Gənc
vokalçının uğurları
Azərbaycanda musiqi ifaçılığının
digər növləri kimi vokal sənəti də
böyük bir tarixi yol keçib. Bu sənətin
Şövkət Məmmədova, Bülbül kimi peşəkarları
olub ki, zaman keçdikcə onların ardıcılları
yetişib. Sevindirici haldır ki, bu məktəbi təmsil edən
gənc vokalçılar yetişir və onlar da öz sələflərinin
yolunu layiqincə davam etdirirlər. Belə ki, öz ifa
üslubları ilə həm milli koloriti qoruya bilir, həm də
klassik vokal üslublarını çox düzgün mənimsəyirlər.
Odur ki, Azərbaycan vokalçıları dünyanın
hansı ölkəsində çıxış etsələr,
vətənə uğurla qayıdırlar. Haqqında söhbət
açacağımız Fərid Əliyev də məhz belə
istedadlı ifaçılardandır.
Gənc olmasına baxmayaraq Fəridin maraqlı sənət yolu var. O, erkən yaşlarından incəsənətin musiqi deyil, rəssamlıq sahəsinə yönəlib. Bu da səbəbsiz olmayıb. Fərid Əliyevin babası Azərbaycanın çox məşhur rəssamı Baba Əliyev olub.
Fərid də babası ilə olan çağlarını çox yaxşı xatırlayır: “Onun mənim sənət taleyimdə mühüm rolu olub. Mən incəsənət mühitində böyümüşəm. Babamın tövsiyələri ilə Ə.Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil oldum. Oranı bitirdikdən sonra isə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq şöbəsində təhsilimi davam etdirdim. Düzdür, babam mənim rəsmlərimi bəyənirdi. Amma deyirdi ki, Fərid, nədənsə mən səni musiqiçi görmək istəyirəm. Bəlkə nə vaxtsa bu belə olacaq”.
Fərid peşəkar rəssam kimi yetişdi, amma sonda musiqiçi oldu. Onun dediklərindən:
“İnstitutu bitirdikdən sonra Azərbaycan
Opera və Balet Teatrında rəssam kimi fəaliyyətə
başladım. Opera
artistləri məşq edərkən sanki mən də onlarla
bir oxuyurdum. Yavaş-yavaş öz zümzümələrimlə
bir neçə sənətkarın diqqətini cəlb etdim.
Onlar mənə həm istiqamət verdilər, həm də məni
bu sənətə həvəsləndirdilər. Beləliklə,
1998-ci il Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının vokal şöbəsinə daxil oldum.
Bununla da sənət taleyimə qovuşdum”.
Doğrudan da maraqlı sənət taleyidir. Bəlkə
də Fəridi rəssam-vokalçı adlandırmaq olar.
Çünki səsində rəng var. Yəqin bu rəngləri
Fərid Əliyev daha aydın duya bilir. Fərid həm rəssamlıq,
həm də vokal sənətinin sirlərinə dərindən
bələddir. Bu yerdə onu da deməliyik ki, Fərid
Bakı Musiqi Akademiyasında Əməkdar artist, professor
Hüseyn Əliyevin vokal sinfində bakalavr və magistr üzrə
dərs alıb. Bu gün Fərid öz uğurlarına
görə həm də müəllimi Hüseyn Əliyevə
minnətdardır.
Gənc vokalçı Fərid Əliyev Bülbül
adına III Beynəlxalq müsabiqənin diplomantıdır.
2010-cu ilin mart ayında Rusiyanın məşhur tenor səsli
vokalçısı İ.S. Kozlovskinin adı ilə
bağlı “Müstəqil Dövlətlər Birliyinin tenor
ulduzları” konsertində Fərid Əliyev də
çıxış edib. Moskvanın «Alimlər evi»ndə
keçirilən bu konsertdə dünyanın müxtəlif
ölkələrindən gələn vokalçılar
arasında Fəridin də ifası yüksək qiymətləndirilir.
Gənc vokalçı bundan savayı bir neçə
müsabiqə və festivallarda da iştirak edib. Amma son
uğuru daha müvəffəqiyyətlidir və
inanırıq ki, onu zirvələrə doğru aparır. Belə
ki, Fərid Əliyev bu yaxınlarda Yekaterinburq şəhərində
keçirilən Kuroşkin adına Beynəlxalq Operetta və
Müzikl Müsabiqəsinin laureantı olaraq, I yerə layiq
görülüb. Müsabiqədə Fərid Qərb və
rus bəstəkarlarının əsərlərini və
Üzeyir bəyin “Arşın mal alan” operettasından Əsgərin
ariyasını ifa edib.
Özü bu barədə belə deyir:
“Mən Əsgərin ariyasını ifa edəndə
münsiflər heyəti və bütün
tamaşaçılar məni alqışlarla
qarşıladılar. Mənə belə gəlir ki, elə
böyük bir müsabiqədə I yer tutmağım məhz
Üzeyir bəyin musiqisinə görədir. Odur ki, bu dahi sənətkarın
ruhu qarşısında baş əyir və musiqi sənətinə
uğurlar bəxş etmək üçün yorulmadan
çalışmağı özümə borc sayır, bunu
həmkarlarıma da arzulayıram”.
Onu da qeyd edək ki, hələ Fəridi qarşıda
çox imtahanlar gözləyir. Əminik ki, o, bu imtahanlardan
uğurla çıxacaq. Mayın 29-da Beynəlxalq Muğam Mərkəzində
keçirilən konsertdə də Fərid uğurlu
çıxış etdi. Əlbəttə, hər bir sənətkarın,
ifaçının uğuru yalnız onun deyil, ümumən mədəniyyətimizin
uğurudur.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyət.-
2010.- 4 iyun.- S. 6.