:
Kaş geri dolana zamanın çərxi,
Sən yenə müəllim, ustad olasan.
Biz də o məktəbli, dəcəl balalar,
Onda biz qoymazdıq sən qocalasan.
Qərar ədalətli
idi
Adil İsgəndərov
İncəsənət İnstitutunda dərs deyirdi. Görkəmli
pedaqoq kimi tanınmışdı. Tələbələri məhz
onun sinfində oxumaları ilə fəxr edirdilər. O,
bacarıqlı istehsalat təşkilatçısı idi.
Kinostudiyada elə bir qayda-qanun yaratmışdı ki, hər
bir işçi öz işilə məşğul olurdu.
Bütün kollektiv kino istehsalını lazımi səviyyəyə
qaldırmaq üçün var qüvvə ilə
çalışırdı.
A.İsgəndərov professional kinoaktyor idi. Onun çəkildiyi
film ekranlara buraxılanda tamaşaçılar Adil İsgəndərova
baxmağa gedirdilər. Bir dəfə yazıçı,
kinodramaturq, kinorejissor Həsən Seyidbəyli
“Axırıncı aşırım” bədii filmi ilə
bağlı mənə maraqlı bir əhvalat
danışdı. 1972-ci ildə Ümumittifaq kinofestivalı
Tbilisi şəhərində keçirilirdi. Həmin
kinofestivalda Azərbaycan kinosunu “Axırıncı
aşırım” bədii filmi təmsil edirdi. Film festivalda
böyük müvəffəqiyyət qazandı. İstər
tamaşaçılar, istərsə də festivalın
münsiflər heyəti tərəfindən maraqla
qarşılandı. Filmdə baş rolların
ifaçıları Adil İsgəndərov və Həsən
Məmmədov Kərbəlayının və Abasqulu bəyin
surətlərini o qədər təbii və
inandırıcı yaratmışdılar ki, münsiflər
heyətinin üzvləri ən yaxşı kişi roluna
görə mükafatı bu iki aktyordan hansına verəcəklərini
müəyyənləşdirə bilmirdilər. Ona görə
də onlar üç təklif irəli
sürmüşdülər: bəziləri deyirdilər ki, ən
yaxşı kişi roluna görə mükafat Adil İsgəndərova
verilməlidir. Digərləri isə mükafatın Həsən
Məmmədova verilməsini təkid edirdilər.
Üçüncü təklif isə belə idi ki, ən
yaxşı kişi roluna görə mükafat hər iki
aktyor arasında bərabər
bölüşdürülsün.
H.Seyidbəyli münsiflər heyətinin üzvü kimi
üçüncü təklifin tərəfdarı idi. Məhz
onun təkidi ilə münsiflər heyəti çox ədalətli
qərar qəbul etdi: festivalın mükafatı hər iki
istedadlı sənətkar arasında bərabər
bölüşdürüldü.
İstər kinoda, istərsə də teatrda az aktyor
tapılar ki, ekranda və ya səhnədə görünəndə
elə həmin anda tamaşaçını özünə
cəlb edə bilsin. Adil İsgəndərov
tamaşaçını daim öz cazibəsində saxlaya bilən
sənətkar idi. Onun sənətkarlığı
şöhrətin zirvəsindən görünürdü.
Ötən illər bir daha təsdiq edir ki, İsgəndərov
şəxsiyyəti, böyük sənəti Azərbaycan mədəniyyəti
və incəsənətində əlçatmaz zirvədir.
Adil müəllim böyük sənətkar idi,
böyük şəxsiyyət idi, mərd insan idi.
Sağlığında hər dəfə onunla
görüşəndə yadıma dahi şairimiz M.Ə.Sabirin
şeirindən bir misra düşürdü:
Bənzərəm bir
qocaman dağa ki, dəryada durar...
Günlərin bir günü dərya təlatümə
gəldi, coşub daşdı. Qocaman dağ yerindən
oynadı, bu böyük insan gözlərini əbədi
yumdu. Gözlərini yumdu ki, əbədi yaşasın: qohum-əqrəbanın,
dost-tanışın, həmkarlarının, tələbələrinin,
saysız-hesabsız pərəstişkarlarının xatirəsində,
sənətində, ekranda yaratdığı qəhrəmanlarının
simasında, teatr və kino tarixində...
Aydın Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2010.- 4 iyun.- S. 10.