Şəbəkə
- incə sənət
Şəki Azərbaycanın ən maraqlı və bənzərsiz rayonlarından
biridir. Qədim Şəki ticarət
yolları qovşağında
yerləşdiyindən burada
ticarət mərkəzi
və ipəkçiliklə
yanaşı, sənətkarlığın
da yaxşı inkişaf etdiyi bir yerdir. Şəki
şəhərinin 2010-cu il
«Sənətkarlar paytaxtı»
elan olunması bu elin sənətkarlarını
daha da ruhlandırıb.
Bu qərarın bir məqsədi də odur ki,
qədim sənətkarlıq
nümunələrilə tanınan
Şəkiyə turistlərin
marağı daha da artsın.
Qədim sənət növlərini yaşadan Şəki ustaları daim yenilik axtarışındadırlar. Həmin sənət növləri arasında şəbəkə xüsusilə qiymətlidir. XVIII əsrdə inşa edilmiş Şəki Xan sarayının pəncərələrindəki zərif şəbəkə bu sənətin ən gözəl nümunəsidir. Sarayda oynaq, əlvan çalarlara malik gözəl şəbəkə kompozisiyaları iki əsr öncə olan görünüşünü saxlamaqla bu gün də öz parlaqlığı ilə buraya gələn çoxsaylı turistlərin marağına səbəb olur.
Günəş ətrafında planetlərin
paradı
Şəbəkə sənəti memarlıqla sıx bağlı olduğundan, əsasən monumental xarakter daşıyır. Şəbəkə eyni zamanda dekorativ-tətbiqi sənətlərin xüsusi vərdiş, təcrübə və texnologiya tələb edən çətin sahələrindən biridir. İncə zövq tələb edən bu sənət günümüzə qədər gəlib çatıb. Şəbəkənin özəlliyi ondan ibarətdir ki, fiqurlarda yapışqan və mismardan istifadə olunmur. Taxtadan hazırlanan və rəngli şüşə ilə bəzədilən bu cür çərçivələr qapı və pəncərə yerinə istifadə edilir. Adətən şəbəkə ustaları ənənəvi təbiət ornamentlərinə üstünlük verirlər.
Şəbəkə ustası Soltan İsmayılov da ilk dəfə qeyri-adi ornamentlər üzərində çalışıb. Onunla Şəkinin Sənətkarlar Evindəki emalatxanasında görüşdük. 32 ildir şəbəkə sənətilə məşğul olan usta Soltan deyir ki, 1978-ci ildə Şəkinin şəbəkə ustalarının yanında kurslar təşkil olunub: “Məqsəd şəbəkə sənətinin davamçılarını yetişdirmək idi. Məşhur usta Əşrəfin yanında 10 aylıq kurslarda bu sənətin sirlərini öyrənməyə başladım. Bizə hər ay 70 manat təqaüd də verilirdi. Elə o gündən bu sənətlə yaşayır və dolanıram. Tamamladığım son işlərdən biri mərkəzdə günəş, ətrafında planetlərin paradı olan bir işdir. Eskizini köhnə bir kitabda görmüşdüm. “Kainat” adlandırdığım bu işin üzərində altı ay çalışmışam”.
Məlumdur ki, hər bir sənətin yaşaması sifarişçilərdən asılıdır. Bu gün evlərdə, restoranlarda və tarixi abidələrdə şəbəkə ornamentlərinə rast gəlirik. Şəkinin «Sənətkarlar paytaxtı» elan edilməsi şəbəkə sənətinin inkişafına da əlavə töhfədir. Usta Soltan onlar üçün yaradılan iş şəraitinə görə öz minnətdarlığını bildirdi: “Nə qədər ki işləyib-yaratmaq qabiliyyətimi itirməmişəm, xalqımız üçün dəyərli layihələrdə iştirak etməyə hazıram. Rəngli şüşələri əldə etmək indi çətindir. İstifadə etdiyim şüşələr sovet dövründən qalıb. Taxtalar isə yerli materiallardır. Şəkidə XVIII əsrdə - xanlıq dövründə bu sənət geniş vüsət alıb. Şəki Xan Sarayından başqa bəzi əyanların evlərində də bu sənətdən istifadə olunurdu.”
Usta Soltanın 3 barmağı
bu sənətin qurbanı olub. Elektrik rəndəsində barmaqlarını
itirən usta yenə də şəbəkə sənətindən
ayrılmayıb. Bildirir
ki, ilk dəfə barmağını itirəndə
həyəcan və qorxu keçirib: “Sifarişli iş götürmüşdüm və
sahibinə çatdırmaq
lazım idi. Mən özümü toplayıb
yenə işimə döndüm. Sonra o biri
barmaqlarımı itirəndə
mənə adi gəldi. Sanki bunu işimin bir hissəsi kimi qəbul etdim”.
Bir millimetr səhv işi korlamaq deməkdir
Nəzərinizə çatdıraq ki,
şəbəkə sənətində
həndəsi fiqurlar birbaşa rol oynayır. Çünki bunlar müxtəlif
bucaqlar altında həyata keçirilir.
Cəbrdən zəif
olmasına baxmayaraq, həndəsəni yaxşı
bilən usta Soltan bütün şəbəkə növlərindən
baş çıxarır
və çətin peşəsindən zövq
alır: «Şəbəkə
hörmək üçün
peşəkarlıq azdır.
Bunun üçün həndəsəni,
riyaziyyatı və rəsmxəti də bilmək lazımdır.
Çünki işləyərkən bir millimetr səhv
etmək bütün işi korlamaq deməkdir. Şəbəkədə
ən çox vaxt alan
isə şüşə
işləmələrdir».
Usta qeyd edir ki, son vaxtlar Azərbaycanda nəinki abidələrin bərpasında,
hətta yeni tikililərdə də şəbəkədən çox
istifadə olunur: «Otellər, abidələr üçün sifarişlər
qəbul edirik. Şəkiyə xarici turistlər
çox gəlir.
Onlar şəbəkəyə həddindən
artıq maraq göstərirlər».
Ustanın düzəltdiyi şəbəkələr
arasında lampa, rəhlə (üstünə
kitab qoyub oxumaq üçün açılıb-yığılan qurğu) çoxluq təşkil edir. Azərbaycanda usta Soltanın işlərinə
çox yerdə rast gəlmək olar. Bakıda Təzəbəy hamamındakı şəbəkə
işləri də onun əl işləridir.
O, şəbəkə sənətini
yeni ornamentlərlə
zənginləşdirən ustadır.
Söhbət zamanı Şəkidə
şəbəkə sənətinə
maraq barədə soruşuram. Sənətkar
təəssüflə şəbəkə
sənətinə maraq
göstərənlərin az olduğunu dilə gətirdi: «Şəkidə şəbəkə
sənəti dərnəyi
olsa da, gələnlər çox
deyil. Ata-baba
sənətini davam etdirmək, onu ölməyə qoymamaq bizim borcumuzdur».
Qeyd edək ki,
son illər Mədəniyyət
və Turizm Nazirliyinin bu sahədə gördüyü
işlər nəticəsində
şəbəkə ustalarımızın
əl işləri həm respublikamızda, həm də xaricdə yaxşı tanınır. Gözəl şəbəkə
kompozisiyalarına baxan
əcnəbilər Azərbaycan
dekorativ sənətinin
zərifliyinə, eyni
zamanda, monumentallığına
məftun olurlar.
İntiqam
Hacılı
Mədəniyyət.-
2010.- 4 iyun.- S. 8.